Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid
Bu gün Azərbaycanda yazılı mətbuat, davamlı olaraq nəşr etdirmək, xüsusən də jurnal, dərgi çap etdirib, bunu 200-cü sayıya gətirib çatdırmaq, hesab edirəm ki, böyük qəhrəmanlıq və öz peşəsinə sevginin əlamətidir. Çünki indiki dövrdə, xüsusən də yeni informasiya texnologiyalarının inkişafı, yeni medianın yaranması yazılı mətbuatı istər-istəməz artıq tarixə çevirməkdədir. Mənim üçün, qəzet redaktoru kimi bunu söyləmək nə qədər çətin olsa da, bu bir həqiqətdir ki, yazılı mətbuat artıq formasını dəyişir. Bu mənada klassik bir media çap məhsulu olan jurnalların yaşaması, yaşadılması bir qəhrəmanlıqdır.
Ümumiyyətlə, son illər ölkəmizdə medianın ayaqda qala bilməsi, zaman-zaman inkişafı istiqamətində atılan ardıcıl addımlar, dövlətin bu sektora sistemli dəstəyi bütövlükdə Azərbaycan mətbuatının, ölkəmizdə jurnalist peşəsinin gələcəyinə olan ümidləri əhəmiyyətli dərəcədə artırır. İnanırıq ki, həyata keçirilmiş tədbirlər və yaxın gələcək üçün nəzərdə tutulan addımlar Azərbaycan mediasının bundan sonrakı inkişafına ciddi təkan verəcək, Milli Mətbuatımız növbəti illərə yeni-yeni uğurlarla qədəm qoyacaq.
“İrfan” dərgisini mən uzun illərdən bəridir tanıyıram. Vaxtilə dərginin Azərbaycan Mətbuat Şurasına üzv olması məsələsini də mən təklif eləmişdim. “İrfan” dərgisi xüsusi bir oxucu dairəsi olan, mənəvi, dini dəyərlərə üstünlük verən bir dərgidir. Və elə bilirəm ki, bu dərgini qoruyub saxlamaq, oxucuları ilə daim görüşməyə çalışmaq və dövriliyi saxlamaq böyük hadisədir. Bu mənada mən 200-cü nömrə münasibəti ilə jurnalın bütün əməkdaşlarını təbrik edirəm. Xüsusən də yaxın aylarda nəşr etdiyiniz “Qardaş köməyi” buraxılışı ilə də tanış oldum; Türkiyədə zəlzələdən zərər çəkənlərə Azərbaycanın dəstəyinin işıqlandırılması, eyni zamanda bunun 1917-ci ildə nəşr olunmuş tarixi “Qardaş köməyi” dərgisinin adı ilə adlandırılmasını da xüsusi qiymətləndirirəm. Bu münasibətlə də sizi bir daha təbrik edirəm.
200-cü nömrənin sonrasında da, arzu edirəm ki, dərginiz davamlı olsun, gələcəkdə biz 300-cü, 500-cü nömrələri də qeyd edək.
ŞƏRHLƏR