Sual? - Cavab!

Sual? - Cavab!

Müsəlman qeyri-müsəlman biri ilə evlənə bilərmi?

Dini dəyərlərin qorunması, yaşanması və gələcək nəsillərə düzgün bir şəkildə ötürülməsi baxımından ailə mühüm sosial funksiyaları icra edən bir qurumdur. Bununla bağlı olaraq İslam dini ailə qurarkən dini dəyərləri ön planda tutmağı tövsiyə etmiş və evlənəcək şəxslərin müsəlman olmasına xüsusi əhəmiyyət vermişdir. Dinimiz bir müsəlmanın müsəlman olmayan (müşrik, ateist, deist, buddist və s.) birisi ilə evlənməsini qadağan etmişdir (əl-Bəqərə, 221). Fəqət “əhli-kitab” deyə anılan xristian və yəhudilər bundan istisnadır. Dinimizdə müsəlman kişilərin xristian və yəhudilərin qadınları ilə evlənmələri bəzi şərtlər altında halal görülmüş, fəqət bir müsəlman qızın onlardan bir kişi ilə evlənməsinə icazə verilməmişdir. Qurani-Kərimdə bu mövzu ilə bağlı belə buyurulur: “Sizdən əvvəl kitab verilmişlərdən (əhli-kitab) azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehirlərini də verdiyiniz təqdirdə, onlarla evlənməyiniz sizə halaldır”. (əl-Maidə, 5) Əhli-Kitabdan olan xristian və yəhudi qadınlarla evlənməyin halal olduğu dəqiq olmaqla birlikdə, yenə də İslam alimləri doğulacaq uşaqların İslam tərbiyəsi üzrə yetişmələrinin əhəmiyyətini nəzərə alaraq, bu evliliyin müsəlman ölkəsində və xristian/yəhudi ölkəsində olması arasında fərq qoymuşlar. Müsəlman bir kişinin əksəriyyəti müsəlman olan bir ölkədə xristian və ya yəhudi bir qadınla evlənməsi halında bu qadın müsəlmanlar arasında olacaq, doğacağı uşaq da nənə, baba, əmi, xala və s. müsəlman qohumların əhatəsində İslam dəyərləri üzrə tərbiyə alacaqdır. Ancaq müsəlman bir kişi qeyri-müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkədə xristian və ya yəhudi bir qadınla evləndiyində vəziyyət tam tərsi olacaq və uşaqların qeyri-müsəlman yaxınlarından və mühitdən təsirlənərək onların dini üzrə tərbiyə alması ehtimalı doğacaqdır. Alimlər yuxarıdakı birinci halda xristian və yəhudi bir qadınla evlənməyə icazə verərkən, bir çox İslam alimi ikinci halda belə bir evliliyi tövsiyə etməməkdədir.

Səsli qılınan namazlarda imam səssiz oxusa, nə lazım gələr?

Camaatla qılınan sübh, axşam və yatsı namazlarında imamın qiraəti səsli oxuması, günorta və ikindi namazlarında isə səssiz oxuması vacib hökmündədir. Bunlar tərk edilər və ya bir nöqsana yol verilərsə, səhv səcdəsi etmək lazımdır. İmam səssiz oxuması lazım ikən səsli oxumağa başlayar və ya səsli oxuması lazım ikən səssiz oxuyarsa, xatırladığı andan etibarən səhvini düzəldər və namazına davam edər. Təkrar başa dönüb qiraəti yenidən oxumaz. Amma vacibi tərk etdiyi üçün namazın sonunda səhv səcdəsi edər. Məsələn, səsli bir namazın ikinci rükətində imam Fatihəni səssiz oxuduqdan sonra səhvini anlasa, oradan etibarən səsli oxumağa davam edər və namazın sonunda səhv səcdəsi edər. Səhv səcdəsinin vacib hala gəlməsi üçün imamın ən az üç qısa ayə və ya bir uzun ayə miqdarı oxuması lazımdır. Bundan az olan xətalı (səsli/səssiz) oxuyuşlarda səhv səcdəsi lazım gəlməz.

Təkbaşına namaz qılan kimsə qiraəti səsli oxuya bilərmi?

Təkbaşına namaz qılan kimsənin günorta və ikindi namazları ilə gündüz qılınan sünnə namazlarda səssiz oxuması, yəni özü eşidəcək şəkildə oxuması vacibdir. Səsli oxuyarsa, səhv səcdəsi etməsi lazımdır. Sübh, axşam və yatsı namazları və gecə qılınan nafilə namazlarda isə istərsə qiraəti səsli bir oxuyuşla oxuya bilər. Səssiz oxuması da icazəlidir. 

Namazda oxunması fərz olan qiraəti dodaqları tərpətmədən, sadəcə zehindən keçirərək oxumaq olarmı?

Danışma qabiliyyətinə sahib bir kimsənin namazda Fatihə və digər surələri dili və dodaqları tərpətmədən və səs çıxarmadan təkcə zehindən keçirərək oxuması qiraət sayılmaz. Belə etməklə namazın fərzlərindən olan qiraət yerinə yetirilmiş olmaz və nəticədə namazı keçərsiz olar. Namazda qiraət, namaz qılanın özünün eşidəcəyi bir səslə, dodaqları və dili tərpədərək oxunmalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz