Mənəviyyatın formalaşdırdığı mədəniyyət

Mənəviyyatın formalaşdırdığı mədəniyyət

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

Gigiyena və Bərpa Laboratoriyası şöbə müdiri

Zaur Orucov

Bildiyimiz kimi, İslam incəsənəti əsasən Quran mənşəlidir. Allah inancı başda olmaqla, dinin əsas prinsipləri İslam incəsənətini formalaşdırıb. İslamın əsas ibadəti sayılan namazın mümkün olduqca camaatla qılınmasının məsləhət olunması məscid memarlığının yaranmasının ən əhəmiyyətli amillərindəndir. Namazda qibləyə yönəlmək mehrab memarlığını, əzan minarə memarlığını, xütbə minbəri, vəz isə vəz kürsüsünü meydana gətirdi. Təmizlik məsələsi su memarlığını, o cümlədən sağlamlığın əhəmiyyəti xəstəxana və təbabətdə böyük bir inkişafı bərabərində gətirdi.

Peyğəmbərimizin (s.ə.s) “Allah gözəldir və gözəlliyi sevər” hədisi müsəlmanların gözəllik və incəsənət anlayışına böyük bir üfüq vermişdir. Bunlarla yanaşı, İslamın elm və təhsilə verdiyi dəyər mədrəsə memarlığını; kitaba, xüsusilə də Qurani-Kərimə olan diqqət isə bədii kitab sənətini ortaya çıxartmışdır.

İslam cahanşümul bir həssaslığa malikdir. Belə ki, özündən əvvəlki dövrə aid estetikaya, memarlıq abidələrinə, o cümlədən bölgələrin özünəməxsus ənənələrinə toxunulmayıb. Miladi 635-ci ildə müsəlmanlar Şam şəhərini fəth edərkən “Aziz Yuhanna” kilsəsi iki hissəyə ayrılaraq yarısında müsəlmanlar ibadət etmişdir, digər yarısında isə xristianlar. İstanbul fəth olunarkən Ayasofiya kilsəsi məscidə çevrilir, ancaq daxili tərtibatda olan və o dövrün sənətkarlığını əks etdirən  bəzəklərə toxunulmur. Bu və buna bənzər bir çox hadisələri İslam tarixində görə bilərik. Bu mədəni inkişaf sahələrindən biri də bədii kitab sənətidir.

Araşdırmalar nəticəsində aydın olur ki, qədim Uyğur mədəniyyətində kitab tərtibatı və cildləmə  mövcud olmuşdur. Müsəlman olan uyğur türkləri kitab və bəzəmə sənətinə yeni bir nəfəs verdi. İslam dinində kitaba maraq xüsusilə Qurani-Kərimə diqqət və qayğıya səbəb olmuşdur. Bu minvalla kitab tərtibatı digər mədəniyyətlərlə müqayisədə ən zərif töhfələrini vermişdir. Talas müharibəsində (miladi 751) əsir düşən uyğur sənətkarları ilk dəfə tut ağacının liflərindən hazırlanan kağız emalatxanası qurdular. Bildiyimiz kimi, həmin dövrdə ərəb yarımadasında yazı üçün perqament, papirus və digər yazıya əlverişli materiallardan istifadə olunurdu. İncəldilmiş dəri üzərinə də yazı yazılırdı. Belə dərilərə ərəbcə “raq” deyilirdi. Hətta Qurani-Kərimdə bu ifadə yer almaqdadır:

“And olsun sərilmiş incə dəriyə sətir-sətir yazılmış kitaba!” (ət-Tur, 2-3)

Müsəlman aləmində ilk emalatxanalar miladi 756-cı ildən etibarən Buxara, Səmərqənd, İraq və digər bölgələrdə fəaliyyətə başladı. Avropada kağız istehsalı isə bundan əsrlər sonra İspaniya (1150), Fransa (1189), Almaniya (1320) və İngiltərədə (1494) başlamışdır. Xüsusilə qeyd etmək lazımdır ki,  müsəlman Şərqində emal edilən kağızlar  xəttatlığa, yəni yazıya ən əlverişli formada hazırlanırdı. Kağızın xüsusi metodla hazırlanması ilə başlayan bu proses “ahərli kağızlar” adlanan bir üsulu ortaya çıxartmışdır. Yumurta ağından əldə olunan bir məhlul kağızların səthinə sürtülür və bu, mürəkkəbin kağızın daxilinə hopmasına mane olurdu. Katiblər yazı yazarkən buraxdıqları səhvləri tez təmizləyə bilir və beləliklə, kağız israfının da qarşısı alınırdı.

Katiblərin əmək fəaliyyəti nəticəsində ərsəyə gələn əlyazma əsərlər dövrün dəst-xətti ilə bədii tərtibatda ən zirvə yerə çatmışdır. Bədii tərtibatlı əsərlərin başında, təbii ki, Qurani-Kərim yer alır. Ümumiyyətlə, İslam tarixində cildi və daxili tərtibatı ilə fərqlənən çox nadir əsərlər ərsəyə gətirilmişdir. Qızıllamaq mənasına gələn “təzhib” sözü kitab bəzəmənin ən əsas sənətlərindən birinə çevrildi. Təzhib sənəti tarixdə Təbriz, Şiraz, Herat, Məmlük, Osmanlı məktəbi  adları ilə məşhurlaşdı. İlk dövrlərin bəzəmə üsulunda daha çox həndəsi üsullardan istifadə olunurdu. Sonralar isə daha çox nəbati formalar üstünlük təşkil etdi. Üslublaşan nəbati formalar miniatürlərdə heyvan və insan təsvirləri ilə əvəz olunmuşdur. Ancaq İslam əsaslarında  insan təsviri məsələsi  diqqətə alınaraq həqiqətə uyğun olmayan formada təsvir edilmişdir. Xüsusi kağızı, nəfis xətti, təzhibi və cildi  ilə göz oxşayan əlyazma əsərlər adətən padşahların, xanların və bəylərin kitabxanalarını bəzəyərdi. Bu kimi nadir əsərlərdən biri olan, Natəvana ithaf olunmuş nəfis tərtibli Qurani-Kərim bu gün Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.

İslam coğrafiyasında hüsn-xətt sənətində “Şeş qələm” və ya “Əqlami-sittə” adlanan altı yazı növü qəbul edilmişdir. Bunların xaricində ibtidai kufi, məğrib, divani, təliq, nəstəliq, şikəstə təliq, maqili və siyaqət adları ilə bilinən yazı növləri də mövcud olmuşdur. Bu yazılar əsasən bədii kitablarda və padşah fərmanlarında yer almışdır və bu gün də bəzi ölkələrin rəsmi yazısı kimi davam etməkdədir.  

“Əqlami-sittə” içərisində yer alan və özünəməxsus gözəlliyi olan “nəsx” xətti ilə təkcə Qurani-Kərim yazılmışdır. Digər əhəmiyyətli əsərlər fərqli xətt üsulunda qələmə alınmışdır. Yəni tarix boyu yazı mədəniyyətində Qurani-Kərimə ayrı bir ehtiram və diqqət göstərilmişdir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz