Dosta Aparan Dost

Dosta Aparan Dost

Uzun müddət bərabər vaxt keçirən insanların bir müddət sonra beyinlərində müəyyən bənzərliklər formalaşır. Elmi ədəbiyyatda bu bənzərliyə “beyin əkizi” deyilir. Aparılan tədqiqatlara görə, bərabər vaxt keçirdiyimiz insanlarla, hər iki beynimiz bir müddət sonra eyniləşir.

Müasir psixologiyanın da qəbul etdiyinə görə, insanlar bir-birindən təsirlənən varlıqlardır. Odur ki, “həmxasiyyət” olacağımız insanları düzgün seçməliyik. Qurani-Kərimdə keçən “Sadiq və salehlərlə bərabər olun” (ət-Tövbə, 119) tövsiyəsinə bu pəncərədən baxmaq lazımdır. Saleh insanlarla dostluq edən kəs heç vaxt peşman olmaz, əksinə, onların yanında olduğuna görə mükafata layiq görülər. İnsan belə şəxslərin yanında özünü rahat və güvəndə hiss edər.

İnsan ünsiyyət qurmaq məcburiyyətində olan bir varlıqdır. Ətrafımızda yaşayan insanlarla istər-istəməz ünsiyyət qururuq. Bu ünsiyyət, dərəcəsinə görə, yoldaş, sirdaş, qonşu, əziz, qardaş, dost və s. terminlərlə ifadə edilir. Dini həyatımızın formalaşmasında ən əsas vəzifəni icra edən Hz. Peyğəmbərimiz (s.ə.s) bəşəri münasibətlərdəki faydalılıq əmsalını yüksəltmək üçün bahabiçilməz tövsiyələr vermişdir. O öz həyatında hər təbəqədən insanlarla qurduğu səmərəli ünsiyyətlər arasında ən gözəlini dostları ilə yaşamışdır. Ətrafındakı “səhabə” adı ilə dini ədəbiyyatda anılan dostlarının hər biri ilə fərqli ünsiyyət qursa da, aradakı hörmətə xələl gəlməsinə fürsət verməmişdir. Əlbəttə ki, peyğəmbərlərin ən uca dostluğu Uca Xaliqlədir. Lakin insanlar arasında dünyəvi nöqteyi-nəzərdən necə dostluq qurulacağını da əyani şəkildə bizə göstərmişlər.

İnsanlar arasında ən üstün dostluq Peyğəmbərimiz (s.ə.s) ilə Hz. Əbu Bəkr arasında olmuşdur. “Əgər insanlardan birini özümə dost kimi seçsəydim, Əbu Bəkri seçərdim...” (Buxari, Fəzailüs-səhabə, 5) buyuraraq bunu dilə gətirmişdir.  Onların arasında elə bir dostluq vardı ki, bir-biri üçün gözünü qırpmadan canını, malını-mülkünü fəda edərdi. Hicrət əsnasında Sevr mağarasında dizinə başını qoyub yatan dostunun canına zərər gəlməməsi üçün öz dabanı ilə canı bahasına əqrəb yuvasının ağzını bağlamağı və nəticədə sancılmağı həqiqi dostluqdan başqa bir şeylə izah etmək mümkün deyil. Hamı üz çevirərkən, “atam-anam sənə fəda olsun” anlayışı ilə dərd və kədəri paylaşmaq, “o deyirsə, düz deyir” anlayışına sahib olmaq mənfəətsiz bir dostluq nümunəsidir.

Hər şeyin mənfəət olduğu kapitalist zehniyyətin hökm sürdüyü dünyamızda hamının səmimi dosta, sirdaşa, dərd ortağına ehtiyacı var. Zirvədə qaçarkən də, yıxıldığı zaman da yanında olan dost. Əlbəttə ki, bütün işlərimizdə olduğu kimi, dostluqlarımız da sırf Allah rizası üçün qurulmalıdır. Həqiqi dost bizi Allaha aparmalıdır.

Hz. Peyğəmbər (s.ə.s) buyurur ki, “Yaxşı dost xoş qoxulu ətir satan əttara, pis yoldaş isə körükçüyə bənzəyir. Ətir satanla oturub-duranın üstündən ətir iyi gələr, körük çəkənlə oturub-duranın ya paltarı yanar, ya da üstündən his, pas, tüstü iyi gələr”. (Buxari, Sayd,  31; Müslim, Birr, 146). Deməli, yaxşı dost seçimi etmək gözəl ətir kimi xeyir, bərəkət, könül rahatlığı, həmçinin cənnət vasitəsidir. Xeyirli dostlarla oturub-duran həm dünya üçün, həm də axirət üçün faydalı şeylər öyrənər.

Seçdiyimiz dost bizim xarakterimizin keyfiyyətini göstərir. Dostumuz bizim güzgümüzdür. Ona baxınca biz görünürük. Bu səpkidə Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “İnsan dostunun dinindədir. Ona görə hər kəs kiminlə dostuq etdiyinə baxsın”. (Əhməd b. Hənbəl, Müsnəd, II, 400). Həm özümüz, həm övladlarımızın dostluq qurmasına istiqamət verərkən dindaş, əqidədaş olmasına əhəmiyyət verməliyik. “Mömindən başqası ilə dostluq etmə, yeməyini də ancaq təqvalılara yedizdir” (Tirmizi, Zöhd, 55)  hədisinin məğzi də məhz budur. Əlbəttə ki, söhbət əsl dostluqdan gedir.

Bəşəri xüsusiyyətləri nəzərə alaraq Hz. Peyğəmbərimiz (s.ə.s) dostluqların hansı ölçülər çərçivəsində qurulmasını da bildirmişdir. Bu düstura diqqət edildiyi nisbətdə insan sevinc və yaxud üzüntü yaşayar. Rəvayətdə buyurulur ki, “Dostunu elə sev, elə bağlan ki, gün gələr, bəlkə, düşmənin olar. Düşməninə də elə düşmənçilik elə ki, gün gələr, dostun olar”. (Beyhəqi, Şuabul-iman V/260) Bütün işlərdə olduğu kimi, Peyğəmbərimiz (s.ə.s) dostluq məsələsində də etidallı olmağı tövsiyə etmişdir.

Dostluq fədakarlıqdır. Özün üçün istədiyini kimin üçün səmimi-qəlbdən istəyə bilirsənsə, dostun odur. Qiyabında xeyir-dua verdiyin, sən yanında olmadığın zaman sənin üçün xeyir düşünən insandır, əsl dost. “Allah dərgahında ən xeyirli dost dostu ilə yaxşı rəftar edəndir”, - buyurub, Allahın dostu Peyğəmbərimiz (s.ə.s).

Nəhayət, əsl dost Allahdır. Həyatımızın məqsədi, məğzi Allahla dost olmaq, Allahın dostu olmaqdır. Bizi bizdən çox sevən Rəbbimizlə necə dost olmayaq?!.

Dosta aparan dost olmaq təmənnası ilə…

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz