Səhabə və Söhbət

Səhabə və söhbət

Uca Allah Bəqərə surəsinin 30-cu ayəsində belə buyurur: “(Ey peyğəmbər!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi...”. Hər halda Allah-Təala yer üzündə yaradacağı xəlifəni ona asi olub yoldan çıxan bir nəsil olaraq nümunə göstərməz. Onun xəlifəsi olmağa layiq olan topluluq sevgisinə, rizasına nail olan topluluqdur. Əlbəttə, hər çağın möhtəşəm əxlaq nümunələrinə sahib insanları olmuşdur. Lakin bir çağ da var ki, onun bənzəri nə tarixin əvvəlində olmuş, nə də sonrasında olacaqdır. Burada çağlar üstü, həm əvvəlki, həm də sonrakı nəsillər üçün meyar kimi göstərə biləcəyimiz, gözəl əxlaq nümunələri ilə Allah tərəfindən sevilən bir çağdan söhbət edirik. Rəsulullah və onun güzidə səhabəsi bəşəriyyətə aid bütün müsbət tərifləri həm halları, həm elmləri, həm də kəlamları ilə öz çağlarına daşımışdılar. Kimdir onlar? Niyə bu qədər möhtəşəm davrandılar? Niyə Allah tərəfindən bu qədər sevildilər?..

Varlıqları var edən Uca Allahın müqəddəs kəlamı olan möhtəşəm Quran məsuliyyətini, yenə Allahın ən gözəl əsəri olan, bəşəriyyətin öyüləni Hz. Muhamməd (s.ə.s) daşımağa layiqdir. Ondan sonra isə bu yükü həyatına yerləşdirib, qiyamətə qədər daşıya biləcək olan nəsil, rəsulullahın çağdaşları, yoldaşları olan səhabələridir. Çünki onlar eşitdiklərinə bütün qəlbləri ilə inanan, həyatlarındakı bütün əlavələri kənara qoyaraq Allahın kəlamına görə yaşayan, peyğəmbərimizin (s.ə.s) bütün dediklərinə itaət edən, axirəti dünyadan çox sevən bir topluluq idilər. Abdullah ibn Məsud (r.a) belə demişdir: “Siz oruc, namaz və ictihad yönündən Hz. Muhammədin (s.ə.s) səhabəsindən daha çox əməl eləsəniz də, onlar sizdən daha xeyirlidirlər”. Dinləyənlər: “Nə üçün belədir?” - deyə soruşanda, İbn Məsud belə cavab vermişdi: “Onlar dünyaya qarşı daha zahid (gözütox) idilər, axirətə isə daha çox rəğbət bəsləyirdilər”. (Əbu Nuaym, “Hilyətül-evliya”, I/136) 

İbn Ömər (r.a) bir nəfərin: “Dünyada zahid olub, axirətə rəğbət bəsləyənlər haradadır?” - dediyini eşidəndə ona peyğəmbərimizin (s.ə.s), Əbu Bəkrin (r.a), Ömərin (r.a) qəbirlərini göstərdi və: “Sənin soruşduqların bunlardır”, - dedi. (Qəndəhləvi, “Həyatüs-səhabə”, I/31)

Yenə Abdullah ibn Məsud (r.a) belə deyir: “Allah qullarının qəlbinə baxdı və Muhammədi (s.ə.s) seçib, peyğəmbər olaraq göndərdi. Onu elmi ilə seçdi. Onun ardından insanların qəlbinə baxdı və əshabını seçdi. Onları dininin yardımçıları, peyğəmbərinin də vəzirləri qıldı. Möminlərin gözəl gördüyü gözəldir. Möminlərin çirkin gördüyü də Allah qatında çirkindir”. (İbn Abdilbərr, “İstiab”, I/6)

Onlar Allah-Təalaya çox bağlı olan topluluq idi. Hər bir səhabə özünəməxsus üstün və gözəl vəsfə sahib idi. Peyğəmbərimizin mübarək söhbətlərində iştirak etmək onlar üçün həyatlarının ən gözəl anı idi. Bu səbəblə mümkün olan heç bir söhbəti qaçırmaz, Rəsulullahı görmədikləri günü itki sayardılar. İbn Ömər (r.a) nə gözəl söyləmişdir: “Təqib etmək istəyənlər ölən kimsələrin yolunu izləsinlər ki, bunlar Hz. Muhammədin (s.ə.s) əshabıdır. Onlar bu ümmətin ən xeyirliləridir. Qəlb yönündən ən doğruları, elm yönündən ən dərin olanlarıdır. Onlar elə bir qövm idi ki, Allah-Təala onları peyğəmbərinin söhbətinə almış və onları dini insanlara nəql etmələri üçün seçmişdir. Elə isə əxlaqınızı onların əxlaq və tərzlərinə oxşadın. Onlar Muhammədin (s.ə.s) yoldaşları idilər və and olsun ki, doğru yolda idilər”. (Əbu Nuaym, “Hilyətül-evliya”, I/306) 

Saleh, ədəbli insanlarla birlikdə olmağın nəticəsi onlara bənzəməkdir, onlardan olmaqdır. Hz. Hüseyn (r.a) atası İmam Əlidən (r.a) nəql edir ki: “…Rəsulullahın (s.ə.s) söhbət məclisi elm, həya, səbir, hüzur məclisi idi. O məclisdə səslər yüksəlməz, heç bir hörmətsizlik olmaz, insanlar qınanmaz, məclisdə meydana gələn xətalar məclisdən çöldə danışılmaz, yayılmazdı. Hər kəs bərabərcə o məclisdə oturar, sadəcə təqva ilə bir-birindən üstün olardı. Təvazökar idilər. O məclisdə yaşlı insana hörmət edilər, kiçiyə mərhəmət göstərilər, ehtiyac sahibi önə gətirilər, qəribin haqqına riayət edilərdi”. Davam edərək həm peyğəmbərimizi, həm də hüzurunda oturan səhabələri haqqında buyurur ki: “…Allahın Rəsulu (s.ə.s) kobud biri deyildi, qışqırıb-bağırmazdı. Heç kimi ayıblamaz, heç kimə lağ etməzdi. Bəyənmədiyi halları görməzlikdən gələrdi. Ondan bir şey ümid edən ondan ümidini kəsməzdi. O danışanda onunla oturanlar susar, başlarını önə əyib, dinləyərdilər. Sanki başlarına quş qonmuşdu, heç tərpənməzdilər. O susanda  yanındakılar danışardı. Onun qarşısında münaqişə etməzdilər. Onlar nəyə gülərsə, peyğəmbərimiz də ona gülər, nəyə təəccüblənsələr, ona təəccüblənərdi”. (“Həyatüs-səhabə”, I/29)

Kəhf surəsinin 28-ci ayəsində və Ənam surəsinin 52-ci ayəsində tələb edildiyi kimi, Rəsulullah (s.ə.s) səhabələrinin təşkil etdiyi, səhər-axşam Allahı anan və Onun rizasını diləyən topluluq ilə daim birgə oturar, onlar çıxıb getmədikcə də, peyğəmbərimiz onları tərk etməzdi. Onları bu qədər dəyərli edən xüsus məhz könül verdikləri bu yolda ədəb və sədaqətlərinin yüksək dərəcəsi idi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz