KİTAB VERİLƏN BİR ÜMMƏTİN HALI

KİTAB VERİLƏN BİR ÜMMƏTİN HALI

Bütün dünyanın ən qlobal məsələlərindən biri də, sözsüz ki, oxumaq, öyrənmək, araşdırmaq və faydalı işlərlə məşğul olmaqdır. Gündəlik məşğuliyyətlər, oyun-əyləncə vasitə və məkanlarının çoxluğu gəncləri oxumaqdan, öyrənməkdən sürətlə uzaqlaşdırmaqdadır. Lap kiçik uşaqlar belə texnologiyanın əsirinə çevrilmiş, virtual aləm hər birimizi öz iri  pəncəsinə almışdır. Və bu texnoloji bağlılıq “öz aləmindən” uzaqlaşıb nə isə faydalı işlər görməyə imkan verməməkdədir. Kiçiklərimizi cizgi filmləri, gənclərimizi internetin, sosial şəbəkələrin “bərbəzəkli” səhifələri, xanımlarımızı, qızlarımızı bayağı, həqiqətdən uzaq, ədəb, həya və ismət duyğusunu əllərindən alan seriallar, demək olar ki, əsir etmişdir. Bizə, milli-mənəvi dəyərlərimizə yad ünsürlərin ailələrimizə, toplumumuza “aşılanması” nəticəsində ortaya özümüzə yad, milli-mənəvi dəyərlərimizdən uzaq gənclər çıxdı. Bunun da ağrı-acısını, təbii olaraq, fərdlər, ailələr və toplum çəkməkdədir.

Faydalı işlərlə məşğul olmaq, toplum üçün xeyirli işlər görmək, əsərlər qoymaq bu gün, demək olar ki, ən ümdə məsələlərdən biridir. Oxu əmri ilə başlayan müqəddəs bir kitaba sahib olan ümmətin fərdlərinə cahil olmaq, elmdən, tərəqqidən, inkişafdan geridə qalmaq heç yaraşarmı?  Elmə, öyrənməyə, insan yetişdirməyə, oxuyub-yazmağa yüksək qiymət verən bir dinin mənsubları niyə savadsız qalmalıdır?

Bu suallara fərqli cavablar vermək olar. Hər kəs müxtəlif fikirlər səsləndirə bilər. Mən şəxsən bunun səbəbini mənəvi dəyərlərdən uzaqlaşmaqda, zövq-səfaya, əyləncəyə, çalıb-oynamağa daha çox meyilli olmağımızda, elmə, elmli insanlara lazımi ehtiramın azlığında görürəm.

Mənəvi dəyərlər gənclərə böyük ölçüdə elmli və faydalı insan olmaları üçün təkan verib ruhlandıran amildir. Mənəvi dəyərlərə sahib olan bir gənc Allahın ilk əmrinin “Oxu!” olduğunu anlayacaq, elmə, oxumağa daha çox vaxt sərf edəcəkdir. Çünki onun iman etdiyi Kitab və Peyğəmbəri (s.ə.s) vaxtı hədər etməyə, gəncliyini, ömrünü mənasız və faydasız işlərə sərf etməyə icazə verməməkdədir. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Bir işi bitirdiyin zaman başqa bir işə (və ya ibadətə) qalx! Və Rəbbinə yönəl!”. (əl-İnşirah, 7-8) Bu ayədən də göründüyü kimi, mənəvi dəyərlərə sahib olan bir müsəlman daim axtarışda olmalı, çalışmalı, boş və mənasız işlərlə məşğul olmamalı, bir işi bitirdikdən dərhal sonra yenə başqa faydalı işlərə yönəlməlidır.

Allah Rəsulu (s.ə.s) elmin üstünlüyündən danışarkən belə buyurmuşdur: “Alimin şüursuz bir şəkildə ibadət edən şəxsdən üstünlüyü, mənim sizin ən alt dərəcənizdəkinə olan üstünlüyüm kimidir... Şübhəsiz ki, Allah, mələkləri, yer və səma əhli, hətta yuvasındakı qarışqa, dənizlərdəki balıqlara qədər hər şey elm öyrədən insanlara (xeyri-şəri öyrədənlərə) dua edərlər”. (Tirmizi, Elm, 19)

Əqidəmizin şərtlərindən biri də “kitablara” iman gətirməkdir. Kitablara iman gətirən insan təkcə iman gətirməklə qalmayıb, təbii ki, onu oxumağa və öyrənməyə can atacaqdır. Bu da təbii olaraq insanı oxumağa, öyrənməyə, mədəni, bilikli və savadlı olmağa sövq edər. Uca Allahın Peyğəmbərlərlə yanaşı, bəşəriyyətə kitablar da göndərməsinin bir hikməti də insanların oxuyan, araşdıran, intellektual səviyyəsi yüksək toplum halına gəlməsini istəməsidir. Çünki nurani, müdrik, elmli, ziyalı insanların yaşadığı bir toplumun əmniyyəti, rifahı, nizam-intizamı, əxlaqi dəyərləri digərlərindən mütləq yüksək olacaqdır.

Normal bir insan və vətəndaş olmaq, vətəni, ata-ananı sevmək, öz millətinə, dəyərlərinə bağlı qalmaq, övlad sahibi olub onu faydalı bir fərd kimi yetişdirmək, insanlarla ünsiyyətdə onların haqq və hüquqlarına riayət etmək, qonum-qonşu ilə rəftarda, ailədaxili münasibətlərdə, bir sözlə, cəmiyyətdə yüksək ədəb, nizam-intizama sahib olmağın yolu oxumaq, araşdırmaq və intellektual səviyyəmizi yüksəltməkdən keçməkdədir. Burada oxumaq deyəndə təkcə mücərrəd biliklərə sahib olmaq deyil, Allahı tanımaq, qəlbin əməllərinə və mənəvi duyğulara üstünlük vermək də nəzərdə tutulmuşdur. Mənəviyyatsız, dinsiz elm kor, elmsiz mənəviyyat isə topaldır.

Biz valideynlər evimizi maddənin işğalından xilas edib mənəvi bir atmosfer meydana gətirə bilsək, lazımsız mebelləri, plazma televizorları, bahalı divan-kresloları kitablarla, kitab rəfləri ilə əvəz edib, övladlarımıza, qızlarımıza ən gözəl cehiz olan mənəvi dəyərləri, əxlaq, ar, ismət kimi duyğularla yanaşı, elm və təhsili də verə bilsək, gələcəyin anaları olan qızlarımızdan böyük bir gələcək gözləyə bilərik. Mərhum H.Z.Tağıyev də bunu öncədən sezmişdi ki, Şərqdə ilk Qızlar Gimnaziyasını açmışdı. Ona aid olan çox mükəmməl bir ifadə var:  “Bir oğlana elm, təhsil versən, bir insanı elmli etmiş olarsan; ancaq gənc bir qıza təhsil versən, bir ailəni savadlı etmiş olarsan”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz