Torpaqdan Vətənə

Torpaqdan Vətənə

Vətən torpaq deyil, amma torpaq vətəndir. Allah qəribə nizam yaradıb. İnsanı torpaqdan xəlq etməklə həm də onun üzərinə insan oğlunu yedirib-içirtmə vəzifəsi qoyub. Bəli, bizim “ana torpaq” təbirimiz təsadüfi deyil. Torpaq anadır. Hələ dünyaya gəlməmişdən bətnində olduğumuz varlığın -anamızın yediyi qidalarla bizə sovqat payı tutan, bitirdiyi otla süd, üfürdüyü hava ilə nəfəs göndərən torpağın şükrü verilməyəndə incik düşür. Elə ana kimi inciyir, küsür. Nə zaman küsür torpaq?

Qucağında böyüyənlər uca Yaradanın iradəsinə qarşı çıxanda… Üzərinə iz salan ayaqlar yanlış yönə yönələndə… Əllər harama uzananda… Dillər pozulanda… Gözlər arzulamadığı səmtə baxmağa məcbur ediləndə… Tərəzilər əyiləndə…

İnsan bilərəkdən ya bilməyərəkdən dünyanın, hətta kainatın nizamını pozar oldu. Hansı ki, onun nəyisə bilməyərəkdən etmək haqqı da yoxdur. Çünki, bilməsi, onu əhatə edən hər şeyi dərk etməsi üçün bütün imkanları mövcuddur. Resurslarını, enerjisini Yaradana və onun razılığını qazanmaq üçün yaradılmışlara sərf etmədən insan xüsrandan qurtula bilməz. Axı onun xüsranda olmasının səbəbi elə bu məsafədir. Genişləndikcə qüsur böyüyür. Oğurluq, quldurluq, yalan, şər, qeybət… hələ hər gün artan insan qətlləri…

Bir insanın digərini amansızca öldürdüyünü, kəndlərin, şəhərlərin bombalanaraq qadın-uşaq demədən qətl olunduğunu görüb vicdanı titrəməyən, susan kimsələr o məsafədə azanlardır. Hiss etmədiyimiz acılardan sorğulanmayacağımızı bizə kim söylədi?.. Axı bizim qəlbimiz var. Böyük mütəfəkkir Xudu Məmmədova “filankəs yaxşı insandır” söyləndiyi zaman “insandırsa, yaxşı olmalıdır” deyərmiş. Yəni insanın pisliklərdən uzaq olması onun təbii halıdır. Bunun əksi ruhuna xəyanətdir.

Dünyada qarşımıza çıxan hər şey lütfdür. Amma bu qədər nemətin qarşılığında biz hər şəkildə yanlışlığa, hətta pisliyə bulaşa bilirik, bulaşırıq. Hər şeyin hesabı, cəzası olduğunu fikirləşmirik. Bir tərsə düşəndə səbəb araşdırmırıq. Müşküllər səbəb deyil axı, nəticədir. Əslində dünyada yaşadığımız çətinliklər sınaqdan çox şillədir, səhvlərimizin, yanlışlarımızın şilləsi… Bəs biz bunu anlayacaq qədər kamilləşə bilirikmi?

Muhamməd Məsum Faruqi həzrətləri deyir ki, “İnsanın kamalı kamal sahibi olmadığını anlamasıdır”. Yəqin ki, biz məhz bu nöqtədə səmti itirmişik. İdrak edə bilməmişik ki, mütəvazini rəhmanın rəhməti böyüdür. İnsan böyük görünmək üçün ən böyüyün yolunu tərk edirsə, onun zəhməti nəticəsiz qalacaq. Çünki yalnız o yolda qurtuluş var. O yolun adı sevgidir. Bəli… qurtuluş sevgidir. Səni əhatə edən hər şeyə sevgi bəsləmək… 

Təzadlı zamanda yaşayırıq. Bir böcəyi incitməmək üçün diqqətini ayağı ucundan ayırmayan adam da var, qarışqa yuvasına qaynar su tökən də… Yeni doğulmuş it balalarını diri-diri basdıran kimsələr də var, sahibsiz itlərə sahib çıxanlar da… Allahın verdiyi nemətlərin şükrünü verə bilməməyin acısını çəkib qəmlənənlər də var, haramı fürsət bilib dərdlənənlər də…

Qanuni Sultan Süleyman deyir ki, “yarsız qalar cahanda, ayıbsız yar istəyən”. Təbii ki, dünyada hər kəs eyni düşüncədə, eyni baxışda ola bilməz, amma dünyamızı qorumaq, onu axirətimizin rəhmət tarlasına çevirmək yolunda fədakarlıq etmək hamımızın vəzifəsi olmalıdır. Yoxsa axirətdəki cəzanın başlanğıcı elə bu dünyanın özündə qarşımıza çıxacaq. Elə çıxır da… Məncə, son yüz ildə yaşadıqlarımızı misal kimi göstərmək olar. Təkəbbür… eyş-işrət… şükürsüzlük… qəddarlıq… haramlara meyillilik və s. Bir də gözümüzü açdıq ki, hər şeyimiz əldən gedib. Torpağımız işğal olunub. Yuvamız talan edilib, dağıdılıb. On illərlə atamızın, babamızın gorunu ziyarət edə bilmədik. Gün gəldi yurdlarımıza qayıdanda qəbirlərin itdiyini gördük. Axı biz qəbrin itməli olduğunu bilirik. Bunu niyə əmr edənin rizasını qazanmaq üçün etmirdik?.. Axı sonda onun dediyi olur. Hətta ara-sıra belə dərslər də verir. Biz nəticə çıxartsaq da, çıxartmasaq da, Onun dərsindən qaçmaq mümkün deyil!

Sən çalış çeşmində istedad peydah etməyə,

Arifə ayineyi-ibrətnümadan çox nə var?..

Fənni bu misralarla bizə deyir ki, çalışın gözünüzün daha yaxşı görmək qabiliyyəti olsun. Dünyada ibrət alacağımız hallardan çox heç nə yoxdur. Hər günümüzdə ibrətlik hadisə var. Yetər ki, bunu görüb, nəticə çıxarasan. Həqiqəti gizlədə bilərsən, amma o başqa bir şəkildə ortaya çıxacaq.

Bir toplumda ki, çoxluq Allahın rizasını unudub, bir-birinə həsəd edir, ətrafındakı hər şeyə və ya çox şeyə neqativ baxır, bir-birinin haqqına girir, demək ki, o toplumu əhatə edən mühit qaranlıqdır. Ən ağrılısı odur ki, tək-tək işıq yandıranlar olsa da, qaranlığı tamamən boğmaq günəşin işidir. Biz qəlblərimizi işıqlandırmadıqca dünyanın yollarında azacaq, çatmalı olduğumuz məkanlara yetişə bilməyəcəyik. Belə olanda da torpaqda açılan qapıdan vətənə təşrif edə bilməyəcəyik. Çünki bizim vətən çirkaba bulaşmış, zülmətə qərq olmuş könüllərdən uzaqdadır. Axı biz cənnətliyik. Babamız dünyaya oradan sürgün olunub. Vətənsiz olmaq istəmiriksə, o dönüşü haqq etməliyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz