BƏDİİ ƏDƏBİYYAT VƏ MÜTALİƏ SƏVİYYƏSİ: ÜMUMİ MƏNZƏRƏ

BƏDİİ ƏDƏBİYYAT VƏ MÜTALİƏ SƏVİYYƏSİ: ÜMUMİ MƏNZƏRƏ

Müəyyən qədər ədəbi prosesin içindəyəm deyə, bu sahədə olan durumla az-çox tanışam. Bu gün Azərbaycanda tez-tez səslənən fikirlər əsasən bunlardır: Bizim xalqımız kitab oxumur. Bizim oxucular yerli yazıçıları oxumurlar. Xalqımız daha çox şou-biznesə, toya, əyləncəyə pul xərcləyir, nəinki kitablara, elmə, sənətə.

Öncə onu deyim ki, dünya xalqları arasında həqiqətən mütaliə səviyyəsinə görə seçilən millətlər var. Məsələn, onların sırasında yaponları və rusları misal çəkmək olar. Ali təhsilimlə bağlı yeddi il Rusiyanın mədəni paytaxtı sayılan Sankt-Peterburq şəhərində yaşamışam deyə, özüm bunun şahidi olmuşam. Gündəlik istifadə etdiyim metroda elə bir vaqona rast gəlmək olmazdı ki, orda heç olmasa, iki, ya üç kitab oxuyan adama rast gəlməyim. Həmin şəhərdə yerləşən “Dom Kniqi”də (Kitab evi) uzun kitab növbələrini, eləcə də köhnə kitabların satıldığı yarmarkalara çoxlu adamların gəldiyini görmüşəm və qeyd edim ki, ruslar arasında bədii ədəbiyyata maraq həmişə kifayət qədər çox olub.

Bəs Azərbaycanda bu sahədə vəziyyət əvvəl necə idi və indi necədir? Sovet dövrünün özəlliklərindən biri ittifaq respublikalarında insanları kitab oxumağa təşviq etmək idi. Keçən əsrin 70-ci illərində yaşamış adamlarla söhbət edəndə məlum olur ki, onların valideynləri, məsələn, o dövrdə məşhur olan “Azərbaycan” və “Ulduz” jurnallarına abunə yazılırdı. Bu jurnalların aylıq tirajları yüz mini keçirdi. Eyni şeyi nəşr olunan kitablar haqqında da demək olar.

Sovet İttifaqı dağıldıqdan sonra kitablara və jurnallara olan tələbat kəskin şəkildə azaldı. Keçən əsrin 90-cı illərini xatırlayan biri kimi deyim ki, o zaman insanlar daha çox qəzetlər vasitəsilə öz mənəvi ehtiyaclarını və informasiya aclığını öldürürdülər. Ümumiyyətlə, həmin dövrdə bizi daha çox milli-azadlıq hərəkatının və Dağlıq Qarabağ münaqişəsinin necə bitəcəyi maraqlandırırdı, nəinki ədəbi arenada baş verənlər.

Ölkə neft gəlirləri əldə edəndən sonra iqtisadiyyat sahəsində müəyyən stabillik əldə edildi və müstəqil nəşriyyatlar meydana gəlməyə başladı. 2000-ci illərin əvvəllərindən başlayaraq, bədii ədəbiyyata diqqət yenidən artmağa başladı. Artıq on ildən çoxdur bir sıra nəşriyyatlar yerli yazıçı və şairlərin kitablarının nəşri ilə məşğuldur. Və ədalət naminə qeyd etmək lazımdır ki, bəzi yazarların kitabları satılaraq təkrar nəşr olunmuşdur ki, bu, mütaliəyə olan marağın göstəricisidir.

Bədii ədəbiyyata olan marağı təsnifləndirəndə, bu nəticəyə gəlmək olar: İnsanlarımız daha çox roman, - bu tendensiya tək Azərbaycanda yox, dünyada da belədir, - hekayələr, memuarlar (non-fiction), lap axırda isə şeir oxumağa üstünlük verirlər.

Nəşriyyat işinə “zərbə və ziyan vuran” amillərdən biri və önəmlisi, sözsüz ki, internet saytlardır. Hal-hazırda Azərbaycanda təxminən ona yaxın ədəbi sayt mövcuddur ki, bu saytlarda həm yerli, həm də xarici müəlliflərin əsərlərinə rast gəlmək olur. Müəyyən ciddi maliyyə qaynağına malik olan saytlar daha böyük istifadəçi auditoriyasına malikdir. (Növbəti yazılarımızdan birində ədəbi saytlara da toxunmaq fikrimiz var.)  Nəticədə oxucular daha az xərc tələb edən saytlardan istifadə etməyə üstünlük verir. Tutaq ki, mütaliə edən adam on beş-iyirmi manata dörd, ya beş kitab alacağı təqdirdə, həmin pulla aylıq internet haqqını ödəyərək, onlarla kitab və məqaləni müxtəlif saytlardan endirmək imkanı əldə etmiş olur. Yeri gəlmişkən, internet məkanında saysız-hesabsız pirat saytlar var ki, onlardan minlərlə kitabları pulsuz endirmək olur. Sonucda, öncə qeyd etdiyimiz kimi, ziyan çəkən nəşriyyatlar olur.

İstənilən halda, bədii ədəbiyyatın insanların maraq dairəsini tərk etməsini söyləmək düzgün deyil. Sadəcə, hansı əsərlərin oxunmasının məqbul olub-olmaması  məsələsi (bədii zövq məsələsi) önəm daşımalıdır ki, bu, artıq ayrı söhbətin mövzusudur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz