İman və Küfr Sərhədi

İman və Küfr Sərhədi

İman və küfr bir-birinin ziddi iki anlayışdır. İman inanmaq, təsdiq etmək, qəbul etmək, küfr isə inkar etmək, qəbul etməmək mənasını verir. İman “kəlmeyi-şəhadət” deyilən bir neçə sözü qəbul edərək dilə gətirməklə meydana gəlir, küfr isə imana tərs düşəcək, inkar sayılacaq bir əqidəyə sahib olmaq, bu mənaya gələn sözlər söyləmək və ya bu mənada davranmaqla, hərəkətləri ilə inkar etdiyini bildirməklə olur. Daha qatı bir ifadə ilə desək, küfr imanı bir anda yox edən bir anlayışdır.

Bu baxımdan hər müsəlman imanını zədələyəcək, təhlükəyə salacaq, hətta pozacaq əqidə, söz və davranışlardan özünü qorumalıdır. İmansız əməlin bir qiyməti olmaz. Çünki iman əməllərin mötəbərlik möhrüdür. İman olmazsa, ömür boyu edilən bütün yaxşı əməllərin axirətdə heç bir faydası olmaz. Ona görə hər mömin ömrünün sonuna qədər imanını mühafizə etməli və axirətə iman ilə getmək üçün çalışmalıdır.

Bunu edə bilmək üçün imanı poza biləcək təhlükələri yaxşı bilmək lazımdır. Mömin zərərli şeyləri bilərsə, ondan qoruna bilər. Bilinməyən zərərlərdən qorunmaq mümkün deyil.
Küfrə səbəb olan sözlər və hərəkətlər çoxdur. Bunu da qeyd etmək lazımdır ki, bir nəfərdə küfrə səbəb olan iş və ya söz görülsə, onu dərhal təkfir etmək doğru deyil. İnsanın İslamdan çıxması, yəni kafir olması bu üç haldan biri ilə gerçəkləşir:

İstihlal (halala haram demək və ya harama halal demək),

İstixfaf  (Dinin hər hansı bir əmrini ciddiyə almamaq), 

İstehza (Dinin hər hansı bir əmrini və ya nəhyini lağa qoymaq). 

Ümumiyyətlə, müsəlman müsəlmana hüsn-zənn etməli, haqqında pis düşüncələrə qapılmamalıdır. Bir qayda olaraq, əhli-qiblə təkfir olunmaz. Küfr sayılan şeyləri qəlbindən keçirmək küfr deyil. Bunlar şeytanın xatırlatmaları, səy və vəsvəsələridir. Bu hiylələrə aldanmamaq üçün diqqətli olmaq lazımdır.

Küfr və təkfir haqqında əqaid kitablarında “əhli-qiblə təkfir edilməz” qaydası keçir. Adam qibləyə yönəldiyi və namaz qıldığı halda, əlbəttə, təkfir edilə bilməz. Ancaq küfrə salan əqidə, söz və davranışlar vasitəsilə özü özünü küfrə düşürmüş olar. Belə söz və davranışlardan biri də haqqında ayə və hədis olan böyük günahlardır.

Böyük günah naslarda (ayə və hədislərdə) haqqında ilahi təhdid olan davranışlardır. Ayələrdə şirk (Allaha ortaq qoşmaq) və küfrdən (Allahı və axirəti, iman əsaslarını, Allahın əmr və qadağalarını inkar etmək) bəhs edilmiş, hədislərdə və bu haqda əsərlərdə Quranda təfsilatı ilə bildirilməyən böyük günahlar qeyd edilmişdir. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Sizə böyük günahları xəbər verimmi? Onlar: Allaha ortaq qoşmaq, ata-anaya asi olmaq və yalançı şahidlik etməkdir”. (Buxari, Ədəb, 6; Müslim, İman, 38; Tirmizi, Təfsir, 5) Başqa bir hədisdə isə belə buyurulur: Məhv edən yeddi günahdan çəkinin. Onlar: Allaha ortaq qoşmaq, sehrbazlıq etmək, haqsız yerə adam öldürmək, yetim malı yemək, faiz yemək, hərbdən qaçmaq, namuslu və imanlı bir qadına zina iftirası atmaqdır”. (Buxari, Vasaya 23; Müslim, İman, 38; Əbu Davud, Vasaya, 10). Böyük günahları Hafiz Zəhəbi Abdullah ibn Abbasa (r.anhuma) əsaslanaraq 70, Həytəmi isə 467 növ olaraq kitablarında qeyd etmişlər. Halal sayılmadığı təqdirdə büyük günah (şirk və küfrdən başqa) mömin olan insanı imandan çıxartmaz və küfrə soxmaz.

Abdullah ibn Ömərdən (r.anhuma) rəvayət edildiyinə görə, böyük günahlar aşağıdakılardır:

1 - Haqsız yerə adam öldürmək,

2 - Namuslu qadına böhtan atmaq,

3 - Zina etmək,

4 - Döyüşdən qaçmaq,

5 - Sehrlə məşğul olmaq,

6 - Yetimin malını yemək,

7 - Müsəlman olan ata-anaya üsyankar olmaq,

8 - Haram işləməkdə təkid etmək,

9 - Faiz yemək,

10 - Oğurluq etmək,

11 - İçki içmək.

Böyük olsun, kiçik olsun, heç bir günahı halal saymamaq lazımdır. Dinin əmrlərini xəfifə almağa və lağa qoymağa da heç bir halda icazə yoxdur. Allah-Təala buyurur: “Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan (ağılsız) bir qövmdür”. (əl-Maidə, 58) Bu ayədə əsasən iki mühüm əmrə vurğu edilir: azan və namaz. Belə ki, Hz. Peyğəmbər (s.ə.s) zamanında münafiqlər azanın sözlərini lağa qoyardılar. Bu, onların şüursuzluğundan irəli gəlirdi. Bu gün də İslamın hər hansı bir əmrinə və ya qadağasına qarşı cürətkar davranmaq cahilliyin ən böyük işarələrindəndir.

Müsəlman olan şəxs dinin qaydalarını, əmr və qadağalarını düzgün öyrənməli, bu haqda danışarkən diqqətli olmalı, həyat tərzini bu qaydalara müvafiq tənzimləməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz