Mənəvi dəyərlərin təbliğinə hər zaman ehtiyac var
Akademik Teymur Kərimli
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
“Mənəvi dəyərlərin təbliğinə hər zaman ehtiyac var”.
Bu gün “İrfan” jurnalı kimi jurnallarımızın cəmiyyətimiz üçün əhəmiyyəti çox böyükdür. Tək bizim cəmiyyət üçün deyil, bütün dünya, bəşəriyyət üçün bu belədir. Bilirsiniz ki, son zamanlarda, daha çox Avropada, Qərbdə istehlak cəmiyyətinə üstünlük verilir. Yəni insan bir istehlakçı kimi nəzərə alınır, onun ruhi vəziyyətinə, mənəvi vəziyyətinə, mənəviyyatının inkişafına o qədər fikir verilmir. Bu da bir mərhələdir, gəlib keçəcək. Amma bu mərhələnin keçməsi üçün də, məsələn, Şərqdə əsrlərdən bəri ənənəsi olan, kök salmış mənəvi dəyərlərin təbliğinə çox böyük ehtiyac var. Nizami Gəncəvi hələ XII əsrdə belə deyirdi:
Nə yuxu, nə şəhvət, nə də ki yemək,
Həyatın mənası olmasın gərək.
Yeməyi, yatmağı, bu dünyada sən,
Atda, öküzdə də görə bilərsən.
Təbiət qurarkən xilqətimizi,
Başqa səhifədə yazmışdır bizi.
Çalış, insanların işinə yara,
Geysin əməlinlə dünya zərxara.
Yəni insan insanın işinə yaramalıdır. İnsan öz həmcinsinə dayaq olmalıdır, kömək olmalıdır. Bütün bunların uğrunda, əlbəttə ki, mübarizə aparmaq lazımdır. Bu, xeyirlə şərin mübarizəsi kimidir. Mənəviyyatın varsa, xeyir tərəfindəsən, yox əgər mənəviyyatsızsansa, şər tərəfindəsən. Bu mübarizə əsrlər boyu özünü göstərib. Şübhəsiz ki, biz də bir ziyalı olaraq, cəmiyyətin inkişaf eləmiş, Nəsimi demişkən, kamilliyə doğru getmək istəyən bir nümayəndəsi olaraq bu mübarizədə öz fəallığımızı göstərməliyik, əlimizdən gələni etməliyik. Dünyada bu qədər qırğınlar, müharibələr, fitnə-fəsadlar törədilir. Çünki insan vəhşi instinktlərinin əlində əsir olur. İnsan olduğunu, yüksək insan adını unudur. Amma bizim ədəbiyyatımızda, bilirsiniz ki, lap qədim dövrlərdən həmişə kamil insan uğrunda, kamil insanın dünyada öz yerini tutması uğrunda mübarizə olub. İnsanın dünyaya tanrı tərəfindən nə üçün göndərildiyinin mübarizəsi olub. Bu gün də, şübhəsiz ki, o ənənəyə davam etməliyik; istər ədəbiyyatımızda, istər mədəniyyətimizdə, istərsə də mətbuatımızda. Bu baxımdan, şübhəsiz ki, bizim “İrfan” jurnalımız da həmin dəyərlərə xidmət edir. Mən çox sevinirəm ki, müntəzəm olaraq bizim jurnalımız çıxmağa davam edir. Və onun auditoriyası da xeyir uğrunda, cəmiyyətin inkişafı uğrunda, insanlar arasında sülhün, əmin-amanlığın bərpa olunması uğrunda fəaliyyətimizə, şübhəsiz ki, yardım göstərir. Buna görə də mən jurnalın fəaliyyətinə uğurlar arzulayıram.
ŞƏRHLƏR