Müsibət və imtahanlar qarşısında

Müsibət və imtahanlar qarşısında

Möhtərəm möminlər!

Bugünkü xütbəmiz fəlakət və fərqli müsibətlər, imtahanlar qarşısında bir müsəlmanın davranışı və münasibəti necə olmalıdır, bu barədə olacaq.

Əziz Peyğəmbərimiz (s.ə.s) bir gün övladının qəbri başında ağlayıb fəryad edən bir qadına rast gəlmişdi. Ağrılı anaya: “Allaha üsyan etmə və səbirli ol!” - buyuraraq nəsihət etdi. Kədərindən Allah Rəsulunu tanıya bilməyən qadın: “Mənə qarışma! Mənim başıma gələn sənin başına gəlməyib!” - dedi. Daha sonra ona nəsihət verənin Allah Rəsulu olduğunu anlayınca, Peyğəmbərimizin hüzuruna gələrək üzr istədi. Bunun üzərinə Rəsulullah (s.ə.s) hər kəsə aid olan bu tövsiyəni etdi: “Həqiqi səbir müsibətin gəldiyi ilk anda göstərilən səbirdir”. (Buxari, Cənaiz, 31)

Dəyərli müsəlmanlar!

Həyatın gedişatı içərisində hər birimizin yaşadığı çətinliklər, əziyyət və kədərlər, maddi və mənəvi sıxıntılar ola bilər. Xütbənin başında ərəbcəsini oxuduğumuz Bəqərə surəsinin 155-ci ayəsində uca Rəbbimiz buyurur: “Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can (övlad) və məhsuldan əskiltməklə (qıtlıqla) sınayarıq. (Ya Rəsulum! Belə imtahanlara) səbir edənlərə müjdə ver!”

Əlbəttə, heç birimiz çətinliklərlə qarşılaşmağı arzu etmərik. Ancaq möminlər olaraq bilirik ki, həyatın gözəl anları olduğu qədər, çətin zamanları da dünya imtahanımızın bir parçasıdır. Allah-Təala insanı bəzən əlindəkiləri alaraq, bəzən də daha çox nemət verərək imtahan edər. Buna görə müsibət qarşısında üsyan etmək yerinə səbirli və mətanətli olmağa səy göstərməliyik. Sağlam fikirlə, ağlı-səlim ilə hərəkət etməliyik. Çətinliyi aşmaq üçün üzərimizə düşən məsuliyyəti yerinə yetirməliyik. Hər müsibətdən dünyamıza və axirətimizə aid dərslər çıxarmalıyıq. Və bənzər sıxıntılara məruz qalmamaq üçün xəta və ehmalkarlığımızı gözdən keçirərək Rəbbimizə təvəkkül etməliyik.

Qardaşlar!

Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində buyurur: "Möminin halı nə xoşdur! Hər halı onun üçün xeyirlidir. Və bu vəziyyət yalnız möminə xasdır. Başına gözəl bir iş gəldiyində şükür edər, bu onun üçün xeyir olar; başına bir çətinlik/sıxıntı gəldiyində səbir edər, bu da onun üçün xeyir olar”. (Müslim, Zöhd, 64)

Ona görə, yaxşı gündə olduğu qədər pis/çətin gündə də həyata sarılmaq və Rəbbimizlə aramızdakı bağdan güc almaq imanın gözəlliyindəndir. Mömin əlindən və dilindən mərhəmət yayılan, ətrafına güvən və hüzur verən kimsədir.

Dəyərli din qardaşlarım!

Həftə əvvəlində qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi dərindən sarsdı. Qardaşlarımızın bu çətin imtahanını və bu qədər can itkisini bizlər də qardaşları olaraq ürək ağrısı ilə qarşılayır, izləyirik. “Ağrınız bizim də ağrımız, dərd-kədəriniz bizim də kədərimizdir”, - deyirik.

Yaşadığımız çətinliklər qarşısındakı mətanətli davranışımızın Allah qatında nə qədər asanlığın müjdəçisi olacağını unutmayaq. Biz bu dünyaya inanmaq və yaxşı işlər görmək üçün gəldik. Peyğəmbərimizin (s.ə.s) ümid və təsəlli verən bu hədisini unutmayaq: “Bədəninə batan bir tikan belə olsa, başına gələn hər cür müsibət müsəlmanın günahlarının bağışlanmasına səbəb olar”. (Buxari, Mərda, 16)

Rəbbimizin yardımından və rəhmətindən əsla ümid kəsməyək.

Əziz qardaşlar! Zəlzələnin səbəb  olduğu böyük dağıntılar qardaşlarımızın fəlakətinə çevrildi. Vəfalı millətimiz bu çətin günlərdə can qardaşını tək qoymadı. Bütün xalqımız böyükdən kiçiyə “Dəmir yumruq” kimi birləşərək qardaşına dəstək olmaq üçün bütün imkanlarını səfərbər etdi.

Betonlar altından çıxarılan hər körpə, hər canlı milyonlarla insana sevinc bəxş edir. Uca Rəbbimiz belə buyurur: “Kim bir canı xilas edərsə, bütün insanları xilas etmiş kimi olar”. (əl-Maidə, 32)

Bəli, Qardaş Türkiyədə on minlərlə insan günlərdir qurtarıcı əl gözləyir. Yardıma və duaya möhtacdır. Qaranlıq dəhlizlərdə, tonlarla ağır yükün altında imdad deyir. Soyuq, dondurucu havada, ac, yaralı vəziyyətdə mücadilə edir. İnanırıq ki, qardaş ölkəmiz yaralarını ən qısa zamanda sarıyacaq, özünü ən qısa zamanda toparlayacaqdır, inşallah. Uca Rəbbimiz İnşirah surəsində buyurur: “Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır!”

Əziz möminlər! Duaların qəbul edildiyi bu mübarək günlərdə qardaşlarımızdan dualarımızı əsirgəməyək.

Ey mülkün yeganə sahibi Allahım! Biz aciz qullarınıq. Sənə sığınaraq halımızı sənə ərz edirik. Bizi dərgahından boş çevirmə Allahım! Mərhəmətini, lütfünü, kərəmini bizdən və dəhşətli zəlzələdə həyatını itirən bacı-qardaşlarımızdan, yaralılarımızdan, dağıntılar altında qurtarılmağı gözləyən o çarəsiz insanlardan əsirgəmə Allahım! Dağıntılar altında qalan qardaşlarımızın sağ-salamat qurtulmalarını nəsib eylə Allahım! Yaralı qardaşlarımıza Şafi isminlə şəfa ver Allahım! Dağıntılar altında qalan qardaşlarımızı qurtarmaq üçün canla-başla, gecə-gündüz o soyuqda çalışanlara da güc-qüvvət və asanlıq ver Allahım!

Ya Rəbbi! Ölkəmizi, millətimizi, Qardaş Türkiyəmizi, bütün İslam dünyasını və dünyamızı hər cür fəlakətlərdən, qəza və bəlalardan mühafizə eylə! Bizi qorxduqlarımızdan əmin, umduqlarımıza nail eylə!

Amin!..

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz