AĞLIMDAN KİTAB KEÇİR

AĞLIMDAN KİTAB KEÇİR

İnsanı formalaşdıran əsas amil müxtəlif vəziyyətlərdə etdiyi seçimlərdir. Bu seçimlərin nəticələri ilə həyatın yönü dəyişə bilir. Belə ki, ətrafın təsirləri danılmazdır. Ətraf mühit, ailə, maraqlar, izlənilən film və məşğuliyyətləri insanın xarakterini, kimliyini formalaşdırır. Xüsusilə də uşaqlıq və gənclik dövründə insanı su kimi təsəvvür etmək olduqca düzgün bənzətmə olardı; burada suyun yerləşdiyi qabın formasını almasını nəzərdə tuturam. Dediyim təsirlər insanın nəinki daxilinə, hətta xaricinə də təsir edir. Məsələn, idmançılarla ünsiyyətdə olan adamın idmanla da məşğul olması olduqca yayğın müşahidədir.

Təəssüf hissi ilə deməliyəm ki, ətrafda çox nadir hallarda insana fiziki və mənəvi olaraq müsbət şeyləri təbliğ edən bir mühit olur. Əksinə, ətrafda daim mənfi hal və davranışları təbliğ edən mühit çox cəlbedici mövqedə durur. Ona görə də cəmiyyətdə mənfi hallar durmadan artır, müasirliyin, qloballaşmanın və medianın sürətlə inkişafı bunun üçün çox münbit zəmin hazırlayır. Bəs xarakteri və xalis kimliyi necə formalaşdırmaq və ya bunu qorumaq olar? Əsas məsələ də məhz bundadır.

Cəmiyyət tək-tək fərdlərdən əmələ gəlir və bu fərdlər özünü düzgün yolda tutmağı bacardığı təqdirdə cəmiyyət də sağlam və düzgün qalacaq. Beləliklə, hər kəs özünü düzgün yetişdirməklə və inkişaf etdirməklə özünə olduğu qədər ətrafına və ümumilikdə cəmiyyətə də faydalı olar. Bütün bu mənfi təsirlərdən qorunmaq üçün insana lazım olan şey düzgün və obyektiv düşünmək qabiliyyətidir. Düşünülə bilər ki, çox film izlədikdə və ya çox gəzdikdə ağıllı və yüksək dünya görüşlü olmaq olar. Düzdür, müəyyən ölçüdə bu belədir. Amma doğrusunu demək gərəkdirsə, deyərdim ki, bu halda hər bir insan gördüklərini öz xalis düşüncəsi və özünəxas baxış tərzi ilə dəyərləndirə bilməz. Təsirə açıq insan ətrafının ona verdiyi düşüncə tərzini kopyalayaraq o gözlə baxacaq. Yenə əvvəlki sualımıza qayıtsaq; bəs özünəməxsus düşüncə tərzinə necə malik olmaq olar? Və ya heç bir təsir olmadan obyektiv baxış tərzinə necə sahib olmaq olar?

Düşünmək - Kentukki Dövlət Universitetinin verdiyi izaha görə, beyində olan məlumatlar bazasındakı məlumatları mövcud məsələnin  həlli üçün müqayisə etməkdir. Beləliklə, düşünmək yoxdan bir şey əldə etmək deyil, beyindəki məlumatları sintez etməkdir. Bəs beyində olan bütün məlumatlar öz təşəbbüsümüzlə əldə etdiyimiz yox, bizə ətrafımız vasitəsilə verilənlərdirsə, onda necə? Bu halda biz öz xarakterik düşüncə və obyektiv baxış tərzinə sahib ola bilərikmi? Əlbəttə ki, yox. Böyük hərflərlə yazılmış böyük bir “YOX”. Bunu düşünmək belə qorxuludur ki, milyonlarla insan bu böyük yoxluğun içində axıb gedir. Ona görə də bizə verilənlərə deyil, öz təşəbbüsümüzlə axtarıb aldıqlarımıza diqqət yetirməliyik.

Böyük girişdən sonra bunun başlıqla olan əlaqəsini artıq izah edim. Biz yalnız kitab oxuyaraq öz istədiyimiz tərzdə məlumatları əldə edə bilərik. Beynimizə sintez üçün verəcəyimiz məhsullar özümüzün düzgün qaynaqdan aldığımız şəxsi məhsullarımız olmalıdır. “Kitab” dedikdə bu ifadə bəlkə çoxları üçün adi 5 hərflik söz olaraq görünür. Amma oturub düzgün şəkildə dəyərləndirdikdə kitabın əslində insana nələr verə biləcəyi açıq-aydın görülməkdədir. Təbii ki, bayaq qeyd etdiyim kimi, bizə verilən məlumatlarda kitab oxumaq, demək olar ki, həyatımızdan çıxarılıb. İndi bunu insanın öz gündəlik həyatına salması üçün ona əlavə dəstək lazımdır. Məqaləmin məqsədi də məhz budur.

Beyində olan məlumatlardan istifadə edərək beyin qərar verir. Beyində kitab oxumağın nə qədər faydalı və həyati dərəcədə önəmli olduğunu bildirəcək məlumatlar olduqca azdır. Elə bu məqalə də, ümid edirəm ki, buna təşviq edəcək məlumatları sizə vermiş olacaq. Ola bilər ki, bu sözləri vaxtaşırı eşidirsiniz: Kitab oxumaq lazımdır, kitab faydalıdır və s. Bunlara əməl edilməməsinin səbəbi kitab gündəmdə olmadığı üçün bu sözlərin şüuraltında ilişib qalmasıdır. Əslində bütün məlumatlar üst şüur və alt şüurda toplanır. Bir şeyin insanın davamlı həyat tərzinə çevrilməsi üçün onun üst şüurda mütəmadi gəzinməsi lazımdır. Davamlı təbliğlər, filmlər, Tv proqramları və sosial media məhz üst şüuru ələ keçirərək edilməsi istənilən şeylərin orda dolaşmasına və dolayı yolla lazımi şeylərin alt şüurda basdırılmasına zəmin yaradır. Beləliklə, bu məqalə məhz kitab oxumanın önəmini çatdırmağa və bunu üst şüurda hərəkətə keçirməyə xidmət edir.

Oxumaq dərman, anlamaq isə şəfadır. Unutmamaq lazımdır ki, dinimiz bizə beşikdən qəbrə qədər oxumağı əmr edir; kitabları, özümüzü və kainatı. Əslində, insan kitabları oxuyaraq öz şəxsiyyətini ortaya çıxarır. O ki qaldı oxumağa hardan başlayacağımıza, Qurani-Kərimlə başlamaq ən ideal seçim olardı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz