HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 14

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 14

Hüdayi həzrətləri buyurur:

İyiliyi et, suya at, bilməzsə gər[1] balıq anı,

Bilər ey dil,[2] alimi-danə[3] olan Xaliq anı…

Hüdayi həzrətləri bu beytində “yaxşılıq et, suya at, balıq bilməsə də, Xaliq bilər” atalar sözünü şeirlə ifadə etmişdir.

Yaxşılıq, yardım, xeyir-həsənat və infaq kimi əməlləri fanilərin təqdir və iltifatını umaraq deyil, Allah-Təalanın riza və məhəbbətinə nail olmağı diləyərək işləmək lazımdır. Ona görə də mömin etdiyi yaxşılıqları mümkün mərtəbə fanilərin gözündən gizli saxlamalıdır.

Necə ki, bir hədisi-şərifdə heç bir kölgənin olmayacağı qiyamət günü Allah-Təalanın ərşinin kölgəsində himayə edəcəyi yeddi sinif insandan birinin “sağ əlin verdiyini sol əli bilməyəcək qədər gizlindən sədəqə verən” kəslər olacağı bildirilir.[4]

Gizlindən verilən sədəqə onu alan adamın minnət altında qalaraq utanma ehtimalını da aradan qaldıracağı üçün daha fəzilətlidir. Haqq dostları da bu ədəbə xüsusi diqqət yetiriblər. Qeyd edəcəyimiz hadisə necə də ibrətlidir:

İslam tarixinin ilk illərində Mədineyi-Münəvvərədə yaşayan bir çox kasıb ailənin qapısına hər səhər naməlum şəxs tərəfindən bir çuval ərzaq qoyulurdu. Bir gün səhər oyananda qapılarında ərzaq olmadığını gördülər. Bunun səbəbini axtararkən bu dəm həzin səla səsi eşidildi. Mədineyi-Münəvvərə Həzrət Əli t-ın nəvəsi Zeynəlabidin həzrətlərinin vəfat xəbəri ilə çalxalandı. Hər kəs dərin hüznə qərq oldu. Həzrətin nəşini yuyan adam ehtiramla o mübarək zata qarşı son vəzifələri yerinə yetirərkən kürəyində suluqlamış böyük yaralarla qarşılaşdı. Heyrət və maraqla səbəbini soruşanda bu sirdən agah olan yaxınlarından biri belə dedi:

“Zeynəlabidin həzrətləri hər səhər hazırladığı ərzaq çuvallarını kürəyinə alıb erkən saatlarda kasıbların qapısına qoyar, heç kimin gözünə görünmədən geri qayıdardı. Camaat da həmin çuvalların kimin qoyduğundan xəbərsiz idi. Kürəyində gördüyünüz yaralar həmin çuvalları daşımaqdan əmələ gəlib”.[5]

 Zeynəlabidin həzrətləri kimi xeyir-həsənat və saleh əməllərinə hətta dünyəvi və nəfsani qayələrin kölgəsini belə düşürməməyə can atan əsalətli ruhlar necə də xoşbəxtdir!..

Osmanlı zamanında da bu nəzakət və ruhi əsalətin bir çox misalını görə bilərik.

Fateh Sultan Mehmed xan İstanbulda yaşayan şəhid ailələrinə yemək göndərərkən onların izzət və heysiyyətini zədələməmək üçün xüsusi həssaslığa riayət edərək axşamın alatoran vaxtını seçmiş və yeməyin qapalı qablarda daşınmasını əmr etmişdir.

Padşahı tərəfindən belə bir ədəb sərgilənən Osmanlı cəmiyyətinin seçkin fərdləri də sədəqələrini zərf içərisində “sədəqə daşları”na qoyardılar. Möhtaclar da kimin verdiyini görmədən həmin yerdən yalnız ehtiyac olduğu qədərini götürüb qalanını digər möhtac qardaşlarına saxlayardılar. 

Bəndə ilə Allah arasında gizli qalmalı olduğu halda dünyəvi və ya nəfsani təmayüllərlə insanlara da ərz edilən əməllərin Allahın hüzuruna yüksələcək heç bir qiyməti qalmaz. Ziyanverici həşəratların dadandığı bitkinin qısa müddət ərzində quruyub çürüməsi kimi dünyəvi və nəfsani mənfəətlər qarşılığında fanilərə reklam olunan xeyir əməllər də təkəbbür, riyakarlıq, öyünmək kimi bayağı vəsflərlə bütün savabdan məhrum olar.

Yəni saleh əməllər “qonum-qonşu, el-aləm nə deyər?” kimi fanilərin qınağından qurtulmaq və ya onların nəzərində etibar qazanmaq kimi qayələrlə işlənərsə, bunun Allah qatında bükülüb kənara atılan bez parçasından fərqi olmaz.

Bunun əksinə, “fanilər deyil, Allah bilsin!” deyərək sırf Allahın rizasını qazanmaq üçün xalis niyyətlə edilən saleh əməllərin əcr və mükafatını yazmağa qələm kifayət etməz.

Həmçinin Allah rizası üçün işlənən xeyir-həsənatı mümkün mərtəbə gizli saxlayıb sanki həmin əməllərin sahibi deyilmiş kimi “arifanə təcahül” sərgiləmək, yəni “bildiyi halda bilmirmiş kimi” rəftar etmək də qəlbi kamilliyin göstəricisidir. Ona görə də Haqq dostları belə buyurub:

“İki şeyi unutma:

  1. Allahı,
  2. Ölümü.

İki şeyi də unut:

  1. Sənə edilən pislikləri,
  2. Etdiyin yaxşılıqları”.

Lakin insan etdiyi yaxşılıqları unutmayıb onları gözündə böyütməyə davam edərsə, hətta onları reklam edib başqalarına qarşı öyünərsə, bu zaman əməlinə riya qarışdırdığı üçün öz əli ilə əcrini zay etmiş olar.

Ayeyi-kərimədə belə buyurulur:

“Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər…” (əl-Bəqərə, 264)

“(Etdiyin yaxşılığı) çox görüb minnət qoyma!” (əl-Müddəssir, 6)

Edilən xeyirləri və saleh əməlləri unutmayıb, əksinə, durmadan onları gündəmə gətirmək, buna güvənərək, qulluqda və Allahın rəhmətinə sığınmaq xüsusunda insanı səhlənkarlığa sövq edə bilər. Yəni insan “mən bu qədər əməl işlədim, bu mənə bəsdir, başqası heç bu qədərini də etmir” kimi yanlış müqayisələr apara bilər.

Halbuki hədisi-şərifdə belə buyurulur:

“Mömin son mənzili cənnət olana qədər eşitdiyi heç bir xeyirdən doymaz”.  (Tirmizi, Elm, 19/2686)

Başqa bir hədisi-şərifdə də Peyğəmbərimiz r ölən hər kəsin böyük peşmanlıq çəkəcəyini, vəfat edən kəs ehsan sahibi və saleh adamdırsa, bu gözəl hal və davranışlarını daha da artırmadığını fikirləşərək böyük peşmanlıq keçirəcəyini xəbər vermişdir”. (Bax. Tirmizi, Zöhd, 59/2403)

Yəni möminə yaraşan əməl özünü cəmiyyətdəki qafillərin halı ilə müqayisə edib qurtulduğunu düşünərək gün keçirmək deyil. Əksinə, əshabi-kiram kimi son nəfəsinə qədər durmadan yüksələn əzmlə ibadət, itaət və xeyir-həsənata can atmaqdır. Qulluğu heç vaxt kifayət görməməkdir.

Muhamməd Məsum g bu xüsusda riayət edilməli olan ədəbi belə ifadə edir:

“Həm ibadət və itaət üzrə yaşayın, həm də bu ibadətlərdəki qüsurlarınız səbəbi ilə istiğfar edin! İşlədiyiniz əməlləri Allah-Təalaya layiq görməyin!

Böyüklərdən biri belə buyurmuşdur:

اِعْمَلْ وَاسْتَغْفِرْ : Saleh əməllər işlə və ardınca dərhal istiğfar et!”.

Qulluq ədəbi məhz budur!”.[6]

Həzrət Əli t da belə xəbərdarlıq edir:

“İşlədiyiniz saleh əməllərə göstərdiyiniz əhəmiyyətdən daha artığını onun qəbuluna və qorunub saxlanmasına göstərin”.

Məsələn, məscid, Quran kursu, bulaq, su quyusu, məktəb kimi hər hansı bir xeyriyyəçilik edən kəsin həmin əsərə öz adını verməsi onu təkəbbür və riyakarlığa sürükləyəcəyi üçün xoş qarşılanmamışdır. Çünki bütün bunlar insanların nəzərində etibar qazanmağa səbəb olan, amma ixlası zədələyən davranışlardır.

Lakin bu kimi xeyir müəssisələrinə vəfatından sonra təsis edənin adını vermək və ya varislər tərəfindən ərsəyə gətirilərək kiminsə adının verilməsi mümkündür. Burada heç bir qəbahət yoxdur. Çünki artıq ölən adam üçün riyakarlıq təhlükəsi qalmamışdır. Belə olacağı təqdirdə vəfat edənin xeyirlə yad edilərək rəhmətə nail olması ümid edilir.  

Digər tərəfdən, saleh əməllərdə, xüsusilə infaqda gizlilik əsas olmaqla yanaşı, zərurət hallarında və ya başqalarını da xeyrə təşviq etmək məqsədi ilə bəzən bu kimi xeyir işləri aşkarda görmək ehtiyacı yarana bilər.

Məsələn, beş vaxt namazı camaatla qılmaq; onu açıq-aşkar əda etmək sünneyi-müəkkəddir, hətta bəzi ictihadlara əsasən vacib hökmündədir. Bu xüsusda riya olmasından qorxaraq evdə təkbaşına namaz qılmağa icazə yoxdur. Mümkün mərtəbə beş vaxt namaz məsciddə, camaatla qılınmalıdır və təkbaşına qılınan namazdan 27 qat daha savabdır.

Eynən bunun kimi, cəmiyyətin istifadəsi əhəmiyyət kəsb etdikdə mömin -qəlbini riyadan qorumaq şərti ilə- saleh əməlləri aşkarda da işləməyə davam etməlidir. Riyakarlığa düşmək təlaşı ilə saleh əməlləri tərk etmək qəflətindən uzaq durmalıdır.

Ayeyi-kərimədə bu barədə belə buyurulur:

“Əgər sədəqələri aşkar şəkildə versəniz, bu da yaxşıdır. Ancaq (sədəqələri) gizlincə kasıblara versəniz, bu sizin üçün daha xeyirlidir…” (əl-Bəqərə, 271)

“Mallarını gecə-gündüz, gizli-aşkar (yoxsullara) infaq edənlər üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (əl-Bəqərə, 274)

Deməli, qəlbin qayəsi Allah rizası olduqdan sonra gizli və aşkar, hər iki halda da infaq etmək caiz və məqbuldur.

Hüdayi həzrətləri buyurur:

Sirrini kəşf etmə yada,

Vermə hasilini bada,[7]

Bir dost edin kim[8] dünyada,

Heç səndən ayrılmaz ola…

Əvvəl də ifadə etdiyimiz kimi, xüsusilə nafilə ibadətlər və xeyir əməllər insanın Rəbbi ilə arasında qalmalı olan sirlərdir. Bu sirləri lüzumsuz yerə başqalarına açanın halı min bir əziyyət çəkib biçdiyi məhsulu küləkdə sovuran adamın halına bənzəyir.

Fanilərin alqışını qazanmaq, onların dostluq və yaxınlığına nail olmaq üçün bu sirləri ifşa etmək qulu Allahın yaxınlıq və dostluğundan məhrum qoyar.

Halbuki insanın bu imtahan dünyasında qazanacağı ən xeyirli dost və ən vəfalı sirdaş hər an onunla bərabər olan, qəbirdə və axirətdə belə onu tərk etməyən Haqq-Təaladır. Ona görə də mömin fanilərin iltifatına və qınamasına əhəmiyyət verməyib Allahı razı salmağa çalışmalıdır.

Unutmayaq ki, qiyamət günü ibadət və xeyir əməllərimizin əcrini verəcək olan yalnız Allah-Təaladır, fanilər deyil!..

Bir gün Hz. Peyğəmbər r:

- Sizin üçün ən çox qorxduğum şey, kiçik şirkdir, - buyurmuşdu.

Yanındakılar:

- Kiçik şirk nədir, ey Allahın Rəsulu? - deyə soruşdular.

Rəsulullah r bu cavabı verdi:

- Riya, yəni göstərişdir. Qiyamət günü insanlar əməllərinin qarşılığını alarkən Allah-Təala riya əhlinə belə buyurar:

“Dünyada olarkən riyakarlıq etdiyiniz adamların yanına gedin! Görün onların yanında hər hansı bir qarşılıq tapa biləcəksinizmi?!” (Əhməd, V, 428, 429)

Bir sözlə, qula fayda verəcək olan və onu harada olmasından asılı olmayaraq tənha qoymayacaq ən vəfalı dost Allah-Təaladır. O halda bütün əməllərimizdə:

اِلهي اَنْتَ مَقْصُودي وَ رِضَاكَ مَطْلُوبي

“İlahi! Məqsədim yalnız Sənsən, tələbim də ancaq Sənin rizayi-şərifindir”, - duası ilə niyyətlərimizi bərəkətləndirməliyik.

Bu şüur və idraka nail olan ariflər bütün dünya əks tərəfə dönsə də, Allah-Təalanın rizasına üz tutarlar. Kim nə deyir-desin, onlar daima Allahın dediyinə etibar edərlər. Rəbbimiz də belə qullarını heç vaxt dostsuz, sahibsiz, himayəsiz qoymaz. Hər müşkülün ardınca bir qurtuluş qapısı açar. Ayeyi-kərimədə buyurulan:

اَلَا اِنَّ اَوْلِيَاءَ اللّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

“Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər”, (Yunus, 62) sirrinə müvafiq olaraq onları hüzn və kədərdən əmin edər.

Hüdayi həzrətləri buyurur:

Bir padişaha qul ol kim,

Mülkü zail olmaz ola…

Bir gülşənə bülbül ol kim,

Heç saralıb solmaz ola…

Zərbi-məsəldə ifadə olunan “ağaca söykənmə, quruyar, insana söykənmə, ölər” sözü kimi bəndənin fani varlıqlara həddən artıq güvənib arxalanması, onlardan məhrum qaldıqda da az qala özünü həlak edirmiş kimi hüzn və kədərə qərq olması Allaha olan təvəkkül və təslimiyyətindəki nöqsanlığın əlamətlərindəndir. Çünki mömin üçün əsla zərər görməyəcək sığınacaq Allah-Təaladır.

Fikirləşməliyik ki, nə qədər güc-qüvvət sahibi olsaq da, imkanlarımız nə qədər böyük olsa da, güvəndiyimiz fani varlıqlar bir gün anidən əlimizdən alına bilər. Atalarımız necə də gözəl deyib: “Gözəlliyinə güvənmə, (simandakı) bir sızanaq yetər; malına güvənmə, bir qığılcım yetər”. Ona görə bəndə etimad etdiyi fani varlıqlar əlindən alındıqda kimə sığına biləcəksə, qəlbini hər zaman ona bağlamalıdır.

Rəbbimiz bizə belə sual edir:

“De: “Deyin görüm, əgər Allah eşitmə və görmə qabiliyyətinizi (əlinizdən) alsa və qəlblərinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə geri gətirə bilər?..” (əl-Ənam, 46)

“De: “Deyin görüm, əgər suyunuz çəkilsə (qurusa), onda kim sizə axar su gətirə bilər?” (əl-Mülk, 30)

Bu etibarla səbəblərə bağlanıb Müsəbbibul-Əsbabı, ruziyə bağlanıb Rəzzaqı, nemətlərə bağlanıb onların həqiqi sahibi olan Allah-Təalanı unutmamalıyıq. Dünyəvi qayğılar üçün Rəbbimizə təvəkkül və təslimiyyətdə zəiflik göstərib Quran və Sünnə istiqamətindən ayrılmamalı, qulluğumuzdan uzaqlaşmamalıyıq.

Ayeyi-kərimədə buyurulur:

“Şeytan sizi yoxsulluqla qorxudar və sizə pis işləri (xəsisliyi) əmr edər. Allah isə sizə, Öz dərgahından bağışlanmaq və bərəkət vədi verər...” (əl-Bəqərə, 268)

Qısaca xülasə etsək;

- Rəbbinin lütfünə layiqincə etibar edən bir mömin dinini yaşamaq xüsusunda cəsarətsizlik və xəsislik göstərməz.

- Həqiqətən, Rəbbinə güvənib arxalanan bir mömin ona Allah yolunda çalışmağa mane olan nəfs və şeytanın hiyləsinə qulaq verməz, qurduğu tələyə düşməz.

- Rəbbinə layiqincə təvəkkül edən bir mömin hansı müsibətlə qarşılaşırsa-qarşılaşsın:

حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكيلُ

“…Allah bizə yetər. O nə gözəl vəkildir!..” (Ali-İmran, 173) - deyərək qulluq istiqamətini qoruyar. “Çarəsizlərin çarəsi Allahdır!” - deyərək könül hüzurunu mühafizə edər.

Hüdayi həzrətləri buyurur:

Yerlərü göylər lisanı hal ilə həp çağırıb

Derlər; Allaha gəlin kim masivada[9] yox bəqa!..

Haqq-Təala könül gözü ilə oxuyub varlıqların hal dilindən agah olmamız üçün kainat kitabını kövni ayələrlə təchiz etmişdir. Hikmət və ibrət nəzəri ilə baxdıqda açıq-aydın görünür ki, kainatın ümumi və hakim mənzərəsi fanilikdir.

Bu qissə nə qədər mənalıdır:

Rəvayətə görə, hökmdarlardan biri elə bir saray tikdirmişdi ki, adı dillərə dastan imiş. Sarayın hər otağı ayrı bir gözəllik sərgisi, hər guşəsi xüsusi bərbəzəklə bəzənib işlənmiş sənət əsəri imiş. Qapılar ağac oyma sənətinin ən nadir nümunələrini özündə cəm etmiş, divarlar başdan-ayağa insanın ruhunu oxşayan nəfis xəttatlıq nümunələri ilə dolu imiş. Xülasə, sarayın ehtişamını ifadə etmək üçün söz aciz qalırdı.

Hökmdar günlərin birində Haqq dostlarından birini saraya dəvət edir. Təşrif buyuran qonağına sarayın hər guşəsini gəzdirdikdən sonra:

- Necədir, sarayı bəyəndinizmi? Fikrinizi bilmək istərdim, - deyir.

Allah dostu isə:

- Sultanım, sarayın dünyəvi ehtişamı həqiqətən gözqamaşdırıcıdır. Sarayın inşasında əməyi olan sənətkarlar bütün məharətlərini ortaya qoyublar. Bir sözlə, hər şey mükəmməldir, - dedikdən sonra əlavə edir:

- Sadəcə bir nöqsanı var!

Hökmdar çaşqın-çaşqın soruşur:

- Allah-Allah! Nədir bu sarayın nöqsanı?

O Allah dostu hər bir zərrəsi ilə bütün kainat üçün keçərli olan qısa, yığcam, lakin son dərəcə mənalı bir cavab verir:

- Bəqası yoxdur!..[10]

Həqiqətən: “…Ondan (Allahdan) başqa hər şey yox olacaqdır…” (əl-Qasas, 88) - ayeyi-kəriməsi gərəyincə yoxdan var edilmiş olan bütün məxluqat yox olmağa məhkumdur. Həmçinin qəbiristanlıqdakı məzarların bir çoxunun başdaşına yazılan “Huvəl-Baqi” ifadələri bunun ən açıq və bəlağətli ifadəsidir. Elə isə yox olmayacaq olanın ardınca düşmək, yəni fani olana deyil, Baqi olana üz tutmaq vacibdir.

Hikmət əhlindən biri belə buyurur:

“Dünya qızıldan, lakin fani olsa, axirət də palçıqdan, amma baqi olsa, ağıllı adam baqi olanı fanidən üstün tutar. Bunun əksi olarsa, yəni dünya palçıqdan və fani, axirətsə qızıldan və baqi olarsa, nə etməliyik?!”[11]

Hüdayi həzrətləri buyurur:

Neyləyəyim dünyanı?

Mənə Allahım gərək!

Gərəkməz masivanı,

Mənə Allahım gərək!..

Bütün dünya bizim olsa və min il ömür sürsək, nə fayda?! Nəticədə bu dünyadakı ömrümüz də, dünya da faniliyə məhkumdur. Kəfəndən başqa qəbrə nə apara biləcəyik? Həyat bazarının ən dəbdəbəli geyimi olan kəfən bütün fani ticarətlərin, tükənməz nəfsani istəklərin sona çatdığı yoxluq nöqtəsi deyilmi?..

Dünya həyatında sahib olduğumuzu düşündüyümüz bütün nemətlər yenə də dünyada qalacaq. Həmin nemətlərə sahib olmamız əslində məcazi və müvəqqətidir, biz sadəcə əmanətçiyik. Mülkün də, bütün nemətlərin də həqiqi sahibi Haqq-Təaladır.

Könülləri cəzb edən bütün ehtişamına rəğmən dünya Allah-Təalanın xəzinələri içində bir toz zərrəsi qədər də deyil. O halda dünya həyatında əldə edə biləcəyimiz ən böyük qazanc sonsuz qüdrət sahibi olan Allah-Təalanın riza və məhəbbətidir. Buna nail olan kəs, dünyada başını soxacaq bir çadırı belə olmasa, hər şeyi qazanmış sayılar. Bunu itirənsə bütün dünyaya sahib olsa belə, hər şeyi itirmiş sayılar.

Haqq-Təala bizi könlümüzü yoxluğa məhkum kölgə varlıqlara bənzəyən dünya cazibələrinə əsir etməkdən mühafizə etsin. Qəlblərimizi əbədi riza və məhəbbətinin təcəllagahı qılsın.

Amin!..

 

  1. Gizlindən verilən sədəqə onu alan adamın minnət altında qalaraq utanma ehtimalını da aradan qaldıracağı üçün daha fəzilətlidir.

Fateh Sultan Mehmed xan İstanbulda yaşayan şəhid ailələrinə yemək göndərərkən onların izzət və heysiyyətini zədələməmək üçün xüsusi həssaslığa riayət edərək axşamın alatoran vaxtını seçmiş və yeməyin qapalı qablarda daşınmasını əmr etmişdir.

Osmanlı cəmiyyətinin seçkin fərdləri də sədəqələrini zərf içərisində “sədəqə daşları”na qoyurdular. Möhtaclar da kimin verdiyini görmədən həmin yerdən yalnız ehtiyac olduğu qədərini götürüb qalanını digər möhtac qardaşlarına saxlayardılar. 

 

  1. Zərbi-məsəldə ifadə olunan “ağaca söykənmə quruyar, insana söykənmə ölər” sözü kimi bəndənin fani varlıqlara həddən artıq güvənib arxalanması, onlardan məhrum qaldıqda da az qala özünü həlak edirmiş kimi hüzn və kədərə qərq olması Allaha olan təvəkkül və təslimiyyətindəki nöqsanlığın əlamətlərindəndir. Mömin üçün əsla zərər görməyəcək sığınacaq Allah-Təaladır.

 

 

  1. “Yenilməz qüvvət sahibi və mərhəmətli olan Allaha təvəkkül et!”. (əş-Şüəra, 217)

 

  1. Haqq-Təala: “Əsrə and olsun ki, (qafil) insan ziyandadır”. (əl-Əsr, 1-2) - Bir insan Nuh u qədər uzun ömürlü olsa, Yusuf u qədər gözəl olsa, Süleyman u qədər sərvət sahibi olsa, lakin qəflət içindədirsə, yəni faniliyi dərk etmirsə, yenə də ziyandadır.

 

Atalarımız necə də gözəl deyib: “Gözəlliyinə güvənmə, (simandakı) bir sızanaq yetər; malına güvənmə, bir qığılcım yetər”.

 

[1] Gər: əgər.

[2] Dil: könül.

[3] Danə: müdrik, bilikli.

[4] Bax. Buxari, Azan, 36, Zəkat, 16, Riqaq 24; Müslim, Zəkat, 91.

[5] Bax. İbn Kəsir, əl-Bidayə, IX, 112, 122; Əbu Nuaym, Hilyə, III, 136.

[6] Muhamməd Məsum, Məktubat, I, 83, № 92.

[7] Bad: külək.

[8] Kim: ki.

[9] Masiva: Allahdan başqa bütün varlıqlar.

[10] Bu hadisənin xəlifə Harun Rəşid və Bəhlul Danəndə həzrətləri arasında baş verdiyini deyənlər də var.

[11] Əbul-Abbas Əhməd bin Muhamməd İbn Acibə, əl-Bəhrul-Mədid fi Təfsiril-Quranil-Məcid, Qahirə 1419, II, 112.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz