İmanda Sədaqət

İmanda Sədaqət

Bir insanın digər insanların nəzərində mötəbər qəbul edilməsi üçün müəyyən vəsflərə sahib olması vacib məqamlardandır. Cəmiyyət tərəfindən hər zaman rəğbət görən səxavət, kübarlıq, dürüstlük kimi üstün insani keyfiyyətlərdən biri də, şübhəsiz ki, sədaqətdir. Əslində bu kimi məziyyətlər eyni zamanda Allahın da nəzərində mötəbər sayılan ali mərtəbələrin pilləsi mahiyyətindədir. Ərəb dilindəki “sidq” kökündən gələn “sədaqət”in leksik mənası dostluqda dəyanət, səbat və vəfa göstərməkdir. Sidq yalanın, sədaqət vəfasızlığın ziddidir. Bir insanın ağzından çıxan hər söz sidq və yalan arasında qərar tutar. Ağzından çıxan hər söz ya yalandır, ya da doğru. İnsan sevdiklərinə, ailəsinə, dostlarına, öz ideyalarına qarşı ya sədaqətlidir, ya da vəfasızdır. Bu mənada deyə bilərik ki, bizi biz edən şifahi və əməli olaraq ərsəyə gətirdiyimiz davranışlarımız və durduğumuz yerdir. Həyatda hər şey ziddi ilə bilinir və insan zidliklər arasında ömür sürür. Bütün zidlər də yaxşı və pis adlandırdığımız iki qütb altında birləşir.

İslam düşüncəsində sədaqət hər şeydən əvvəl insanın Yaradanla münasibətlərində ön plana çıxır. Məsələn, iman dairəsinə girməyin ilk şərti dil ilə iqrar, qəlb ilə təsdiqdir; yəni dilin söylədiyinə qəlbin sadiq qalmasıdır. Bir az dərinə getsək, Allahın insana iman üçün bəxş etdiyi qəlbin yaradılış qayəsinə sadiq qalması, Rəbbinə sədaqətidir. Ondan gələn xeyir və şərə riza göstərərək görünəni və görünməyəni, bilinəni və bilinməyəni təsdiq etməkdir.

İman qeyd-şərtsiz sədaqət tələb edir və yalnız imanında sadiq olanlar onun kamillik zirvəsinə yüksələ bilərlər. Bu mənada siddiqlərin piri Həzrət Əbu Bəkrin Merac xəbərini alarkən nümayiş etdirdiyi duruş sədaqətin ən ali nümunəsidir. Belə ki, müşriklərin ağlına batmayan fövqəladə merac hadisəsinin Hz. Əbu Bəkri də imanından döndərəcəyini ümid edərək “Dostun bir gecədə Beytül-Məqdisə, oradan da göylərə çıxdığını söyləyir, buna nə deyirsən?” – dedikdə bu cavabı vermişdi: “O deyirsə, doğrudur. O, gecə-gündüz Allahdan vəhy aldığını söyləyir, mən ona da inanıram!..”

İmanda sədaqət yeri gəldikdə malı və canı Allah üçün fəda etməyi tələb edir. Bu mənada mali və bədəni ibadətlərin hər biri imanda sadiqliyin göstəricisidir. Qurani-Kərimin bir çox ayəsində imanla saleh əməlin yanaşı zikr edilməsi bu ikisinin bir-birindən ayrılmaz olduğunun ən bariz nümunəsidir. İslamın ilk dövründə yaşayan bəzi alimlərin əməli imandan bir cüz sayması da məhz imanla əməlin qarşılıqlı münasibətindən və bu ikisinin bir-birinə təsirindən irəli gəlir. İnsanın Allah üçün canından keçməsi fədakarlığın ən ali zirvəsidir. Bu mənada şəhadət Onunla bağlanan sədaqət peymanının əməli təsdiqidir. Dinimizdə Allahın rizasını umaraq yoxsula və ehtiyac sahibinə edilən infaqın sədəqə adlanması da əbəs deyil. Eynilə sədaqət kimi sidq kökündən gələn sədəqə də Allaha bağlılığın səmimiyyətini göstərən mühüm bir ibadətdir. Bu mənada sədəqə insanın şəxsən sahib olduqlarını Onun yolunda fəda edə biləcəyinin bir təsdiqidir. Dostluqda sədaqət isbat istəyir. Allaha dost olmağın yolu canın və malın bu uğurda fəda edilməsindən keçir. Və yalnız Hz. İbrahim kimi malı, övladı və canı ilə verdiyi imtahandan üzüağ çıxanlar Allahın dostluğuna layiq görülürlər. Allah-Təala Qurani-Kərim ayələrində imanına sadiq qalanlardan təriflə bəhs edir. Məsələn, Uhud şəhidlərindən Ənəs bin Nadr haqqında nazil olan və onun timsalında bütün şəhidləri ehtiva edən ayədə belə buyurulur:

Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhid olmağı) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər”. (əl-Əhzab, 23) 

Həmçinin Allaha və Peyğəmbərə ləyaqətlə itaət edənləri gözləyən mükafatdan bəhs edən ayədə də siddiqlərin xüsusi bir yerinin olduğunu görürük:   

Kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!”. (ən-Nisa, 69)     

İslam anlayışında “sidq”i zədələyən hər bir davranış, hətta ağızdan çıxan sözlər belə birbaşa küfrlə əlaqələndirilərək iman məsələsi olaraq qarşımıza çıxır. Həzrət Peyğəmbərin möminlərə həyat verən hədisi-şəriflərindən birində bu barədə belə buyurulur:

“Sidq insanı birrə (Allahı razı salacaq yaxşılığa) çatdırar, birr də cənnətə aparar. İnsan doğru danışar və doğru olanın axtarışında olarsa, sonda Allah qatında siddiqlərdən yazılar. Yalan insanı həddi aşmağa, həddi aşmaq da cəhənnəmə sövq edər. İnsan yalan danışar və yalanın ardınca düşərsə, sonda Allah qatında yalançılardan yazılar”. (Buxari, Ədəb,78/ 69; Müslim, Birr,45/ 102, 103)

Ona görə imanda sadiqliyimizi qorumaq üçün ağzımızdan çıxana, kimliyimizi ortaya qoyan davranışlarımıza ciddi yanaşmalı, atdığımız hər addımı götür-qoy etməliyik.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz