Dunning-Kruger effekti Bilmədiyini bilməmək
Bir insan sadəcə kimsənin bir şey bilmədiyi bir yerdə hər şeyi bilə bilər.
Bir insan düşünün ki, az bilir, ancaq çox bildiyini zənn edir. Fiziki olaraq gücsüzdür, ancaq hamıdan güclü olduğuna inanır. Hansı mövzu haqqında danışsanız, dərhal müdaxilə edir və öz münasibətini bildirir. Sanki özünün həmin sahənin ən yaxşı bilicilərindən olduğunu sübut etməyə çalışır. Eyni zamanda bildiyini hamıdan çox bildiyinə inanır. Hər şeyi edə biləcəyini zənn edir və bu utopiyalarla həyatını davam etdirir. Maraqlıdır, bir insanın bilmədiyi bir şeyi hamıdan yaxşı bildiyini düşünməsi mümkündürmü? Bəlkə də, bu düşüncə şəkli motivasiya üçün haradasa insana lazım ola bilər. Ancaq bir insanın özünü olduğundan daha üstün zənn etməsi və bu şəkildə özünü görməsi, əlbəttə ki, normal bir hadisə deyil. Ona görə də sosial-psixoloqlar bu məsələdə bir çox eksprimentlər aparıb və bir mövzuda kifayət qədər bilik və bacarığa sahib olmayan fərdlərin qabiliyyətlərini olduğundan üstün görmələri həvəsini bir psixoloji fenomen olaraq Dunning-Kruger effekti adlandırıblar. El arasında bu psixoloji effektə “cahilin cəsarəti” də deyilir. Bəs Dunning-Kruger effekti nədir? İnsanlarda özünü necə göstərir? Və bizim bu effektə qarşı münasibətimiz necə olmalıdır?
Bu psixoloji effekt ilk dəfə 1999-cu ildə Kornel Universitetinin tədqiqatçıları David Dunning və Justin Kruger tərəfindən ortaya qoyulmuşdur. Dunning və Kruger öz eksprimentlərində iştirakçılara yumor hissi, qrammatika və məntiqlə bağlı dörd test verir. Daha sonra eksprimentdə iştirak edən iştirakçılardan öz performanslarını qiymətləndirmələri tələb olunur. Nəticədə müəyyən edilir ki, testlərdə zəif nəticə göstərən iştirakçılar öz performanslarını daha çox orta səviyyədən yuxarı görürlər. İşin qəribə tərəfi odur ki, həmin testlərdə uğurlu nəticə əldə edənlər isə öz performanslarını zəif olaraq qiymətləndirir. Tədqiqatçılar bu vəziyyətin fərdlərin öz düşüncələri haqqında düşünmə qabiliyyətinin çatışmazlığından yarandığını müəyyən edir. Eyni zamanda tədqiqatçılar qeyd edir ki, bu insanlar həm öz əskikliklərindən, həm də öz əskiklərinin fərqində olmamaqdan əziyyət çəkirlər.
Psixoloji fenomenin ortaya qoyulmasının tarixi yeni olsa da, mövcudluğu bəşər tarixinin yaşı ilə eynidir. Bu mövzuda düşüncə insanlarının kifayət qədər fikirləri var. Kimisi bu həqiqəti “bir onu bilirəm ki, heç nə bilmirəm” deyə ifadə edir. Kimisi: “Əsl bilik insanın öz cəhalətinin ölçüsünü dərk etmək bacarığıdır” deyir. Kimisi də "Dövrümüzdə, bəlkə də, ən ağrılı şeylərdən biri odur ki, heç bir şübhə olmadan bir fikrə sahib olanlar çox vaxt axmaqdır, bir az təsəvvür və anlayışa sahib olanlar isə şübhə və qərarsızlıqla doludur" deyərək öz fikirləri ilə Dunning-Kruger effektini yığcam ifadə edir.
Bəs siz özünüzü daha real necə qiymətləndirə bilərsiniz?
Bir mövzu haqqında çox məlumatı olmayan insanların öz səhvlərini və ya çatışmazlıqlarını aşkar etmək üçün bilik və bacarıqları yoxdur. Buna görə də, onlar harada səhv etdiklərini görməzlər və sahib olduqları bacarıqları həddindən yüksək qiymətləndirə bilərlər. Məsələn, dostunuzla yeni bir dil öyrənməyə qərar verdiyinizi düşünək. Bir neçə gün ərzində məhdud sayda cümlə qura bildiniz. Bununla belə, hər kəsin bunu edə biləcəyini güman etdiyiniz üçün bu inkişafı qeyri-kafi hesab edə bilərsiniz. Qrupdakı dostlarınızdan biri eyni dövrdə bir neçə söz öyrənsə də, cümlələr qurub tələffüz edə bilməyib. Bu dostunuz qrupda ən az öyrənən insan olsa belə, onun məlumatsızlığı onun öz səhvlərini dərk etməsinə mane olur. Həmin şəxsin özünü xüsusən də qrupdakı başqaları ilə müqayisə etmək imkanı yoxdursa, öz qabiliyyətini həddindən yüksək qiymətləndirməyə başlayar.
Bəs siz Dunning-Kruger effektini aradan qaldırmaq üçün nə edə bilərsiniz?
Nəticələri 1999-cu ildə dərc edilən araşdırmalarında Dunning və Kruger müəyyən etmişlər ki, iştirakçıların mövzu üzrə bilikləri artdıqca, onların bilgini bilmə bacarıqları da yaxşılaşır. Yəni bir mövzuda bilikləriniz artdıqca, o mövzuda bilmədiklərinizi də bilirsiniz. Bu yolla, həqiqətən, bu mövzuda daha istedadlı və ya məlumatlı insanlardan bilmədiyiniz detalları öyrənmək imkanı əldə edirsiniz. Odur ki, hansı sahədə olursunuzsa olun, öyrənməyi dayandırmayın. Oxumaq və öyrənmək yaşa baxmadan bir ömür boyu davam etdirilməsi lazım olan əsas vəzifələrdir. Bu vəzifələr tərk edildiyi andan etibarən insanın insanlıq missiyası bitmiş sayılır. Son olaraq, unutmayın ki, bir insan sadəcə kimsənin bir şey bilmədiyi bir yerdə hər şeyi bilə bilər. Hər şeyi bildiyini düşünmədən hər şeyi bilməyə çalışmaq ümidi ilə...
ŞƏRHLƏR