Təməli “Oxu!” olan mədəniyyət

Təməli “Oxu!” olan mədəniyyət

“Yaradan Rəbbinin adı ilə oxu!” - əmri gəlmədən, İslamdan əvvəlki cəmiyyətdə barmaqla sayılacaq qədər az insan oxuma-yazma bilirdi. Məkkədəki ərəb toplumunda 17, bəzi tədqiqatçılara görə isə 24 nəfər oxuma-yazma bilirdi ki, bunun da iki, yaxud beş nəfərinin qadın olduğu söylənir. Rəsulullahın (s.ə.s) qəbilələrə göndərdiyi məktubları oxuya biləcək adam tapılmırdı. Hətta saymağı belə bilən adam sayı az idi. Səslərin rəsmini cızmaqla ünsiyyətin ən güclü vasitəsinin kəşfinə yox, tədrisinə və inkişafına ehtiyac var idi. “Qələmlə yazmağı O öyrətdi” - buyuran Uca Allah fitrətimizə yazmaq və oxumaq qabiliyyətini yerləşdirdiyini ifadə edir. Qurani-Kərimdə “Qələm” adlı müstəqil bir surənin varlığı da ilahi rizanın elmin inkişafında olduğuna işarə edir.

Peyğəmbərimizin vəhy katibliyi, Quranın yazılaraq müshəf halına gətirilməsi, hədislər, mətnlər, məktublar, müqavilələr, vəsiyyətlər və s. kimi bir çox yazılı sənədlər peyğəmbərimizin yazmağı və oxumağı təşviqi ilə irəliləmişdir. Beləliklə, qısa bir zaman kəsiyində cəmiyyətdəki bir çox insan elmini bu istiqamətdə artırmışdır. İslamın gəldiyi toplumda əvvəlkindən daha çox və sistemli inkişaf edən yazı mədəniyyəti xətt sənəti çeşidləri ilə yeni bir cığır açaraq bu dinin elmə verdiyi üstünlüyü ortaya qoydu. Bunu da qeyd etmək lazımdır ki, o dövrdə yazının az və zəif olması ilə bərabər şeir və ədəbi hekayələr, qəlblərdən sızan könül kəlamları dildən-dilə dolaşır, parlama astanasındakı mədəniyyətin çırağını alışdırırdı.

 İslam aləmində indiki mənada kağız üzərinə yazı əsasən hicrətin 120-ci ilindən (m. VIII əsr) geniş istifadə olunmağa başladı. Tezliklə yazı mədəniyyəti, oxumanın da artışı səbəbilə, sürətlə inkişaf etdi və kitabxanalar olacaq və dolacaq şəkildə ətraf diyarlara doğru yayıldı. İnsan oxuyaraq zehnində gəncliyini qoruya bilər. Oxuyaraq zamanlar arasında keçid edə bilər. Oxuyaraq mədəniyyət qəndillərindən işıq alar və gələcəyə ötürər.

Keçmiş gələcəyə mesajını yazılarla çatdırır; gələcək keçmişi oxuyaraq yaşayır. Mədəniyyətini və ənənəsini bunun üzərinə inşa edir. 14 əsrdir ki, milyardlarla müsəlman dünyada yaşadı, ibadət etdi, xeyirxahlıq etdi və dünyadan köçdü. Buna baxmayaraq, gələcək əsrlərdə təkcə elmi və fədakarlığı ilə seçilən şəxsiyyətlər yaddaşlarda qaldı. Xüsusilə alimlərin qələmi, zahidlərin tərki-dünya həyat tərzləri dillərdə dolaşdı. Onların həyat hekayələri hər dövrdə quru qəlbləri suladı, sönən qəlbləri alovlandırdı, ölü qəlbləri diriltdi, qafil qəlblərə xatırlatdı, xəstə qəlbləri müalicə etdi, yanan könülləri sərinlətdi.

Kitab oxuma fəaliyyətində bir çox dünya ölkələrindən, xüsusilə də Qərbdən geridə qaldığımız düşünülsə də, nəşr olunan və satılan kitab çeşidləri və saylarının siyahısı kitabın hələ də oxunduğu qənaətini ortaya qoyur. Oxumaqdan çox dinləməyi və baxmağı xoşlayan insanlıq nə etsə də, kitabdan aldığını başqa heç bir texniki vasitədən əldə edə bilmir. Nə olursa olsun, kitaba dönüş qaçılmazdır. Quranın ilk ayəsi olan “İqra!” (Oxu!) əmri də bu həqiqəti car çəkmiş, mədəniyyətimizdə elmin inkişafının əsas yolunu müəyyən etmişdir. Bu gün bir çoxumuz Quran oxuyarkən çəkdiyimiz çətinlikləri, hecalayaraq oxumağımızdakı yavaşlığı nəzərə alaraq, zövq və həvəslə oxuya bilmədiyimizi düşünürük. Bəzən düşünürük ki, səhabə və tabeun, yaxud alimlərimiz Quranı bir, yaxud yeddi gecədə xətm edərək necə zövq və iştiyaq hiss etmişlər? Beləcə, onların da sanki bizim kimi oxuduğunu düşünürük. Halbuki onlar çox oxuyar, bəzən sürətli, bəzən asta və anlayaraq oxuyar, ayələri təfəkkür edər, səs və qiraət ahəngi ilə kitabın dərinliklərinə dalar, Quranı haqqıyla oxuyardılar. Rəhlələrində daim açıq olan kitabı təkrar-təkrar oxuyaraq kitabın ayağını başına bağlayar, hər oxuyuşda ayələrdən yeni şeylər öyrənər, fərqli, kreativ düşüncələr ortaya qoyar, hökmlərdə və əsaslarda daha dərin və lazımi üsullara baş vurardılar.

“Oxu” mədəniyyətinin varisləri olaraq masamızda Quran kitabımız hər daim açıq olmalıdır. Açıq kitab bizi hər an oxumağa dəvət edəcəkdir. Hər gün Quran və başqa kitablarla oxuma vəzifəmizi icra etsək, zehnimizi yaşlanmaqdan, beyin hüceyrələrimizi ölməkdən qoruyar, mədəni həyatın sürüklənən yox, aparıcı qüvvələrindən olarıq. Şüurlu bir müsəlman olaraq, ilahi hüzura zehni Quransız çıxmaqdan utanmalı, oxuduqca həyat verən kitaba sarılmalıyıq. Biz də dinimizi oxuyub yaşamaqla bərabər, həm də yazıb yaşatmalı deyilikmi?! Dinimizi bizə yazı ilə çatdıranların mesajını oxuyaraq, gələcəyə yeni yazılarla çatdırmaq sırası bizdədir. İlahi əmr bizə belə buyurur:

“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı ələqdən (laxtalanmış qandan) yaratdı. Oxu! Rəbbin ən böyük kərəm sahibidir. O, qələmi (yazmağı) öyrətdi. O, insana bilmədiklərini öyrətdi”.(əl-Ələq, 1-5)

Sonra da oxuyana dəyər verərək belə buyurdu: “De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.(əz-Zümər, 9)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz