Oktay Çetin: “Zaman imtahandır”

Oktay Çetin: “Zaman imtahandır”

A.M.Hüdayi vəqfinin xaricdə təhsil işləri üzrə sədr müavini Oktay Çetin: “Zaman imtahandır”.

İrfan: Elə bir dövrdə yaşayırıq ki, hər kəs zamanın tez keçdiyindən şikayətlənir. Ümumiyyətlə, zaman deyəndə nə başa düşməliyik?

Oktay Çetin: Zaman təkcə bu gün deyil, insan oğlunun var olduğu ilk gündən gündəmimizdədir. Biz tarixi anladarkən özümüz üçün bir başlanğıc nöqtəsi – milad müəyyən edirik; miladdan bu qədər il əvvəl və ya sonra deyirik. Yəni özümüzü ifadə etmək üçün zamandan istifadə edirik. İnsan zamana möhtacdır, bir də bunun yanında məkana ehtiyacı var. Zaman və məkan insan üçün iki vazkeçilməz ünsürdür. Allah insanı yaratdığı kimi, zamanı da o yaradıb. Yəni zamanı da, məkanı da Allah yaradıb və bunlar da bir növ nemətdir.

- Zaman olmadan insan var ola bilməz?

- Bunu başa düşmək üçün əvvəla bu sualı verməliyik – Allah zamanı niyə yaratmışdır? İnsan yer üzünə imtahan məqsədi ilə göndərildi. Bu imtahanın tənzimlənməsi isə müəyyən bir zamana tabe tutuldu. Zamanın nə olduğu Allah üçün məlum, insan üçün naməlumdur. Məsələn, dünyada neçə il qalacaq, başına nə vaxt, nələr gələcək, insan bunları bilmir. Çünki bu, gələcəyə - zamana dair məsələdir. Bu eyni zamanda insanın acizliyini, zəifliyini göstərir. Gələcək zaman və ya başqa bir deyişlə, qədər Allahın əlindədir. Bu mənada zaman, əslində, bir imtahan vasitəsidir. Bu məkanda yaşadığımız zaman müddətində imtahana tabe tutuluruq. Allah-Təala Həzrət Adəm və Həvvanı cənnətdən yer üzünə endirmişdir. Bizim zaman və məkanla imtahanımız bu şəkildə başlayır. Hz. Adəmi, bir rəvayətə görə, Hind yarımadasına, Həvva anamızı isə Hicaz bölgəsinə yerləşdirdi. Yer üzünə eniş, hansı nöqtəyə enməsindən asılı olmayaraq, bir məkanadır. Niyə ikisini fərqli məkana endirdi? Allah-Təala onları bir-birindən uzaq məsafəyə yerləşdirərək bir-birini tapmaları üçün imtahan etdi. Bir-birinə qovuşa bilmələri üçün məkanı iki yerə ayırdı. Məkan ayrıldığı üçün araya zaman da girdi. Bunun bəzi rəvayətlərdə on və ya əlli il olduğu deyilir; bu, mühüm deyil. Arada uzun bir zaman var; Həvva üçün darıxacağı qədər uzun bir zaman. İnsan bir yandan zaman ilə imtahan edilərkən, bu eyni zamanda zaman vasitəsilə yetişmək, kamilləşməkdir. Bunu bəzən valideynlər də edir; övladı ondan nəsə almasını istəyirsə, gözlə deyir, dərhal almır. Onun dəyərini bilməsi üçün bəzi şərtlər də qoya bilər. İnsan zirvəyə pillə-pillə qalxmalıdır. Birbaşa aparıb vertolyotla zirvəyə qoysanız, onu inkişaf etdirmiş olmazsınız. Burada zaman faktoruna diqqət etməliyik. Hər bir müvəffəqiyyət zamana tabedir. Hər bir hədəfi zamanla ifadə edirik: təyyarənin qalxış vaxtı, dərsin vaxtı, iş görüşməsinin vaxtı və s. Və ya günün vaxtları, səhər, günorta, gecə yarısı və s. Həyatımızda zaman vazkeçilməzdir. İnsan oğlu zamana məhkumdur. İnsan oğlunun tərbiyə edilməsi, yetişdirilməsi, şəxsiyyətindəki bəzi nöqsanları, çatışmazlıqları aradan qaldırması, həyat təcrübəsi qazanıb gələcəkdə daha faydalı insan ola bilməsi üçün zamana ehtiyacı var. Zaman həmçinin insanı dərman kimi müalicə edər. Bəzi şeyləri – yaşadığı çətinliyi, ağrı-acını unutduraraq insanı sağaldar. İnsan zamansız yaşaya bilməz.

- Bəs zamanla birgə yaşayışımız, zamana münasibətimiz necə olmalıdır?

- Baxın, dünyaya gəliş yerimizi və vaxtımızı biz seçmirik. Doğulmaq bizim əlimizdə olmadığı kimi, ölüm tarixi də bizim əlimizdə deyil. Amma zaman hər kəs üçün tükənir, sonlanır. İnsanın əlində bir xəzinə olsa, onu ehtiyatla, ölçüb-biçərək xərcləyər. Zəngin, yaxud kasıb, fərqi yoxdur, insan cibindəkini ehtiyatla xərcləyər ki, gələcəkdə lazım ola bilər. Bəs yaxşı, zaman da bir xəzinə deyilmi?! Ağıllı insan zamanı da cibindəki  pul kimi, ehtiyatla, yavaş-yavaş xərcləyər. Ağılsız insan isə maddiyyatda israfçılıq etdiyi kimi, zamanın da harada tükəndiyinə diqqət etməz.

- Zamanı ehtiyatla xərcləmək deyəndə nəyi nəzərdə tutursunuz?

- Zamanı ehtiyatla, yavaş-yavaş xərcləmək onu xeyirli işlərə sərf etmək, faydalı işlərlə keçirməkdir. Zaman bizim üçün həyatımızı nizamlama ölçüsüdür. Gəncliyində zamanı düzgün dəyərləndirməyən insan yaşlananda bunun peşmançılığını çəkər. Həmçinin ömrünü, zamanını namaz-niyazdan, Allahdan qafil keçirən şəxs də Allahın hüzuruna əliboş, pərişan halda çıxar.

Elə bir dövrdə yaşayırıq ki, sizin də qeyd etdiyiniz kimi, zamanı çox sürətlə keçiririk və əksər hallarda bunu boş işlər üçün sərf edirik. Qərb mədəniyyətinin, qlobal mədəniyyətin təlqin etdiyi, bizə faydası olmayan bir çox məsələdə onları təqlid edərək zamanı boş yerə sərf edən insanlar, Allah qorusun, “zamanın bitdi” deyildiyi zaman, “Ya Rəbb, bizi təkrar dünyaya göndər”, - deyərlər. “Nə edəcəksiniz dünyada?”“Sənin istədiyin kimi bir qul olaraq dönəcəyik”, - deyərək bir az daha fürsət verilməsini istəyərlər. Halbuki artıq geriyə dönüş yoxdur. Niyə? – cəhənnəmin hərarətini hiss etdiyi anda vaxtın dəyərini başa düşüb. Qiyamətdən sonra zaman bitir, ondan sonra zaman yoxdur. Cənnət və cəhənnəm başladıqdan sonra sonsuzluq var. O da bir növ zaman olsa da, bizim dünya ağlı ilə başa düşə biləcəyimiz bir zaman növü deyil.

Həzrət Adəmdən bu yana insan bir çox zəfərlər əldə edib – həm öz cinsinə, həm də təbiətə, digər canlılara qarşı. Amma insan heç vaxt zamana qarşı bir qələbə qazanmayıb. Zamanı dayandıra bilməyib. Zaman bir dəyirman kimi insan oğlunu üyüdüb sonsuzluğa göndərir.

- Bəs yaxşı, zaman qarşısında bu qədər aciz olduğumuz halda zamanı necə dəyərləndirə bilərik?

- Zamanı istifadə etmək məsələsində mədəniyyətlər, yaşadığımız yer, əlbəttə, bizə çox böyük təsir göstərir. Yenə gəlirik zaman və məkanın bir-birinə bağlılığına. Coğrafi məkanların, mədəniyyətlərin zamanla əlaqəsinə baxdığımız zaman qarşımıza çox maraqlı faktlar çıxır. Hər mədəniyyətdə zamandan istifadə etmək vərdişi fərqlidir. Mən dünyanı çox gəzən bir qardaşınız olaraq çox fərqli müşahidələrim oldu. Sənayesi inkişaf etmiş ölkələrdəki zamana baxış, zamana qarşı müqavimət ilə inkişaf etməmiş ölkələrdə, çox isti və ya çox soyuq bölgələrdə zaman fərqli anlaşılır. Məsələn, inkişaf etmiş bir ölkədə bir nəfərlə görüş təyin ediləndə dəqiqliyə riayət edər, hətta beş-on dəqiqə erkən gələrlər. Amma fərqli ölkələrdə buna fərqli yanaşmalar olur, insanlar gecikir və bu gecikməni də normal qarşılayırlar. Elə insan var ki, görüşə gəlmir və buna görə xəcalət, utanc da hiss etmir. Və bu, o toplumda normal qarşılanır. İslamda zamana and içilir, zamanın qiymətinin  bilinməsi istənir. Allah ömrümüzü zamanla nizamlayır. Əzanın, namazın vaxtı hər gün saniyə-saniyə yer dəyişir və müsəlman hər saniyəsinə diqqət edərək buna riayət etməyi öyrənir. İnsan zamanı nizamlı bir şəkildə təqib etməlidir.

Mən zamanı vəhşi ata bənzədirəm. Əgər ona minməyi, hakim olmağı bacarsanız, cənnətə aparar. Amma yox, zaman bizə hökm etsə, o zaman işimiz bir xeyli çətindir. Bu sahədə özümüzü inkişaf etdirməliyik. Əvvəla, insan hansı məkanda, zamanda dünyaya gəlməsindən asılı olmayaraq, öz hədəfləri, məqsədi olmalıdır. Uğur qazanmaq rahat deyil. Ya sən kiminsə çantasını daşıyarsan, ya da sənin çantanı başqası daşıyar; həyat belədir. Buna görə hər kəs oxuyub yaxşı bir mövqeyə gəlmək istəyir. Adam da ola bilər ki, mənim malda, mülkdə gözüm yoxdur, mən axirətimi qazanmaq və ölkəmə faydalı olmaq üçün oxuyuram desin. Nəticədə hər kəs daha mükəmməl bir gələcək üçün çalışır. Bu, zaman və məkanla yoğrulmuş bir hədəfdir. Hədəf – gələcəkdə çatmaq istədiyimiz, gələcəkdə olmaq istədiyimiz hər şeydir. Yer olar, məkan olar, iş olar, hamısı hədəf dairəsinə daxildir.

- Bu gün hədəfimiz nə olmalıdır və hədəfimizə çatmaq üçün nə etməliyik?

- Əvvəla, insan qarşısına hədəf qoyarkən ağılabatan, mümkün olan, məntiqli bir hədəf qoymalıdır. İslam alimləri bu mövzunu çox vurğulamışdır: “İnsan özünün zəif və güclü tərəflərini bilməlidir”. Buna əsasən, zəif nöqtələrimizi təsbit edib gücləndirməli, güclü tərəflərimizi isə ən ideal şəkildə istifadə etməyi öyrənməliyik. Bunun yanında, hədəfimizə çatmaq üçün bunlara diqqət etməliyik: Birincisi, vaxt öldürməməliyik. Hədəfimiz mümkün hədəfdirsə, bunun üçün nə lazımdırsa, indidən ona fokuslanmalı, hazırlaşmalıyıq. Hədəfə üç-dörd il əvvəldən fokuslanmaq lazımdır. Vaxt öldürmək məsələsində qlobal medianın oyun, əyləncə, xəbər, reklam kimi vasitələrinə diqqət etmək, bizə faydası olmayan mövzularda vaxt itirməmək lazımdır. Çünki bu vaxt itkisi gələcəyə dair hədəflərə çox ciddi zərər verir. Sosial mediada gündə sərf etdiyimiz vaxtın ¼-ni kitab oxumağa ayırsaq, ayda üç kitab oxuyarıq. Bu da bir ildə ən az 30 kitab deməkdir. Üç-dörd il sonra bu insan alim olar. İkincisi, hədəfə çatmaq üçün ətrafımızı və dostlarımızı düzgün seçməliyik. Çünki insana təsir edir. Gözəl dostlar tapmalıyıq. Yoxsa hədəfə çatmağımız problemli olar. Üçüncüsü, etdiyimiz işi ən gözəl şəkildə etmək lazımdır. Dərs oxuyarkən, hansısa işi görərkən, dinimizin də buyurduğu kimi, ən gözəl şəkildə bunu icra etməliyik.

Peyğəmbərimiz (s.ə.s) bir dəfn zamanı qəbrin üstünün gözəl düzəlmədiyini görüb səhabələrini saxlayır, deyir ki, bu qardaşınızın qəbrinin üstünü belə buraxmayaq, gözəlləşdirək. Özü şəxsən düzəldir. Müsəlman hər işini gözəlləşdirməlidir. Bundan başqa, hədəfinə çatana qədər və çatdıqdan sonra da gördüyü işi böyük görməməlidir. Yəni bunu daha da irəlilətmək, böyütmək üçün çalışmalıdır. Müsəlman, bu işi bacarmaram deyərək geri çəkilməməli, vaz keçməməli, dayanmadan irəliləməyə çalışmalıdır. Planlamanı, sıralamanı düzgün müəyyənləşdirməlidir. Tənbəl olmamalıdır. Əslində zaman nə pul, nə qılınc, nə də qızıldır. Zaman bizi axirətə doğru sürətlə sürükləyən çox təsirli bir məfhumdur. Buna görə də zamanın qiymətini bilmək və düzgün istifadə etmək bizim üçün uğur qazanmağın açarıdır.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz