Bir Hədis

Bir Hədis

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم: ثَلَاثُ ‌دَعَوَاتٍ مُسْتَجَابَاتٌ لَا شَكَّ فِيهِنَّ: دَعْوَةُ المَظْلُومِ، وَدَعْوَةُ المُسَافِرِ، وَدَعْوَةُ الوَالِدِ عَلَى وَلَدِهِ

Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Üç dua vardır ki, onların qəbul olmasında əsla şübhə yoxdur: Məzlumun duası, səfərdə olanın duası və atanın övladı üçün etdiyi dua”. (Tirmizi, Birr, 7)

Hədisi-şəriflərdə duaların qəbul olunduğu müəyyən zamanlara diqqət çəkilmişdir. Buna misal olaraq cümə günü, gecənin üçdə biri, fərz namazlardan sonra, Qədr gecəsində, səcdədə və s. edilən duaları göstərmək olar. Bu hədisdə isə Allah Rəsulu (s.ə.s) üç kimsənin duasına diqqət çəkir. Bunlar: haqsızlığa məruz qalan məzlumun duası, səfərdə olanın duası və atanın övladı üçün etdiyi duadır. Bu üç kimsə arasında müəyyən ortaq cəhətlər vardır. Belə ki, bunların hər üçü səmimi və pak duyğulara sahib olan kimsələrdir. Haqsızlığa məruz qalan kimsənin ürəyi sınıq olur, səfərdə olan kimsə yurdundan-yuvasından uzaq olduğu üçün qəribdir, ata isə öz övladlarına qarşı mərhəmət duyğuları ilə dolu bir qəlbə sahibdir. Elə bu səbəblədir ki, hər üçünün duası qəbul olunan dualardan sayılır.

Hədisdə keçən dua kəlməsi təkmənalı bir ifadə olaraq görünsə də, bu kəlmə ilə həm dua, həm də bəddua etmək nəzərdə tutulur. Hədisi bu şəkildə izah etdikdə bu üç kimsənin etdiyi dualar və bəddualar qəbul olunur kimi bir məna ortaya çıxır.

İslam dinində haqların qorunması və insanlar arasında ədalətin təmin olunması əsas hədəflərdəndir. Buna görə də haqsızlığa məruz qalan kimsələr dini baxımdan müəyyən üstünlüklər əldə edirlər. Bunlardan ən əsası duasının qəbul olunmasıdır. Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Məzlumun duasından çəkinin, çünki onun duası ilə Allah arasında pərdə yoxdur”. (Buxari, Məzalim, 10) Zülmə məruz qalanın müsəlman olması da şərt deyildir. Çünki bəzi rəvayətlərdə “günahkar belə olsa”, hətta “kafir belə olsa” qeydlərini görmək mümkündür. (“Müsnəd”, XX, 22) Hədisin bu hissəsindən belə bir nəticə ortaya çıxır: Heç kimə haqsızlıq etməmək və haqsızlığa məruz qalan kimsələrə qarşı biganə olmamaq lazımdır.

Səfərdə olan kimsə gördüyü yaxşılıq və ikram səbəbi ilə dua edər, qarşılaşdığı haqsızlıq və biganəlik səbəbi ilə bəddua edərsə, onun da duası və ya bədduası qəbul olunar. Çünki o da qərib olduğu üçün məzlum kimi qəbul edilir. Bu səbəbdən onun duası da məzlumun duası qədər təsirlidir.

Nəticə olaraq, hədisdə qeyd olunan üç kimsənin ortaq tərəfi hər üçünün həssas bir qəlbə sahib olmalarıdır. Demək ki, qəlbi həssas olan insanların duaları daha tez qəbul olunur.

 

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz