“İrfan” Abi-Həyat Qətrəsidir
İnsan oğlunun ən müqəddəs fəaliyyəti “oxumaq”dır. “Oxu” əmri inancımızın və mədəniyyətimizin ilk əmridir. Həmçinin müqəddəs kitabımızda “yazı və qələm” üzərinə and içilir. Mədəniyyətlərə məna verən, onları dəyərli edən oxuyub-yazmaqdır. Yazı və oxuma vasitəsilə inancımız, dəyərlərimiz və bütün gözəlliklərimiz gələcək nəsillərə ötürülür.
Tarixən Qafqaz coğrafiyası elm, irfan, ədəbiyyat, hikmət və incəsənətin mərkəzi olmuşdur. Hətta bu dəyərlər Anadoluya, Şərqi Avropaya, Şimali Afrikaya qədər gedib çıxmışdır. Sovet dövründə bir çox ziyalı, elm-irfan əhli qətlə yetirilmiş və bir çox dəyərli əsər məhv edilmişdir. İnsanımızı var olma qaynaqlarından uzaqlaşdırmağa çalışmışlar.
Keçən əsrin sonunda Can Azərbaycan yenidən müstəqilliyini qazanaraq Türk-İslam dünyası ilə ünsiyyət qurmuş; elmə, irfana, hikmətə dair dəyərlərimizə yenidən qovuşmuşdur. Məhz belə bir dövrdə tam 18 il bundan əvvəl böyüklərin də xeyir-duasını alan, könlü eşq və məhəbbətlə dolu bir ovuc gəncin çıxarmağa başladığı dərgi iki qapaq arasında bir araya gətirilərək “İRFAN” olaraq oxucuların görüşünə çıxdı.
İRFAN Qurani-Kərim və Sünneyi-Səniyyədən süzülərək susayan könüllərə təqdim olunan, şeiriyyat və ədəbiyyatla dadlanan abi-həyat qətrəsidir.
İRFAN qlobal ifsad hərəkatına qarşı bir qalxan, həqiqətə və doğru hədəfə istiqamət alan bir oxdur.
İRFAN kirlənən çağımızdakı bütün xürafələri, yanlışları, zərərli vərdişləri yox etməyə çalışan şəfa qaynağı, dərdlərə dərmandır.
Şəfqət və mərhəməti, məhəbbət və qardaşlığı, yardımlaşmağı, bir sözlə, bütün gözəllikləri ilmə-ilmə qəlbimizə toxuyan ustanın adı, gələcəyə yazılan məktubun səsidir, İRFAN.
Bayrağımızın Qarabağda dalğalanması üçün ağsaqqal və ağbirçəklərin duası, qəlbi vətən, millət, torpaq və bayraq sevgisi ilə dolu olan gənclərimizin cəhd və qeyrəti, bu sevinci birlikdə yaşayan millətimizin ürəyi, şəhidlərimizin qoxusu, qazilərimizin əsalətinin simvoludur, İRFAN.
Könlü məhəbbətullah, Rəsulullah eşqi, əhli-beyt və Haqq dostlarına sevgi ilə dolu olan gözəl insanların əl-ələ verərək çıxdıqları bir yoldur, İRFAN. Xülasə, milli və mənəvi dəyərlərimizin bayrağı, haqq, ədalət və gözəlliklər qalası elmə, hikmətə dair qiymətli xəzinələrin sandığıdır. Qəlbə hüzur verən badi-səba mehi, səmimiyyət, sədaqət və vəcdlə Camalullaha qovuşmağın sevdasıdır, İRFAN. Bu səbəblə “İrfan” sadəcə bir dərgi deyil, ondan daha artığıdır.
Dünyada yayılan ifsad hərəkətlərinə qarşı qoruyucu qala olan ailənin əhəmiyyətini diqqətə alaraq çıxarılan “Bizim Ailə” dərgisi və gələcəyimiz olan uşaqlarımızın üzündəki gülüşün əskik olmaması üçün çıxan “Təbəssüm” dərgisi ilə bu cəhdlər və mənalı çalışmalar həddən artıq dəyərlidir.
Bu gözəllikləri bizə ərz edən, ilk nəşrindən bu günə qədər maddi-mənəvi dəstək verən, redaksiya heyəti başda olmaqla, yazan, pozan, dizayn edən, təmsil edən əməkdaşlarını, xüsusilə də oxucularını və könüldaşlarını təbrik edirəm.
“İrfan”ımızın işığının qiyamətədək davam etməsi duası ilə!..
ŞƏRHLƏR