Bülbül, Şəlalə və İrfan 200
“İrfan” jurnalının 200-cü sayı işıq üzü gördü. Birdən iki yüzə qədər saymaq belə xeyli vaxt alır. 200 ayda 200 jurnal nəşr etmək asan işdir ki?!
200 jurnal üçün yazıların yığılması, dizaynı, nəşri və oxunması “200-ə qədər saymaqdan” daha qısa müddətdə gerçəkləşdi, bundan əminəm. Üç günlük dünyaya bir ömür necə sığar?
Dostoyevski “Hamımız Qoqolun paltosundan çıxdıq” deyir. L.Tolstoy, İ.Turgenev, M.Qorki, A.Çexov və daha neçə-neçə yazıçı Qoqolun paltosundan çıxmışdır. Görəsən, “İrfan” jurnalı hansı paltodan çıxıb? Ağlıma “Altınoluk” gəlir. “Altınoluk” jurnalının övladları beş qitəyə yayıldı. Alma-Atada “Rəhmət Samalı”, Bişkekdə “Bərəkə” və “Akbaşat”, Moskvada “Zolotoy Rodnik”, Bakıda da “İrfan” və “Bizim ailə”... “Hər ana başqa bir anadan dünyaya gəlir”. Ananın anası deyə geriyə doğru getsək, gedib Adəm babamıza çıxarıq. İçki isə pisliklərin anasıdır. Hər dövrün içkisi adı ilə, təqdim olunma şəkli ilə fərqlidir. Pisliyin analarını təqib etməkdən əl çəkməliyik.
Həyata baxışımız dörd element əsasında formalaşdı. Alov, su, hava və torpaq deyə əzbərlədik. Beşincisinin taxta olduğunu Cem Yılmazdan öyrəndik. Beşinci element ya taxta, ya da metal olmalı imiş. Əslində, dörd element yerinə bir olan Allahı öyrətmək lazımdır. Dörd elementdən əvvəl iman və küfr, məhəbbət və nifrət öyrədilməlidir.
“İrfan” jurnalı 200 nömrədir ki, Allah deyir, mərhəmət və məhəbbəti car çəkir. “İrfan” jurnalının ata-ana olmaq vaxtı çatıb. İllər sonra “İrfan” jurnalı haqqında da “Bir çox jurnallar İrfanın paltosundan çıxıb” deyə yazılar, inşallah.
Suriyada dağılmış binaların arasında bir divara: “Ey torpağın altındakı sağlar! Geri qayıdın! Çünki torpağın üstündəki insanlar çoxdan öldülər!” – yazılmışdı. Seyyid Yəhya Şirvaninin, Mövlananın, Əziz Mahmud Hüdayi həzrətlərinin türbələrinin girişinə və bütün məzarlıqlara bu sözü yazmaq istəyərdim.
Küfrün, şirkin, qəflətin təbliğatını aparan qısa videolar, məlumat axışı və virtual paylaşımlar hər birimizi yordu. Hərdən zibil qutusundan uzaqlaşan adamlar kimi telefondan və kompüterdən uzaqlaşırıq. Təcavüzçüsünə/cəlladına aşiq olmaq deyə adlandırılan “Stokholm sindromu” yaşayırıq. Həyat var, nəşə var, əyləncə var dediyimiz şeylərdə ölüm var, günah var, atəş var. Qurani-Kərim “Qisasda həyat var” buyurur. (əl-Bəqərə, 179) Öldürməkdə necə bir həyat ola bilər? Əməliyyat olunmaq hər nə qədər kəsmək, parçalamaq kimi görünsə də, əslində, əməliyyatda da həyat var. “Bağlı qapı yoxdur, yanlış açar var”, - deyir, Mövlana. Yanlış açarları bizə doğru deyərək verən kimdir? Deyək ki, mən bu açarları tulladım, getdi, bəs övladlarım, tələbələrim, qonum-qonşularım, dostlarım yanlış açarı doğrudan necə ayıracaq, necə atacaq?
“İrfan” jurnalı 200 nömrədir ki, həyat verən, ölümsüz həqiqətlərə dəvət edir. Ənfal surəsinin 24-cü ayəsində: “Ey iman gətirənlər! Sizi canlandıracaq, həyat verən şeylərə çağırdığı zaman Allahın və elçisinin dəvətini qəbul edin!..” – deyə buyurulur. “İrfan” jurnalının həyat bəxş edən, can verən çağırışlarına qulaq verin. Bu jurnal bir elçidir. Fəth surəsinin 7-ci ayəsinə görə: “Allahın göylərdə və yerdə orduları var”. “İrfan” jurnalı da o haqq, həqiqət və məhəbbət ordularından biridir. Ordulara texniki dəstək hər zaman lazımdır.
Belə bir hərbi strategiya var: “Düşməninə nə qədər yaxınlaşsan, vuracağın zərbə o qədər təsirli olar”. Sevsən də, sevməsən də, bəyənsən də, bəyənməsən də, “İrfan”a yaxın ol. “İrfan” ordusu yolda qoymaz; sevər, sevindirər, mərhəmətlə yanaşar. Sezai Karakoç: “İslamı elə sağ və diri yaşa ki, səni öldürməyə gələn səndə dirilsin”, - deyir. Birinci sayından etibarən “İrfan” jurnalı əlindən tutan dosta da, düşmənə də dirilik verməyə hazırdır.
İşıq qaranlıqdan, qığılcım yandıracağı şeylərin çoxluğundan qorxmaz. İnsan çörək yeməkdən, su içməkdən əsla bezməz. “İrfan” jurnalı da 200 nömrədir hər bir nömrəsində fərqli nəğmələrlə cəh-cəh vurur. Şəlalə bir dəfə çıxartdığı səsi bir də təkrar etmədiyi üçün ona qulaq asanları bezdirmir; bülbül də belədir. Hətta bir əlin barmaqları belə bir-biri ilə eyni deyilsə, şəlalə, bülbül və “İrfan” necə eyni və ya təkrar ola bilər?
“People” jurnalı ildə 45 milyon, “National Geographic” isə 6 milyon abunəçiyə çatır. (https://dergice.com/dunya-capinda-en-cok-satan-dergiler) Haqqı-həqiqəti anladan jurnallar Nuh (ə.s) kimi 950 il yaşayaraq yayım həyatında qalsa da, bu tiraja çata bilməz.
“İnsanların çoxu” deyərək başlayan ayələr niyə o tirajlara çata bilməyəcəyimizi xəbər verir:
- İnsanların çoxu kafirdir. (ən-Nəhl, 83)
- Çoxu fasiqdir. (əl-Maidə 49, 81; ət-Tövbə, 8; əl-Hədid 16, 27)
- Çoxu müşrikdir. (ər-Rum, 42)
- Çoxu iman etməz. (əl-Bəqərə, 100)
- Çoxu inkarçıdır. (əl-İsra, 89)
- Çoxu qafildir. (Yunus, 92)
- Çoxu nankordur. (əl-Furqan, 50)
- Çoxu yalançıdır. (əş-Şuəra, 223)
“İrfan” jurnalının oxucuları və sevənləri azlıqda olanlardandır, bunda heç şübhə yoxdur. Elə isə Həzrət Ömər kimi dua etməyə davam edək: “Allahım, bizi az olanlardan et!”
ŞƏRHLƏR