Hidayət yolu
İnsan mənşəli bütün fikirlər, düşüncələr, fəlsəfi cərəyanlar doğrularla birlikdə səhvləri də əhatə edir. Bu cür fikir və düşüncələrdən heç biri mütləq mənada doğru deyil, ola bilməz də. Çünki bütün bunların mənbəyi hər zaman xəta işləmə ehtimalı olan insandır. Hətta peyğəmbərlər belə xəta etməkdən məsum olmamış, hər birinin zəllə dediyimiz səhvləri olmuş və buna görə Allah-Təala tərəfindən xəbərdarlıq almışdır. Bütün bunlar onu göstərir ki, yeganə səhv etməyən varlıq sonsuz elm sahibi Allah-Təaladır. Onun söylədiyi, etdiyi, söyləyəcəyi və edəcəyi heç bir şeydə qüsur ola bilməz. Necə ki, 1400 ildən bəri onun kəlamı olan Qurani-Kərimdə - istər ləfzlərin düzülüşləri, istər onların səslənişindəki ahəng, istərsə də ifadə etdiyi mənalarda ən kiçik bir səhv belə olmamışdır. Onun keçmişlə bağlı söylədiklərində və gələcəklə bağlı verdiyi xəbərlərdə heç bir yanlışlıq yoxdur. Quran bu zamana qədər inkişaf etmiş və etməkdə olan bütün elm sahələrinə işıq tutmuş, bələdçilik etmişdir. Qurani-Kərim insanlığın hidayətinə vəsilə olacaq, onların dünya və axirətlərini abad edəcək bilgi və məlumatları özündə əks etdirir. O zaman biz insanların yeganə çıxış yolu onun dediklərinə qulaq asmaq, insanlar üçün cızdığı yoldan kənara çıxmamaqdır.
Allah-Təalanın insanlar üçün cızdığı yol nədir, haradadır, onu necə tapmaq olar? Bu yol, Quran ifadəsi ilə desək, “siratül-müstəqim” yoludur. Hansı ki, bu yol nemət verilənlərin yoludur. Digər yol, yəni “siratül-müstəqim”in əksi olan yol isə, yenə Quran ifadəsi ilə desək, Allahın qəzəb etdiyi kəslərin, yoldan çıxmışların yoludur. Qurani-Kərimdə tez-tez: “Onlar yer üzərində gəzib, keçmiş insanların başlarına gələnləri görmürlərmi?!” - buyurulur. Allah-Təalanın “siratül-müstəqim”in nemət verilən insanların yolu olduğunu, əksinin isə yoldan azmışların, qəzəbə məruz qalmışların yolu olduğunu bildirməsi və keçmiş ümmətlərin başına gələnlərdən xəbərdar olmağımızı istəməsi “siratül-müstəqim”i necə, harada tapacağımızı göstərən önəmli işarələrdir.
“Siratül-müstəqim” axtarışına çıxanlara Allah-Təala çox ciddi bir tapşırıq verir. Deyir ki, hidayət qapısını açmaq istəyirsənsə, öncə müttəqi, yəni təqvalı olacaqsan. Necə ki, hər səfərə çıxanın quruda, havada və ya suda nəqliyyat vasitəsinə ehtiyacı olur, bunun kimi, “siratül-müstəqim” yolçusunun da təqva adlı minik vasitəsinə ehtiyacı var. Bəs təqva nədir? Təqva məsuliyyətli, diqqətli, səmimi, ixlaslı olmaqdır.
Allah-Təlanın növbəti tapşırığı belə davam edir: Hidayət qapısından içəri girdikdən sonra öyrəndiklərinlə əməl edəcəksən. Yəni deyir ki, bu hidayət yolu təkcə quru bilgidən ibarət deyil, bu, tətbiqi mümkün olan həyat tərzidir. Bunun mümkünlüyünü də “üsveyi-həsənə”, yəni “ən gözəl nümunə” olaraq təqdim etdiyi Hz. Muhamməd (s.ə.s) vasitəsilə göstərmişdir.
Bir insanın sözünə onun daha əvvəl sözü ilə əməlinin üst-üstə düşüb-düşməmisinə görə etibar edilir. Necə ki, Hz. Peyğəmbər ilk dəfə Məkkə əhalisini İslam dininə dəvət etmədən öncə onlardan onun sözünə etibar edilib-edilməyəcəyini soruşduqda hamısı bir ağızdan: “Sənin daha öncə yalan danışdığına şahid olmadıq ki, səni yalanlayaq; əlbəttə, sən nə desən, biz ona inanarıq”,- demişdilər. Bir insanı ən yaxşı tanıyan, təbii ki, öncə onun ailə üzvləri, sonra qohumları, qonşuları, dostları və el-obasıdır. Hz. Peyğəmbərin doğruluğuna onun ailəsindən obasının bütün fərdlərinə qədər hər kəs şahidlik edirdi. Sadəcə olaraq müəyyən səbəblərə görə onun dəvətinə icabət etmirdilər. Çünki onlar “siratül-müstəqim” yoluna gəlməyin şərtlərindən olan təqvaya, səmimiyyətə, ixlasa sahib deyildilər. Kimisi vəzifəsini itirmə qorxusundan, kimisi təkəbbüründən, kimisi öyrəşdiyi həyat tərzini dəyişmək istəmədiyindən Hz. Peyğəmbərin təbliğini qəbul etmədi. Yəni səmimi olmadılar. Ona görə Hz. Peyğəmbərin şəxsiyyətini qəbul etdikləri, onun yalan danışmayacağını bildikləri halda İslam dinini qəbul etməyə yanaşmadılar. Bütün bunlar bir daha onu göstərir ki, hidayət yolunu tapmaq üçün öncə səmimi, ixlaslı, təqvalı olmaq, Hz. Peyğəmbərin söylədiklərinin hamısına etibar edib, inanmaq lazımdır.
Allaha, Hz. Peyğəmbərin gətirdiklərinə iman etdikdən sonra teorik olaraq öyrənilənlər əməli olaraq icra olunmadan hidayət yolunun minik vasitəsi olan təqva prosesi tamamlanmış sayılmaz. Çünki Qurani-Kərimin müxtəlif ayələrində təqva sahiblərinin namaz qılan, infaq edən, əhdinə vəfa göstərən, xəstəlik və savaş kimi çətin anlarda səbir edən kəslər olduğu bildirilmişdir. Bu da onu göstərir ki, “siratül-müstəqim” yolu iman, əxlaq və əməlin birgə təcəssümüdür.
Odur ki, nəyə iman edib, kimə və necə ibadət edəcəyimizi, bəşəri münasibətlərimizi hansı formada quracağımızı ancaq Quran və Sünnədən öyrənəcəyimizi unutmamalıyıq. Necə ki, Vida xübtəsində Hz. Peyğəmbər (s.ə.s) möminlərin ondan sonra zəlalətə düşməməsi üçün qurtuluş yolu olaraq Quran və Sünnəni qoyub getdiyini bildirmişdir.
ŞƏRHLƏR