İffət və həya
İffət və həya insanın dəyərini göstərən gözəl xüsusiyyətlərdəndir. İnsanın mənəvi şəxsiyyəti bu məziyyətlərə görə yüksəlir. Həyanın imandan qaynaqlandığını ifadə edən Hz. Peyğəmbər (s.ə.s) bir hədisində: “Hər dinin bir əxlaqı var, İslamın əxlaqı isə həyadır”, - buyurmuşdur. (Malik, Hüsnül-xuluq).
İbn Ömərin rəvayət etdiyi bir hədisdə belə buyurulur: “Allah bir bəndəni həlak etmək istəyərsə, ondan həya duyğusunu çəkib alar, beləliklə, o insan arzuolunmaz insan sayılar. Sonra ondan əmanət duyğusu alınar, beləliklə, o, xain bir insana çevrilər. Xainə çevrilən insan rəhmətdən məhrum qalar və onu lənət bürüyər. Belə davam etdiyi təqdirdə isə lənətlənmiş insanın İslamla heç bir əlaqəsi qalmaz”. (İbn Macə, Fitən, 27)
Hədisdən gördüyümüz kimi, həlaka səbəb olan və insanın İslamla əlaqəsinin kəsilməsinə aparan yolun başında həyasızlıq və iffətsizlik dayanır. Həya və iffət insan oğluna verilmiş bir vəsf olmaqla, bizi digər canlılardan ayıran mühüm xüsusiyyətdir. Ona görə də iffət və həya insan üçün vazkeçilməz əxlaqi keyfiyyətdir.
Bəs iffət və həyalı olmaq, iffət və həyalı qalmaq, onu qorumaq üçün nə edilməlidir?
- Əvvəla bunun üçün Rəbbimizə çoxlu dua etmək lazımdır. Çünki günahların bu qədər çoxaldığı bir dövrdə ancaq Allahın xüsusi yardımı ilə həyasızlıq və iffətsizlikdən qurtula, həyalı qala bilərik. Gündəlik dualarımız arasına bu istəyi də almalı, Rəbbimizdən istədiyimiz nemətlərin içərisinə həya və iffət nemətini də daxil etməliyik. Hz. Peyğəmbərimiz (s.ə.s): “Allahım, Səndən hidayət, təqva, iffət və zənginlik istəyirəm”, - deyə dua edərdi. (Müslim, Zikr, 72)
- İffət və həyanı zədələyəcək mühitlərdən uzaq durmaq. Elə mühitlər olur ki, nə qədər əxlaqlı olsanız belə, o mühitlər sizi təsir altına alır, özünə əsir edir. Belə mühitlər bəzən internet aləmi, bəzən bir film, musiqi, bəzən bir dost və ya yoldaş (rəfiqə) münasibəti də ola bilər. Mənfi yöndən təsir edən mühitlərdən uzaqlaşmadıqca iffət və həyanızı tam mühafizə edə bilməzsiniz.
- İffət və həyaya mənfi təsir edəcək insanlardan uzaq durmaq. Bəzi insanlar var ki, onlarla ünsiyyət qurduğunuz zaman sizə mənfi təsir bulaşır. O cür insanlar nəfs və həvəsinin əsirinə çevrilmiş insanlardır. Elələrinin ən böyük xüsusiyyətləri qarşılarına çıxan bütün haramlara bulaşmaq, qeyri-ciddi, nə dediyinin və nə etdiyinin məsuliyyətini dərk etməyən insanlardır. Belələri bəzən dostların, bəzən iş yoldaşlarının, bəzən qohum-əqrəbanın, bəzən də tələbə və sinif yoldaşlarının arasında olur. Bu cür şəxslərdən uzaq durmaq lazımdır. “Atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar” atalar sözü yaddan çıxarılmamalıdır. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində: “Ədəbsizlik və çirkin söz daxil olduğu yeri çirkinləşdirər. Həya isə daxil olduğu yeri gözəlləşdirər”, - buyurmaqdadır. (Tirmizi, Birr, 1975)
- İffət və həyanı zədələyəcək zamanlara diqqət etmək. İnsanın iffət və həyası üçün ən təhlükəli vaxtlar boş vaxtlardır. Nəfs və şeytan insanın ən zəif yerini tapmaq üçün boş və bekar olduğu zamanları gözləyir. Belə birini gördükdə vaxt itirmədən ona təsir etməyə başlayır. “Həyat boşluq qəbul etmir” deyimində olduğu kimi, vaxtı səmərəli keçirməyən birini nəfs və şeytan pis yollara və işlərə yönləndirər. Allah-Təala həqiqi nicat tapanlar haqqında belə buyurur: “Həqiqətən, möminlər nicat tapmışlar, … o kəslər ki, boş söz və hərəkətlərdən üz çevirərlər”. (əl-Muminun, 1-3)
- İffət və həyanı zədələyəcək qidalardan uzaq durmaq. Hər nə qədər diqqət edilməsə də, insan üçün yediyi qidalar böyük təsirə malikdir. Rəzzaq olan Allah-Təala insan oğluna yer üzündəki qidaların təmiz və halal olanından yeməyi əmr edir. İffət və həyasızlığa doğru atılan ilk addımlardan biri də haram loğmadır. Çünki haramla bəslənən vücudda ilk tərk edilən duyğu utanma duyğusudur. Mədəsinə nəyin getdiyini idarə edə bilməyən bir insan gözünü, qəlbini, ağlını və nəfsini də idarə edə bilməyəcəkdir.
- İffət və həyanı zədələyəcək baxışlardan uzaq durmaq. İffətsizlik mikrobunun vücuda girəcəyi qapılardan biri də gözlərdir. Ariflərdən birinin qəlbin göz və mədədən başlayaraq bulandığını ifadə etməsi bu həqiqəti göstərmək üçündür. Haram baxışlarla başlayan yolçuluq insanı iffətsizlik limanına aparar. Harama baxmaq elə bir xəstəlikdir ki, müalicəsi çox çətin və məşəqqətlidir. Hətta bu vərdiş yaşlılıqda belə insanı tərk etməyən bir fəlakətə çevrilir. Hz. Peyğəmbərimiz (s.ə.s): “Harama baxmaq şeytanın zəhərli oxlarından bir oxdur”, - buyurur. (Hakim, Müstədrək)
Unutmayaq, qəlbimizin təmizliyi, ruhumuzun saflığı böyük ölçüdə iffət və həya həssaslığımıza bağlıdır.
ŞƏRHLƏR