Ğanəm (qoyun) və Ğanimət (qənimət)
Milyonlarla insanın yaşadığı şəhərdə kəsilən qoyunun dərisi birbaşa zibilliyə atılır. Satmağı qoydum bir kənara, müftə-müsəlləm götürüb aparsınlar, işlətsinlər. Qoyun yununa zibil kimi diksinərək baxan bir nəsil var indi. Qoyunun qarnı, bağırsağı və baş-ayağını 25 yaş altındakı gəlinlər iyrənc və evdən uzaq tutulacaq şey kimi görür. Qoyun dərisini səccadə kimi işlətmək və ya yunundan iplik düzəltmək qədimdə qaldı. Bir qoyundan təxminən 2,5 kq yun əldə edilir. Bir döşəyə 3 kq, yorğana 1,5 kq yun qoyulur. Həmçinin 2,5 kq yundan 25 m2 parça hazırlanır. Bir qoyun bir insanın döşəyini, yorğanını, səccadəsini, geyimini və bir illik ət ehtiyacını, demək olar ki, təmin edir. İndi laboratoriyada ət-toyuq istehsal olunur. Sintetik/plastik içli yastıq və yorğanlar, corablar, paltarlar yayıldı, həm də rəngarəng. Pis qoxulu qoyunun əziyyətini kim çəkmək istəyər?!..
Məscidə, mədrəsəyə və ya yola atılan pişik balalarını satmaq bir yana, üstünə pul qoyub satıcıya verirəm ki, “bunu sat, biri sahib çıxsın”. İt-pişik satan adam ona it-pişik gətirəndən də, ondan it-pişik alandan da pul qazanır. İnsafı olmayanlar isə it-pişiyi küçəyə ataraq, yaxud öldürərək uzaqlaşır. İsraf təkcə çörəkdə, suda, elektrikdə və ya kağızda yaşanmır. Modernizm elə bir aldatmacadır ki, sizi kənddə qoyun çobanlığı etməkdən utandırıb, şəhərdə itlərə çobanlıq etməyi mədəniyyət kimi göstərər.
Anadoluda məşhur olan “Buğda, qoyun; qalanı boş oyun” sözünün həqiqət tərəfi yoxdurmu? Boş sözlər saman alovu kimi tez yanıb sönər, həqiqətlər isə nəsildən-nəslə ötürülüb gələr. Buğda ilə qarnını doyuran insan qoyun ilə də döşəyindən yorğanına, yastığından corabına, səccadəsindən papağına kimi hər bir ehtiyacını qarşılayar. Bir reklam var idi: “Dyo, hər evə lazım”, - deyə. Əslində bu: “Qoyun və çörək, hər evə lazım”, - şəklində olmalıdır.
Əkinçilik və maldarlıqla məşğul olan ilk insan Həzrət Adəmdir. O gündən bu yana əkinçilik və maldarlıq hər cəmiyyətin vaz keçilməzi olmuşdur. Heyvanların buynuzları belə atılmaz, istifadə edilərdi. Yeməyə çörəyin və ətin yoxdursa, dəmirin, gümüşün, neftin nə xeyri var? Karona dövründə insanlar evə qızıl-gümüş yox, buğda, makaron, su kimi qidalar yığmağa başlamışdılar. Şəhərdən uzaqlaşıb kənd yerlərinə köçənlər, özü əkib-becərməyə başlayanlar oldu. Müasir həyat deyilən illüziyada nə tarla var, nə qoyun, nə də insaf!..
Qoyunlar Molla Nəsrəddin lətifələrində də yer alır.
Bir gün Molla Nəsrəddin həccə gedir. Qayıdanda həmyerlilərindən biri soruşur:
- Ay molla, Ərəbistanda xeyli müddət qaldın, yəqin ki, ərəb dilini öyrənmiş olarsan?
Molla:
- Bəli, öyrəndim.
- Elə isə deyə bilərsənmi, ərəbcə dəvəyə nə deyirlər?
Molla deyir:
- Birdən-birə belə böyük sual verərlər?
- Yaxşı, - adam deyir, - balacasından başlayaq. Ərəblər bitə nə deyirlər?
- Ay yerli, bu da çox balaca oldu. Bunun ortası yoxdur?
- Onda, ay molla, quzuya nə deyirlər?
Molla belə cavab verir:
- Quzuya heç nə deməsələr də, quzu böyüyəndə ona ğanəm (qoyun) deyirlər.
“Ğanəm” Qurani-Kərimdə “qoyun” mənasında üç yerdə işlənir (əl-Ənam, 146; Taha, 18; əl-Ənbiya, 78). Ğanəm bizdə “qənimət” kimi istifadə olunan, eyni zamanda zənginlik mənasına gələn “ğanimə” kəlməsi ilə əlaqəlidir. Qənimət onun üçün əmək sərf etmədən zorla ələ keçirilən maldır. Ğanəm, yəni qoyun da çox zəhmət çəkmədən, çəkilən zəhmətdən qat-qat artıqlaması ilə gələn zənginlikdir. Bir qoyun ildə iki dəfə bala verir və hər dəfə balalayanda 1-3 quzu doğur. 100 qoyunu olan şəxs bir il sonra quzuları ilə birlikdə 300-dən çox qoyuna sahib olur. Bir qoyun ildə bir quzu versə, on il sonra 144 qoyun olar. Amma bir maşını, bir telefonu olan şəxsin bu mülkü gələn il də yenə bir olaraq qalar, on il sonra isə hamısı köhnəlmiş, dəyərini itirmiş olar.
Buxaridə nəql edilən bir hədisə görə, hər peyğəmbər qoyun çobanlığı etmişdir. Çobanlıqda nizam-intizam, fərasət, erkən qalxmaq, hissi davranış, fiziki güc, təfəkkür, sağlamlıq, könül saflığı kimi bərəkətlər var. Bir hədisdə: “Qoyun saxlayın, çünki onda bərəkət var”, - buyurulmuşdur. (İbn Macə) Yeməkdə, içməkdə, yatmaqda, geyimdə Allah Rəsulunun sözünü tuta bilmədik. Heç olmasa, bu sözünü tuta biləydik. “Bir qoyundan iki dəri çıxmaz”, amma bir qoyundan ət, süd, yun, dəri, gübrə kimi beş şey çıxar, altıncısı da bərəkət olar.
Şeytan təkcə Adəm babamıza deyil, onun övladlarına və torpaqdan çıxan hər şeyə düşməndir. Laboratoriyada istehsal edilən ətə bir də bu gözlə baxmaq lazımdır. Ət yeməyən vegetarianlara isə sosial mediada gördüyüm bu söz kifayət edər: “Ən böyük heyvan düşməni veganlardır; heyvanın otunu sən niyə yeyirsən?!”
ŞƏRHLƏR