Səfa MURADOV / BİR HƏDİS

Çap

09.09.14 12:33 ərzində olan dəyişikliklər Yazan redaktor 08.09.14 07:48

Share

عَنْ عَائِشة قَالَتْ : قَالَ النَّبِيُّ صَلّى الله عَلَيه وَ سَلَّم : «مَنْ ظَلَمَ قِيدَ شِبْرٍ مِنَ الأَرْضِ طُوِّقَهُ مِنْ سَبْعِ أَرَضِينَ»

    Bir gün Əbu Sələmə Hz. Aişənin (r.a) yanına gələrək bir qəbilə ilə torpaq ərazisi üstündə mübahisənin olduğundan şikayət edir. Hz. Aişə (r.a) Əbu Sələmənin şikayətinə qulaq asdıqdan sonra ona: “Ey Əbu Sələmə! Sən o torpaq ərazinə görə ehtiyatlı ol”- deyərək Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir:

    “Kim bir qarış belə olsa (başqasının ərazisini) qəsb edərsə, o ərazi (axirət günü) yeddi qat artığıyla onun boynuna dolanar. (Buxari, Məzalim, 14; Müslim, Musaqat, 30.) Başqasının ərazisini işğal edib malını, mülkünü qəsb etmək ən ağır zülmlərdəndir. Hər zülmün cəzası olduğu kimi, bunun da qiyamət günü cəzası ağır və şiddətlidir. Bu hədisi-şərifdə Rəsulullah (s.ə.s) axirətdəki cəzaları xatırladaraq insanlar arasında tez-tez baş verən ərazi işğalları və bunun nəticəsində ortaya çıxan bir çox pisliklərin, zülmlərin, haqsızlıqların, qan tökülmələrin, qırğınların qarşısını almağı hədəfləmişdir.

    Hədisdə keçən “bir qarış yer” ifadəsi məcazi olaraq işlənmişdir. Bu ifadədən belə çıxır ki, bir qarış ərazini qəsb etməyin cəzası bu qədər ağırdırsa, deməli, böyük torpaq işğallarının cəzası daha da böyükdür. Hədisin "axirət günündə qəsb olunan ərazinin yeddi qat artığıyla qəsbçinin qarşısına çıxacağı və boynuna dolanaraq ona cənnətə girməyə mane olacağı" qismi haqsız yerə torpaq işğallarının nə qədər ağır bir günah olduğunu göstərməkdədir. Bu baxımdan istər bir-biri ilə bitişik əraziyə sahib olan qonşular, istərsə də bir-biri ilə sərhəd olan dövlətlər qarşılıqlı olaraq bu həssasiyyəti qorumalıdırlar. Əks təqdirdə hədisin vəd etdiyi cəza qaçınılmazdır.

    Din, mal, can və ailə insanın şərəf və ləyaqətini təmsil edir. Bu sadalananların təcavüzçülərdən qorunması və himayə olunması insanın əsas vəzifələri arasında yer alır. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində: “Bir kimsə canını, dinini, namusunu və malını müdafiə edərkən öldürülsə, şəhiddir,”- deyə buyurmuşdur (Tirmizi, Diyat, 22). Bu baxımdan düşmənlərin vətən torpaqlarını istila etmələrinə mane olaraq onlara qarşı savaşıb və bu yolda candan keçmək həm dünya, həm də axirət nöqteyi-nəzərindən ən şərəfli əməldir. Çünki insanın ərazisini işğal edənlərə qarşı özünü müdafiə haqqı vardır.

    Nəticə etibarilə, fərd olaraq hər bir insanın, dövlət olaraq hər bir dövlətin sahib olduğu ərazilərini qoruması ən önəmli vəzifələrdən sayılmaqdadır. Eyni zamanda, başqalarının malına göz dikməmək, ərazilərini haqsız yerə işğal etməmək də diqqət olunması lazım  olan məsələlərdəndir. Bu gün dünyada cərəyan edən hadisələrin əsas səbəblərindən biri də, şübhəsiz, bu həssasiyətin ortadan qalxmasıdır.

Tecox component by www.teglo.info