HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 27
Hüdayi həzrətləri buyurur:
Rəsulun verdiyi xəbər,
Gündən-günə zühur edər,
Tutdu dünyanı sərtasər,[1]
Zülüm deyu ağlar varmı?..
Rəsulullah r -in fitən hədislərində xəbər verdiyi və qiyamətin ayaq səsləri olan bir çox fitnə-fəsadın zühur etdiyi axırzamanı yaşayırıq.
Tarix təkərrür edir. Bu gün dünya yenidən cahiliyyə dövrünə qayıtdı. İbn Xəldunun “Keçmiş hadisələr gələcək olanlara suyun suya bənzəməsindən daha çox bənzəyər” sözündə ifadə etdiyi kimi, bu gün dünyamızda haqsız yerə istila edilərək imkanları qəsb edilən məmləkətlər və qanı əmilərək səfalətə sürüklənən milyonlarla insanın acınacaqlı halı cahiliyyə dövründəki vəhşət mənzərələrindən heç də geri qalmır. Zəif və gücsüz xalqlara rəva görülən əza və cəfalar keçmişdəki cahiliyyəyə rəhmət oxudacaq qəbildəndir…
Dünənin cahiliyyəsində güclü olan haqlı idi, bugünkü cahiliyyədə də vəziyyət eynidir. Heç bir şəkildə hesaba çəkilməyən qlobal güclər amansızlıqla zəifləri əzərək dəhşətli qəddarlıq mənzərəsi sərgiləyir.
Bu gün guya, “humanist” və “mədəni” olanlar, özlərini insan haqları carçısı kimi göstərənlər yanğın yerinə çevirdikləri bölgələrdə uşaq, qadın, yaşlı, xəstə fərqi qoymadan hər yeri bombalayıb külə çevirməkdən heç bir vicdan əzabı hiss etmirlər.
Yer üzündəki müharibələri sonlandıracaq imkana sahib olan qlobal güclər zəif və məzlumun yanında olacaq yerdə, öz mənfəətləri üçün zalımın yanında duraraq ona sonuna qədər dəstək verməyə, yanğını körükləyərək yeni qarşıdurmalara zəmin hazırlamağa davam edirlər. Zalım, işğalçıların vəhşi təcavüzünü “özünümüdafiə” adlandırıb, məzlumların öz vətənlərini işğaldan qurtarmağa çalışmasını isə “terror” kimi qələmə verməyə çalışaraq haqqı batil, batili haqq göstərməyə can atır, sanki bəşəriyyətin ağlını məsxərəyə qoyurlar.
Məhz bu gün Qərbin ərköyün uşağı - əliqanlı sionistlər tərəfindən illər uzunu öz vətənində blokadaya alınaraq sanki “açıq hava həbsxanası”nda və “səhra xəstəxanası”nda yaşamağa məhkum edilən, qəsdli zülm və bezdirmə politikası ilə vətənindən qovulmaq istənən milyonlarla qəzzalı müsəlman hər bir imkandan məhrum edilərək 7 oktyabrdan bəri gecə-gündüz demədən insafsızca bombalanır.
Hələ dünən zülm və soyqırıma məruz qaldıqlarını söyləyərək faşizmin qurbanı olduqlarını irəli sürüb bu ədəbiyyatdan bəslənən sionistlər bu gün bütün dünyanın gözü qarşısında qəzzalı müsəlmanlara qarşı misli görülməmiş vəhşilik və qətliam törədirlər. Haqq, hüquq və əxlaq tanımadan evləri, xəstəxanaları, məktəbləri, ibadətxanaları yerlə bir edirlər. Məqsədinə çatmaq üçün hər cür hüquqsuzluğu özünə haqq bilirlər. İllərdir torpağını qəsb etdiyi fələstinli qardaşlarımıza insanlığa yaraşmayan rəftarı rəva görürlər. Qeyri-bərabər güclə terror əsdirirlər. Ümməti-Muhammədi hiddətləndirmək istərcəsinə hərb cinayəti, insanlıq cinayəti, nifrət suçu olan hər şeyi edir, sözün əsl mənasında barbarlıq və vəhşilik sərgiləyirlər.
İnsan olanın qanını donduran, yediyi loğmanı boğazında qoyan, yuxusunu qaçıran, insanlığından utandıran bu fəlakət mənzərələri qarşısında vicdanı olan hər kəs baş verənləri acı ilə izləyir. Biçarə məzlumlarınsa, təəssüf ki, insanlığa dair ümidləri tükənir.
Məhz belə bir həngamədə möminlər olaraq zəif, biçarə, kimsəsiz və əzilənin acısını paylaşmaq, onların dərdinə şərik olmaq hər birimizin ilkin vəzifəsi olmalıdır. Din qardaşlarımız hüznə qərq olmuşkən sevinc nədir bilməməli, onlar ac ikən qarnımızı laqeydliklə doyurmamalı, onlar iztirab çəkərkən səhərə qədər rahat yata bilməməliyik. Məzlumların Ərşi titrədən səsli və səssiz fəryadlarına biganə qalmamalıyıq.
Zalım sionistlər “dünyanın super gücü”nə güvənərək kiçicik əraziyə məhkum edilmiş milyonlarla müsəlmana həyasızca hücum etməyə başladıqda Türkiyəmiz üçgünlük milli matəm elan edib bayraqları yarıya endirmişdi. Bu hərəkətin özü belə səfini bəlli etmək adına məzlumlara verilən dəstəkdir. Lakin din qardaşlarımız qətl edilməyə davam etdiyi müddətdə ümməti-Muhamməd olaraq matəm və yasımız bitməz. Bu fəlakət sonlanıb məzlumların üzü gülmədikcə bizim də üzümüz gülə bilməz, hüznümüz sevinclə əvəzlənməz…
Hüdayi həzrətləri buyurur:
Şol ki etməz Səni özündə tələb,
Barid ahən[2] döyüb, çəkər o taəb…[3]
“Hər kim qəlbində Allah üçün səmimi tələb, xalis niyyət, həqiqi əzm və cəhd daşımırsa, onun işi soyuq dəmiri döymək kimi boş və faydasız yorğunluqdan ibarətdir”.
Mömin Allah yolunda hər cür cəhd və səylə, xüsusilə din qardaşının dərdinə şərik olmaq xüsusunda xalis niyyət və səmimi əməl sahibi olmalıdır. Çünki bunun əksinə, “dostlar bazarda görsün” qəbilindən sırf nümayiş xətrinə və ya fanilərin tənqidindən çəkinərək saxta hal və hərəkətlər sərgiləməklə Allahın rizasına qovuşmaq imkansızdır.
Mömin ümmətin çəkdiyi iztirab qarşısında ürəyi yanan dərdli insandır. Mehmed Akif bu haləti-ruhiyyəni necə də gözəl ifadə edir:
Qanayan bir yara gördümmü, yanar ta ciyərim,
Onu dindirmək üçün qamçı yerim, çiftə yerim…
Adam, aldırma da keç, get, deyəməm, aldırırım;
Çiynərim, çiynənirim, haqqı tutar qaldırırım!..
Bir sözlə, ümmətin iztirabı qarşısında kədərli kimi görünüb heç bir əziyyət çəkməmək açıq-aydın səmimiyyətsizlik ifadəsidir. Bir tərəfdən zalımlara qəzəblənib, digər tərəfdən onların və dəstəkçilərinin məhsulunu almaq, onlara arxa çıxan firmaların moda markalarına üstünlük vermək, onların tərəfini tutan televiziya kanallarının, yazılı və rəqəmsal məcraların abunəçisi olmaq, xülasə, zalımların dəyirmanına su daşımağa davam etmək böyük riyakarlıq və qəflətdir.
Bu xüsusda səmimiyyətdən uzaqlaşıldığı təqdirdə insan öz nəfsinin məsxərəsi və mənfəətlərinin bütpərəstinə çevrilməyə başlayar. İman həssaslığı yerini dünya mənfəətinə buraxar. “Xoşgörü” adı altında yanlışları xəfifə almağa, “Aman küsməsin, dostluq və mənfəətimiz zədələnməsin, ticarətimiz zərər görməsin…” kimi düşüncələrlə zalımlara qarşı səssiz qalmağa başlayar. Halbuki zülmə səssiz qalmaq ona ortaq olmaq deməkdir.
Zülm və haqsızlıq edənlərə lazımi islami duruşu göstərməmək həmin yanlışların yayğın hal almasına, qanuni görülməsinə və nəticədə açıqdan və laqeydcəsinə işlənməsinə zəmin yaradar. Necə ki, İsrail oğullarının pozulma prosesi də dünyəvi mənfəətlərini itirmək qorxusu ilə güzəştə getmələri nəticəsində başlamışdır.
Hz. Peyğəmbər r bunu belə xəbər vermişdir:
“(Bəni İsrail xalqı) ilk dövrlərdə pis əməl işləyən birini gördükdə:
“Ey filankəs, Allahdan qorx və bu əməlindən əl çək! Çünki bunu etmək sənə halal deyil!” – deyərək xəbərdarlıq edərdi. Ertəsi gün həmin adamı eyni vəziyyətdə gördükdə (mənfəətləri ön plana çıxdığı üçün) onunla birlikdə yeyib-içmək və yanında otura bilmək üçün bir daha xəbərdarlıq etməzdilər. Məhz belə olduğu zaman Allah-Təala onların qəlblərini bir-birinə bənzətdi”.
Hz. Peyğəmbər r bunları söyləyərkən bir yerə söykənib danışırdı. Birdən oturduğu yerdən doğrularaq sözünü belə tamamladı:
“Ya siz də bir-birinizə yaxşılığı tövsiyə edər, pislikdən çəkindirər, zalımın zülmünə mane olarsınız, yaxud da Allah-Təala qəlblərinizi bir-birinə bənzədər, İsrail oğullarına lənət etdiyi kimi sizə də lənət edər”. (Əbu Davud, Məlahim, 17/4336)
Haqq-Təala ayeyi-kərimədə açıq-aydın xəbərdarlıq edir:
“Zülm edənlərə meyil etməyin, yoxsa sizə də atəş toxunar!..” (Hud, 113)
Məhz bu ilahi qəzəbə düçar olmamaq üçün zalımların zülmü və məzlumların ahı sabah bəşəriyyətin başına ümumi bəla kimi çökmədən əvvəl bu gün ciddi mənada zalımlara qəzəb edib məzluma sahib çıxmağa çalışmalıyıq. Zalımın qarşısında, məzlumun yanında olmalıyıq. Unutmamalıyıq ki, iman layiqinə məhəbbət, müstəhəqqinə nifrəti tələb edir.
Din qardaşlarımıza qarşı qəlbi həssaslığımızın hansı ölçüdə olacağını Hz. Peyğəmbər r belə xəbər verir:
“Möminlər bir-birilərini sevməkdə, mərhəmət etməkdə və qorumaqda bir vücud kimidirlər. Bədən üzvlərindən biri xəstələndikdə digər üzvlər də bu səbəblə yuxusuzluq və qızdırmadan əziyyət çəkər”. (Buxari, Ədəb, 27; Müslim, Birr, 66)
Şeyx Sədi də bu hədisi-şərifdən ilham alaraq belə səslənir:
“Başqalarının dərdini və acısını hiss etmirsənsə, “insan” adlanmağa layiq deyilsən!”.
İmanın ilk meyvəsi mərhəmətdir. Mömin din qardaşının özünə əmanət edildiyini bilən, fədakar və qayğıkeş insandır. Bu hadisə müsəlmanın necə bir könül dünyasına sahib olmasını xülasə edir:
Misirdə şiddətli qıtlığın hökm sürdüyü günlərdə Yusuf u-dan soruşdular:
– Sən dövlət xəzinələrinə hökm edirsən, nə üçün özünü ac qoyursan?
O isə bu ibrətli cavabı verdi:
– Qarnımın tox olacağı təqdirdə acların halını hiss etməməkdən qorxuram!
Mövlana həzrətləri də belə buyurur:
“Şəms ç mənə bir şey öyrətdi;
“Əgər dünyada üşüyən bir adam varsa, isinməyə haqqın yoxdur”, - dedi. Mən də bilirəm ki, yer üzündə üşüyənlər var və artıq isinə bilmirəm!..”
Biz də məzlum din qardaşlarımızı gördüyümüz zaman düşünməliyik ki:
“Onların yerində biz, bizim yerimizdə isə onlar ola bilərdi. Biz onların yerində olsaq, yer üzündəki din qardaşlarımızdan nə cür rəftar görmək istəyərdiksə, onlara da məhz o cür rəftar etməliyik…”
Bu gün dözülməz acılar yaşayan fələstinli qardaşlarımız üçün bu qəlbi həssaslığa nə qədər malik olduğumuza dair tez-tez nəfsimizi hesaba çəkək. Çünki bu xüsus hər birimiz üçün mühüm bir din qardaşlığı məsuliyyəti və eyni zamanda axirət vəbalıdır.
Bu vəbaldan qurtulmağın yolu məzlum din qardaşlarımıza yardım etmək üçün maddi güc və imkanlarımızı səfərbər etməkdən keçir. Əlimizdən heç nə gəlmirsə, həm bu məsələdə nöqsan və acizliyimizə görə Allahdan əfv diləyək, həm də qardaşlarımızın xilası üçün xüsusilə səhər vaxtlarında səmimi göz yaşları ilə dualar edək.
Qurani-Kərimdə qissələri nəql edildiyi kimi imanlarını qorumaq dərdinə düşən gənclər – Əshabi-Kəhf zalım Dakyanus və ordusundan qaçaraq bir mağaraya sığınmış və orada səmimiyyətlə Allaha dua etmişdilər. Biz də bu gün zalımların mühasirəsində qalan din qardaşlarımız üçün eyni dua ilə Allaha yalvaraq:
رَبَّنَا اتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ اَمْرِنَا رَشَدًا
“…Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər!” (əl-Kəhf, 10)
Həmçinin Allah-Təala Qurani-Kərimdə “bir çox azların çox olanlara qalib gəldiyi”ni bildirmək üçün Calutun güclü ordusuna qarşı Talutun azsaylı əsgərlərindən misal verir. Biz də o imanlı əsgərlərin düşmənlə qarşılaşdıqda etdikləri bu səmimi dua ilə din qardaşlarımıza dua edək:
رَبَّنَا اَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ اَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرينَ
“…Ey Rəbbimiz, üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və kafir qövmə qarşı bizə yardım et!” (əl-Bəqərə, 250)
Hüdayi həzrətləri buyurur:
Feyzi-Haqda buxl[4] yox, hər kəs vəli[5] talib deyil,
Bisəbəb islahı-aləm, Bariyə vacib deyil…
“Haqq-Təala feyz və ehsanında, haşa, xəsislik etməz. Lakin məsələ burasındadır ki, hamı Onun feyz və ehsanını səmimi olaraq istəmir. Allah-Təala da aləmi səbəbsiz yerə islah etməyə məcbur deyil…”
Bəla və müsibətlərin ortadan qalxması, aləmin hüzur və sükunət tapması, yer üzündə nizam-intizamın, haqq-ədalətin bərqərar olması üçün çiyin-çiyinə verib cəhd edənlərə Allahdan rəhmət, bərəkət və yardım gələr. Bunun üçün cəmiyyət olaraq qulluğumuzun gərəyini layiqincə yerinə yetirməmiz kifayətdir.
Haqq-Təala namazın hər rükətində bizə Fatihə surəsini oxudur. Fatihədə xüsusilə bu gün üzərində düşünməli olduğumuz ayə:
اِيَّاكَ نَعْبُدُ وَ اِيَّاكَ نَسْتَعِينُ
“Yalnız Sənə qulluq edər və yalnız Səndən yardım istəyərik” (əl-Fatihə, 5) ayəsidir.
Çünki bu ayədə bizim fərdi olaraq deyil, birlikdə, yəni camaat halında Allaha qulluğumuza diqqət çəkilir. Cəmiyyət olaraq ilahi əmr və yasaqlara riayətimiz hansı haldadırsa, Allahın yardımına da həmin nisbətdə nail olacağımız bildirilir.
Elə isə ümumi bəla və müsibətlərin artdığı zamanlarda cəmiyyət olaraq özümüzü hesaba çəkib xəta və qüsurlarımızı düzəltməyə çalışmağımız vacibdir. Başımıza böyük fəlakət və müsibətlərin gəlməməsi üçün hamılıqla tövbə və istiğfara yönəlib Allahın əmr və qadağalarına daha da diqqətlə yanaşmalı, çoxlu sədəqə və infaqlarla qəribləri, yetimləri, kimsəsizləri və məzlumları sevindirməliyik. Çünki Allahın nüsrət və rəhmətini həqiqi mənada arzulamaq bunu zəruri qılır.
Biz də xüsusilə ümmətin ağır imtahandan keçdiyi bu günlərdə;
– Hal və əməllərimizin ilahi rəhməti, yoxsa (Allah qorusun) ilahi qəzəbi çağıracaq keyfiyyətdə olduğunu səmimiyyətlə təfəkkür edək.
– İlahi rəhməti cəlb edəcək səbəblərdən lazımınca yapışaq.
– Qəhr təcəllilərinə məruz qalırıqsa, xəta və qüsurlarımız üçün tövbə-istiğfar edib səhvlərimizi düzəltməyə çalışaq.
Onu da unutmayaq ki, Haqq-Təala hər şeyə qadirdir. O istəyərsə, zalım, fasiq və günahkarları dərhal qəhr edib cəzalandıra bilər. Məzlum qullarını dərhal qurtara bilər. Lakin belə olan təqdirdə bu dünyada var olma səbəbimiz olan “ilahi imtahan sirri” ortadan qalxar.
Məsələn, Allah-Təala nurunu tamamlayacağını vəd etmişdir və əlbəttə, tamamlayacaqdır da. Çünki Onun hər şeyə gücü çatar. O, bir şeyin olmasını murad etdikdə yalnız “ol” deyər və ən “olmaz” dediyimiz şeylər olar. Qəlblər Onun qüdrət əlindədir. İstəyərsə, kafirin əli ilə də dinini ucaltmağa qadirdir. Yəni nurunu tamamlamaq üçün biz aciz qullarına ehtiyacı yoxdur. Əksinə, hər şey Ona möhtacdır.
Lakin biz bu dünyada “səbəblər aləmi”ndə yaşayırıq. Haqq-Təala da nurunu tamamlamaq xüsusundakı vədini insanların əli ilə gerçəkləşdirəcəyinə görə hamımız o ülvi vədin gerçəkləşməsi üçün fədakarlıq etməyi özümüzə nemət bilməliyik. Əks təqdirdə Rəbbimiz yenə də nurunu tamamlayacaq, lakin bu xidmətlərə laqeyd yanaşanlar ağır məsuliyyət daşıyacaqlar.
Allah-Təala verdiyi hər nemətin hesabını soruşacaq. Məhşər günü, bəlkə də, ən ağır hesab zülm və haqsızlıqlara mane olmaq imkanı var ikən səssiz qalmağın hesabı olacaq. Çünki orada dünyada ikən etdiklərimizdən hesaba çəkiləcəyimiz kimi, etməli olduğumuz halda etmədiklərimizdən də hesab verəcəyik.
Əbu Hüreyrə t-ın bu ifadələri necə də ibrətlidir:
“Biz (əshabi-kiram arasında bu həqiqəti) eşidərdik: Qiyamət günü bir adamın yanına heç tanımadığı bir nəfər gəlib yaxasından yapışar. O da təəccüblə:
– Məndən nə istəyirsən? Mən səni heç tanımıram, - deyər. Yaxasından yapışan adamsa:
– Dünyada ikən mənim pis əməl işlədiyimi görürdün, lakin xəbərdarlıq edib həmin əməldən çəkindirməzdin, - deyərək ondan şikayətçi olar”.[6]
Düşünməliyik ki, biz;
‒ Ən yaxınımızdan başlamaq şərtilə ətrafımızdakılara haqq və həqiqəti nə qədər eşitdirə bilirik?
‒ Selə qapılıb sürüklənən kötüklər kimi batil əhlinin yalan və iftirasına qapılan insanlara əl uzadıb haqq və həqiqəti çatdıra bilirikmi?
Unutmayaq ki, aləmin düzəlib haqq-ədalətin bərqərar olmasını istəmək sadəcə sözlə mümkün deyil. Bunun üçün qəlbi və qövli dualar qədər feili dua olan çalışmalara da ehtiyac var. Çünki “Təqdiri-əzəl qeyrətə aşiqdir”, - deyiblər. Yəni sadəcə dildə qalmayıb səmimi çalışmalarla səmimiyyəti isbat edilən dualar məqbul və müstəcəbdir.
Mömin dünyanın gedişatından özünü məsul bilib onun islahı üçün əlindən gəldiyi qədər səy göstərməklə mükəlləfdir. Zəmanənin şərindən şikayət etmək, zalımlara “Allah islah etsin”, məzlumlara da “vay-vay, can” deyib sonra bu vəziyyəti dəyişmək üçün heç bir səy göstərmədən bir kənara çəkilmək müsəlman əxlaqına yaraşmaz.
Bu gün televiziya ekranlarında, qəzetlərdə, sosial mediada biçarə din qardaşlarımızın yaşadığı fəlakət mənzərələrini gördükcə hüznə qərq olur, bəlkə də, göz yaşı tökürük. Ürək ağrısı ilə “Allah yardımçıları olsun” deyirik. Lakin mərhəmətin əsl təzahürü mahiyyətində “Bu dəqiqə din qardaşımın iztirabını yüngülləşdirmək üçün nə edə bilərəm?” deyərək maddi-mənəvi imkanlarımızla qardaşlarımıza əl uzada bilirikmi?
Unutmayaq ki, hər kəs öz gücü nisbətində məzlumların haqlı mücadiləsini dünyaya eşitdirməyə çalışa bilər. Zalımlara protesto edə bilər. Nəmrudun tonqalına atılan Həzrət İbrahimə bir damcı su daşıyan qarışqa kimi ən azından səfimizi bəlli edən heç bir çalışmanı xor görməyək ki, bir gün bu məzlumların ahı ümumi bir müsibətə dönərək bəşəriyyəti vurduqda Rəbbimizə yalvaracaq üzümüz olsun!..
Haqq-Təala ayeyi-kərimədə biz qullarına belə xəbərdarlıq edir:
“İçinizdən sadəcə zülm edənlərə toxunmayan fitnədən qorxun! Bilin ki, Allahın əzabı şiddətlidir”. (əl-Ənfal, 25)
Yəni ətrafındakı pisliklərə göz yumub səs çıxarmayan və yanlış işlərə dalanlara xəbərdarlıq etmək üçün kifayət qədər səy göstərməyən, lakin zülmə bulaşmamış insanların da zalımlarla birlikdə ümumi əzaba düçar ola biləcəyi xəbər verilir.
Necə ki, Davud u zamanında şənbə günü ov etməmək xüsusunda ilahi əmrə itaət etdikləri halda bu əmrə uymayanlara səs çıxarmayan bir qrup vardı. Hətta onlar günahkarları pis əməldən çəkindirməyə çalışan əməlisaleh insanlara da:
“Həlak olacaq qövmə nəsihət edərək özünüzü niyə yorursunuz?” – deyirdilər. O saleh möminlərsə:
“Biz Allahın hüzurunda məsul olmamaq üçün təbliğ edirik!” deyərdilər.
Nəticədə özləri günah işləməsələr də, həmin günahı işləyənləri qınayıb xəbərdar etmədikləri üçün onlar da ilahi əzaba düçar oldular.
Rəsulullah r hədisi-şəriflərinin birində ümumi əzab təcəlliləri gəlməzdən əvvəl haqq və həqiqətin səsini ucaltmağın əhəmiyyətini belə ifadə edir:
“Canımı qüdrət əlində tutan Allaha and içirəm ki, ya yaxşılığı əmr edər, pislikdən çəkindirərsiniz, ya da Allah tezliklə öz qatından sizə bir əzab göndərər. Sonra Allaha yalvarıb dua da etsəniz, duanız qəbul olmaz”. (Tirmizi, Fitən, 9/2169)
Necə ki, ilahi intiqamı cəlb edən azğınlıqları səbəbi ilə Lut qövmünün həlak ediləcəyini öyrənən Həzrət İbrahim u nə qədər böyük bir üsyana daldıqlarını bilmədiyi üçün onlara mərhəmətlə dua etmək istədikdə mələklər:
“Artıq dua vaxtı keçdi!..” - demişdilər.
Digər tərəfdən, onu da tez-tez təfəkkür etməliyik ki, dinimizin, vətənimizin və maddi-mənəvi dəyərlərimizin bu günlərə gəlib çatması, aləmin nizamı, haqq və ədalətin dünyada hakim edilməsi üçün keçmişdə səhabeyi-kiram, sələfi-salehin və şanlı əcdadımız nə qədər səy göstərmişdi, biz bu gün nə qədər çalışırıq?
‒ Vəfa borcumuzun olduğu əshabi-kirama layiqincə tabe ola bilirikmi?
‒ Feyz aldığımız salehlərin nurlu yolunu könül dünyamızda nə qədər yaşada bilirik?
‒ Əcdadımıza layiq nəsillər ola bilirikmi?
Mehmed Akifin dediyi kimi:
Əcdadını, zənn etmə əsrlərcə uyurdu;
Nərdən bulacaqdın o zaman əldəki yurdu?
Üç qitədə yer-yer qanayan izləri şahid;
Dinlənmədi bir gün o büyük nəsli-mücahid!..
Bu gün də əcdadın əmanəti olan İslam torpaqlarının əmin-amanlığa qovuşması və ümmətin qurtuluşu üçün çox çalışmamız şərtdir. İllərin qəflətindən, səhlənkarlıq və laqeydliyindən azad olmaq üçün gecəni gündüzə qataraq çalışmaq lazımdır. Şanlı tariximizdə olduğu kimi yenidən İslamı əxlaq, fəzilət, elm, sənət, fənn və texnikada, xülasə, mədəniyyətdə ən irəli nöqtəyə aparmamız lazımdır.
Unutmayaq ki, su uyuyar, düşmən uyumaz!..
Allah-Təala iki milyardlıq İslam aləminə birlik-bərabərlik, intibah və diriliş nəsib etsin. Zülmə məruz qalan müsəlman qardaşlarımızı ən qısa zamanda əmin-amanlığa çıxarsın, İslamı müzəffər etsin.
Rəbbimiz bizi də din qardaşının dərdinə şərik olan, əlindən, dilindən və könlündən ümmətin fayda gördüyü, dini həssaslığa sahib qullarından etsin.
Amin!..
[1] Sərtasər: Başdan-başa, tamamilə, bütün.
[2] Barid ahən: soyuq dəmir.
[3] Taəb: yorğunluq, zəhmət.
[4] Buxl: xəsislik.
[5] Vəli: Və lakin, amma, fəqət.
[6] Münziri, ət-Tərğib vət-Tərhib, Beyrut 1417, III, 164/3506.
ŞƏRHLƏR