QURANA SUSAMAQ ZAMANI
Bu dünyada hər şey bəslənmə və tərbiyə qanununa tabe olduğu kimi, ağıl və hisslər də din şüuru və iman feyzi ilə bəslənməyə, ilahi tərbiyədən keçməyə məcburdur. Əks halda ağıl və hisslər insana rəhbər olacağı yerdə cılızlaşar və sahibini fəlakətə götürər. Bu həyat yolçuluğunun məchullarını məlum edən, suallarına cavab verən, qaranlıqlarını aydınladan; ağıl və qəlb üçün hər yöndən qənaətbəxş dəlilləri əhatə edən yeganə ilahi kitab, şübhəsiz ki, Qurani-Kərimdir.
Əshabi-kiram Allahın insanlığa qurtuluş ipi olaraq uzatdığı Quranı oxuyur, başa düşür, qəlbən həzm edir və onu həyata tətbiq edirdi. Hz. Ömərin "Bəqərə surəsini on iki ildə tamamladım və şükür olaraq bir dəvə qurban kəsdim" sözü bunun bariz nümunələrindən sadəcə biridir. Demək ki, onlar Quranı sadəcə oxumaqla kifayətlənmir, dərk edib yaşamağa çalışırdılar. Onların Quran tilavəti içindəkilərə vaqif olmadan sadəcə oxuyub üstündən keçmək və ya sırf ölülərə oxumaq məqsədi daşımırdı.
Allahın razı qalacağı bir qul ola bilmək üçün Quranın qəlbdə yer etməsi zəruridir. Quran istiqaməti üzrə yaşama həssasiyyətindən qafil olanlar haqqında, ayeyi-kərimədə xəbər verildiyi kimi, Hz. Peyğəmbərin şikayəti çox dəhşətlidir:
"Peyğəmbər də: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək". (əl-Furqan, 30)
Hansısa xarici dili öyrənmək üçün min bir əziyyətə qatlanıb kolleclər arasında müqayisə apardığımız halda Quran Kurslarını gözardı edərək -hətta xor görərək- övladlarımızı o ilahi kəlamdan və onun ruhaniyyətindən məhrum etməyimiz çox üzücü haldır. Halbuki ən böyük müvəffəqiyyətimiz öldükdən sonra mənəvi həyatımız üçün gəlir təmin edəcək, arxamızdan duaçı olacaq xeyirli bir nəsil yetişdirməkdir. Bunun üçün məktəblərin tətilə çıxdığı yay aylarında uşaqlarımızın əlindən tutub onları Quran kurslarına aparmaq, dünya və axirət səadətlərini gündəmimizə almaq şərtdir. Bir zamanlar ölkədə milli-mənəvi dəyərlərimizin bir parçası kimi dini təhsil verəcək məkanlar yox idisə, bu gün şükürlər olsun ki, hər şəhərdə, hər kənddə məscidlər fəaliyyət göstərir. Dövlət tərəfindən dini sahəyə göstərilən xüsusi qayğı nəticəsində övladlarımızın Quranla münasibət qurması üçün hər cür şərait var. Bir valideyn olaraq bu gün onları Quran təliminə sövq etmək hər zamankından daha vacib və məsuliyyətlidir.
Yeri gəlmişkən, Quran təlimi ilə məşğul olan müəllim və din xadimlərimizin də riayət etməli olduğu bəzi nüanslara diqqət çəkmək istərdik. Belə ki, Quran kurslarının da özünü inkişaf etdirməsi, yalnız tilavəti öyrətməyə bağlı qalmaması da zəruridir. Uşaqları Quranın gözəlliyindən, əhatə etdiyi mövzulardan, xüsusilə, peyğəmbərlərə aid qissələrdən və bu qissələrdəki ilahi mesajlardan xəbərdar etmək sürətilə iman həyəcanını gücləndirmək vacibdir. Ayrıca, Allah Rəsulunun (s.ə.s) siyəri üzərində də durulmalıdır. Çünki O, nümunəvi həyatı ilə Quranın canlı bir təfsiri mahiyyətindədir. Siyəri-Nəbiyə layiqi ilə vaqif olmaq və onu haqqı ilə təlim etmək üçün də yaşayış və əxlaq etibarilə Allah Rəsulunun izini təqib edib Ona bənzəməyə çalışmaq mütləqdir.
Quran müəllimlərinin tələbələrinə daha çox əhəmiyyət vermələri zəruridir. Tələbələrinə təsirli olmaq üçün onlara məhəbbətlə yanaşıb özlərini sevdirmələri lazımdır. Çünki biliksiz və məhəbbətsiz bir təlim ancaq bezdirib yorğunluq gətirər.
Həmçinin Qurani-Kərim bütün elmlərin hikmət tərəfini xülasə şəkildə ehtiva etdiyi üçün Quran müəllimlərinin günümüzdəki elmi və fənni həqiqətlərdən xəbərdar olmaları da şərtdir. Çünki Qurani-Kərim elmi kəşflərlə təsdiqlənmişdir. Məlumdur ki, ən məşhur elm adamlarının ciddi araşdırmaları nəticəsində hazırladıqları ensiklopediyaların belə davam edən elmi inkişaf qarşısında vaxtaşırı nöqsanları ortaya çıxır və günün elmi səviyyəsinə görə düzəlişlərə ehtiyac yaranır. Halbuki Qurani-Kərim əsrlərdir heç bir elmi təkzibə məruq qalmadığı kimi, aparılan elmi kəşflər də daima onu təsdiqləmişdir. Yəni bəşər elmi daima Quranın arxasından gəlir, Quranın ülvi bəyanları bəşər elminin önündə liderlik edir.
Quran təlimində bu xüsusların da öyrənilib təlim edilməsi müasir insanların İslamı daha doğru və sağlam şəkildə başa düşməsinə vəsilə olacaqdır. Son olaraq, Quran Allah-Təaladan bütün bəşəriyyətə göndərilən hidayət məktubudur. Bu məktubla qullarını Darus-səlama, yəni cənnətə dəvət edir. Bu dəvəti qəbul etmək üçün Quranı düzgün oxuya bilmək, ayələrin duyğu dərinliyinə vara bilmək, canlı Quran həyatı yaşayıb qəlbi-səlim sahibi olmaq lazımdır.
ŞƏRHLƏR