Herkulaneum Papirusu Və Süni İntellekt
Tarixən bəşəriyyət keçmişi kəşf etməyə və dərk etməyə böyük həvəs göstərmişdir. Bizdən əvvəlki cəmiyyətlərin həyat tərzləri, mədəniyyətləri və adət-ənənələri tarix həvəskarlarını həmişə maraqlandırmışdır. Qədim cəmiyyətlərin günümüzdəki izləri bir zaman kapsulu kimi həmin dövrdəki insanların gündəlik həyatını, o dövrdə baş vermiş tarixi hadisələri ortaya qoyur.
Eramızın əvvəllərində Romada Lut qövmü kimi azğın və imansız bir qövm olan Pompey qövmü yaşayırdı. Romanın müxtəlif bölgələrindən insanlar bu əraziyə gəlir və burada əxlaqsızlıqla məşğul olurdular. Pompey qövmü o qədər azğınlaşmışdı ki, nəticədə Allah-Təala o azğın qövmə bəla göndərdi. Qəflətən Vezuvi vulkanı püskürdü və Pompey, Herkulaneum, Stabiae, Oplontis şəhərləri yerlə bir oldu. Allah-Təala tərəfindən göndərilən bu bəladan heç kim xilas ola bilmədi. Pompey qövmü sapqınlıq halındaykən lava və vulkanik külün altında daşlaşıb qaldı. Qalıntıları heç pozulmadan günümüzə qədər gələn bu əxlaqsız insanların çirkin mənzərələri tarixin böyük ibrət tablolarından biri oldu.
Vezuvi vulkanı eramızın 79-cu ilində püskürdüyü zaman yuxarıda adlarını sadaladığım bir çox antik Roma şəhərləri dağıldı və bu zaman həmin dövrə aid papirus üzərində yazılmış qədim yazılar da məhv oldu. Qədim dövrə aid papirus yazıları təxminən 2000 ilə yaxın bir dövrdə 20 metr qalınlığında vulkanik palçıq və külün altında qaldı. 1748-ci ildə arxeoloqlar tərəfindən bu ərazi kəşf edildikdən sonra burada davamlı arxeoloji qazıntılar aparılmağa başlandı və 600-dən çox papirus sənədi aşkar edildi. Bu sənədlər vulkan püskürməsi nəticəsində qorunub saxlanmışdı, lakin o qədər həssas idi ki, səhv bir şəkildə toxunulduğu zaman toz olub dağılırdı. Bu səbəbdən də illərlə bu papirus sənədlərini zədələmədən açmaq və oxumaq mümkün olmadı.
Texnologiyanın inkişafı ilə illər sonra yazıları oxumaq üçün müasir metodlardan istifadə edildi və 2019-cu ildə Kentucky Universitetinin professoru Berent Seales tərəfindən yanmış papirusların rentgenləri çəkildi və çox yüksək keyfiyyətli üçölçülü görüntüləmə aparıldı. Professor Berent Seales tərəfindən yanmış papirus üzərində üçölçülü görüntüləmə aparıldıqdan sonra Nebraska-Lincoln Universitetinin kompüter mühəndisliyi fakültəsinin 21 yaşlı tələbəsi Lufe Farritor, Herkulaneum sənədlərində ilk sözü süni intellekt texnologiyasının köməyi ilə deşifrə edə bildi. O, papirusda yanmış qədim hərfləri aşkar edən süni intellekt proqramı hazırlayaraq 10-a yaxın hərfi tapmağa nail oldu. Papirus mütəxəssisləri qədim yunan dilində imperiya rəngi hesab edilən – bənövşəyi və qırmızı rəng qarışığı üçün istifadə edilən “porfiro / πορφυρας” sözünü oxumağa nail oldular.
Bu qədim papirusda ilk sözün deşifrəsinin açıqlandığı ilə bağlı mətbuat konfransında Kentucky Universitetinin professoru Brent Seales dedi ki, “bu papirusların heç vaxt oxuna bilməyəcəyi düşünülürdü, amma bu gün, bu, artıq müasir texnologiyanın köməyi ilə mümkündür”.
Keçmişin qalıntıları bizə tarixi məlumatlar verməklə yanaşı, həm də keçmiş səhvlərdən dərs almaq imkanı verir. Bu papirusların oxunması Pompeyin sirlərini işıqlandıraraq tarixdən aldığımız dərslərlə bu gün və gələcək üçün daha aydınlıq bir yol aça bilər. Herkulaneum papirusunda ilk sözün müasir süni intellekt texnologiyasının köməyi ilə aşkar edilməsi və oxunmasını bu sahədə inqilabın qapısı kimi qiymətləndirə bilərik. Belə ki, Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olmuş və arxeoloji qazıntılar nəticəsində qədim Pompey, Herkulaneum, Stabiae və Oplontis şəhərlərindən aşkar edilmiş 600-dən çox papirus mətnlərini müasir texnologiyanın, əsasən də süni intellekt texnologiyasının köməyi ilə irəlidəki illərdə oxumağımız mümkün olacaq. Bu yazıların oxunması sayəsində isə həmin dövrlə bağlı tarixi, mədəni və sosial həqiqətləri öyrənəcək, o cümlədən imansızlıq və əxlaqsızlıqları səbəbindən məhvə məhkum edilmiş, tarixin ibrət tablolarından biri olan azğın Pompey qövmü haqqında daha çox məlumat əldə edəcəyik.
ŞƏRHLƏR