Vəhyin iki növü

Vəhyin iki növü

Hz. Peyğəmbərə (s.ə.s) gələn vəhylərdən əksəriyyəti ayələr, bəziləri isə qüdsi hədislər və hədisi-şəriflərdir. Quranda: “O, öz istəyi ilə bir şey danışmaz; O (söylədiyi) ona vəhy ediləndən başqa bir şey deyil” (ən-Nəcm, 3-4) və “O (Peyğəmbər) təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər” (əl-Əraf, 157) buyurulmuşdur. Bir hədisi-şərifdə isə belə buyurulur: "Yaxşı bilin ki, mənə Quranla bərabər bir  bənzəri də verilmişdir. Ehtiyatlı olun, rahat yerində oturan qarnı tox birinin: "Sizə bu Quran kifayətdir, onda halal olan halaldır, haram olan da haramdır” deyəcəyi günlər yaxındır...” (Əbu Davud, Sünnə, 6, İmarə 33; Tirmizi, Elm, 10). Bu ayə və hədisi dəlil qəbul edən bəzi İslam alimləri Hz. Peyğəmbərin hədisləri haqqında ictihad etməyin caiz olmadığını və sünnənin də Allah tərəfindən nazil olunmuş vəhy kimi düşünülməsi lazım olduğunu irəli sürmüşlər.

Hz. Peyğəmbər (s.ə.s) bəzən soruşulan suallara vəhy ilə yox, öz rəyi ilə ictihad edərək cavab verərdi. İctihadında səhv olsa, Allah onun səhvini vəhy yolu ilə düzəldərdi. Məsələn, Bədr döyüşündə ələ keçirilən əsirlər haqqında Hz. Peyğəmbərin ictihadı Ənfal surəsinin 67-70-ci ayələri ilə təshih edilmişdir. Bu da göstərir ki, Peyğəmbər (s.ə.s) də ictihad edərdi.

Qüdsi hədislər və hədisi-şəriflər, yəni vəhy və ilham yolu ilə Peyğəmbərin söylədiyi sözlər şəriətin ikinci qaynağı olaraq əhəmiyyət qazanmışdır. Alimlər ilahi vəhyi iki qismə ayırmışlar: vəhyi-mətluvvəhyi-qeyri-mətluv.

Vəhyin əsas şəkli vəhyi-mətluvdur. Qurani-Kərim tamamı ilə vəhyi-mətluvdur. Vəhyi-mətluvun xüsusiyyətləri bunlardır:

1- Hz. Peyğəmbərə (s.ə.s) oyanıq ikən Cəbrayıl (ə.s) vasitəsi ilə və ya yuxuda və digər vəhy yolları ilə nazil edilmişdir.

2- Sözləri birbaşa Allaha məxsusdur.

3- Ləfzi ərəb dilindədir.

4- Həm namazda, həm də namaz xaricində oxunub ibadət edilir.

5- Düzülüşü və mənası Allah tərəfindəndir.

6- Dəstəmazsız və qüslsüz halda olan kimsənin ona toxunması caiz deyil. Qüsl lazım olan kimsə toxunmadan da oxuya bilməz.

7- Hər hərfini (ibadət məqsədi ilə) oxuyana on savab vardır.

8- Müqəddəs kitabda (müshəfdə) yazılıdır.

9- Fatihə surəsi ilə başlayıb nas surəsi ilə sona çatmışdır.

10- Zamanımıza qədər kitab halında təvatür yolu ilə gəlmişdir.

11- Allah tərəfindən qorunur.

12- Bəşər oğlu ona bənzər bir əsər  meydana gətirməkdə acizdir.

13- Ləfzi olmadan yalnız mənası ilə nəqli (rəvayəti) caiz deyil.

Quran bu xüsusiyyətləri ilə vəhyi-mətluvu (oxunan vəhyi) meydana gətirir.

Vəhyi-qeyri-mətluv deyiləndə isə ilk olaraq ağıla hədislər gəlir. Hədisi-qüdsi Allah-Təala tərəfindən mənası Hz. Peyğəmbərə (s.ə.s) ilham edilən, lakin ləfzi Peyğəmbərə (s.ə.s) aid olan, Qurandan sayılmayan, oxumaqla ibadət olunmayan (Quran kimi namazda oxunmayan), ahad yolla (təvatürlə deyil) Rəsulullahdan (s.ə.s) nəql edilmiş və onun tərəfindən də Allaha nisbətlə ifadə edilən sözlərdir. Qüdsi hədis haqqında iki görüş var:

1) Qüdsi hədislərin həm sözləri, həm də mənası Allahdandır, lakin Qurandan bir ayə deyildir.

2) Qüdsi hədislərin mənası digər hədislər kimi Allahdan, sözləri isə Rəsulullahdandır. Bu cür hədislərə eyni zamanda “rəbbani” və “ilahi” hədislər də deyilir. Qüdsi hədislərdə: “Rəbbindən rəvayət etdiyi hədisdə Rəsulullah belə buyurdu”, “Rəsulullahın rəvayət etdiyi hədisdə Allah-Təala belə buyurdu” kimi ifadələr işlənir.

Rəsulullaha (s.ə.s) aid edilən bir sözə, feilə, yaxud təqrirə hədisi-şərif deyilir. Sünnə isə izlənilən yol, tətbiqi həyatda hal və rəftar, adət, gediş, sirət kimi mənalara gəlir. Hədis alimləri tərəfindən hədis və sünnə eyni mənada işlədilmişdir. Sünnə sözü ümumiyyətlə Allaha və Rəsulullaha (s.ə.s) aid edilir. Allaha aid edildiyi zaman adətullah, qanun mənasında işlədilir.  “Əvvəlkilər haqqında da Allah bu adəti qoymuşdur” (əl-Əhzab, 62); “Biz bunu səndən əvvəl göndərdiyimiz peyğəmbərlər üçün də sünnə (qanun, qayda) etmişdik. Sən bizim sünnəmizdə heç bir dəyişiklik tapa bilməzsən” (əl-İsra,77; əl-Fatir, 43) ayələri buna misaldır.

Sünnə sözü Hz. Peyğəmbərə aid edildiyi zaman onun sözləri, yəni hədisi-şərifləri, feilləri və təqriri sayılır. Hədisi-şəriflər bu səbəbdən  “vəhyi-qeyri-mətluv”dur və xüsusiyyətləri aşağıdakılardır:

1- Mənası Allah tərəfindən vəhy edilmişdir, sözləri Rəsulullaha (s.ə.s) aiddir.

2- Mənasını anlayanların onu mənasıyla nəql etmələri caiz görülmüşdür.

3- Ləfzi muciz (ecazkar) deyil, sadə dildə bir açıqlamadır.

4- Oxunaraq ibadət edilməz (namazda qiraət əvəzinə oxunmaz).

5- Yuxuda və oyanıq ikən, mələksiz və ya mələklə müxtəlif vəhy şəklində gəlmişdir.

Hər nə qədər namazda qiraət əvəzinə oxunması düzgün sayılmasa da, namazda oxunan zikr və dualar vəhyi-qeyri-mətluv olan nəbəvi hədislərlə gəlmişdir. Bu dualar və salavatlar namazın tamamlayıcı ünsürləri sayılır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz