Qərbə Qarşı İslam İttifaqı Real Olur
İran və Səudiyyə Ərəbistanının münasibətləri uzun müddət idi ki, bərbad idi. Səud ailəsinin radikal qüvvələr ilə ittifaqlaşıb dövlət qurması, həmçinin Birləşmiş Ərəb Əmirliklərini idarə edən Nəhyan ailəsinin uzun illər ərzində bölgə ölkələri ilə İrana qarşı “Körfəz ittifaqı” layihəsini uğurlu şəkildə tətbiq edərək İranı regionda təkləyib, onun üzünə regional kommunikasiya xətlərini bağlaması kimi səbəblərlə İran uzun illər körfəzsahili ərəb ölkələri ilə düşmən münasibətdə olmuşdur. Xüsusilə İran və Səudiyyə Ərəbistanında hakim ideologiyaların toqquşması bu iki ölkənin münasibətinin kəskin qarşıdurma müstəvisində inkişafına səbəb olmuşdur. Bu günlərdə isə bu münasibətlərdə kəskin dəyişiklik baş vermişdir. İsrailin ABŞ dəstəyi ilə Fələstinə hücumu və insanlıq əleyhinə cinayətlər törətməsi İran və Səudiyyə Ərəbistanının yaxınlaşmasına səbəb oldu. İran prezidenti İbrahim Rəisi noyabrın 12-də Səudiyyə Ərəbistanına səfər etdi. Rəisinin səfərinin məqsədi İslam Əməkdaşlıq Təşkilatının Qəzza ilə bağlı fövqəladə toplantısında iştirak etmək idi. Bu, İran prezidentinin Səudiyyə torpağına ilk ziyarəti idi. İslam inqilabından sonra kövrək olan bu münasibətlər Səudiyyə kral ailəsinin 2 yanvar 2016-cı ildə şiə din xadimi Nimr Baqir əl-Nimrini edam etdirməsindən sonra pozulmuşdu. Səudiyyə Ərəbistanının konkret rəhbəri olan vəliəhd şahzadə Məhəmməd bin Salmanın İsrailin Qəzzaya hücumu sonrasında bölgəyə səfər edən ABŞ prezidenti Co Baydenlə görüşdən imtina etməsi, Səudiyyənin bütün təhdidlərə baxmayaraq, İsrailin işğalçılıq siyasətini kəskin tənqid etməsi və İsrailə qarşı bölgədə yeni “Ərəb ittifaqı”nın yaradılması çalışması ölkəsini İrana yaxınlaşdırmışdır. Qəzzadakı savaş bölgəmizdə yeni reallıqlar yaratmaqdadır. Artıq dünya nizamı dəyişir. Köhnə düşmənlər arasında yeni dostluqlar yaranır.
QƏZZADA UŞAQ ÖLÜMLƏRİ DURMUR
İsrailin Qəzzadakı vəhşiliyi dayanmır. İsrail ordusu Fələstinin Qəzza bölgəsində bütün humanitar məntəqələri - xəstəxanaları, məktəbləri, sığınacaq məntəqələrini, həmçinin Misirin Rəfah keçid məntəqəsindən Qəzzaya göndərilən humanitar yardım karvanını bombaladı. 10 noyabr tarixində isə İsrail Qəzzada Əl-Buraq məktəbini raket zərbəsi ilə darmadağın etdi. Bu məktəb Qəzza şəhərinin ən böyük məktəblərindən biri və böyük tarixə malik elm ocağı idi. İsrailin şəhərə hücumundan sonra dərslər dayandırılmış, məktəb mülki insanların sığınacaq məntəqəsinə çevrilmişdi. İsrailin məktəbə yağdırdığı raket zərbələri nəticəsində 25 dinc sakin həlak olmuş, xeyli sayda insan yaralanmışdır. Təbii ki, məsələ sadəcə Əl-Buraq məktəbinə edilən vəhşilikdən ibarət deyil. İsrail ordusu Qəzzada mülki əhaliyə qarşı onlarla belə qətliamlar törətmişdir. Maraqlı olan odur ki, dünyada haqq-ədalət axtarışına çıxan Qərb dairələri “öz ərköyün uşaqları” İsrailin bu vəhşiliyini sakitcə izləyir. Dünyaya feminizm harayı salanlar İsraildə sığınacaqlara yerləşmiş fələstinli qadınların öldürülməsini görməzdən gəlirlər. LGBT-nin alovlu müdafiəçiləri, eynicinslilərin birlikdəliyini müdafiə edənlər nədənsə dünyaya övlad bəxş etmiş ailələrin məhvini sakitcə seyr edir, bunu törədənləri dəstəkləyirlər. Çünki orada öldürülən günahsız insanların, körpə uşaqların bir “ günah”ı var; onlar müsəlmandır. Necə ki, eyni aqibəti Bosniyada, Xocalıda və digər bölgələrdə yaşayan müsəlman körpələr yaşamışdı. Bu gün Qərb NATO-nun ikinci böyük ordusuna malik Türkiyənin regiondakı yüksək nüfuzu qarşısında İraq və Əfqanıstandakı kimi müdaxilə edə bilmir. Rəcəb Tayyib Ərdoğanın “dünya gücü” olmaq siyasəti bölgədə gücü olan bir çox yadellinin buradan sıxışdırılıb çıxarılması ilə nəticələnmişdir. Ümid edirik ki, Türkiyənin vasitəçiliyi ilə yaxında bölgədə sülhə nail olunar.
TÜRKİYƏNİN QƏZZA DİPLOMATİYASI
İsrailin Qəzzaya hücumunun başlamasından dərhal sonra Türkiyə dövləti prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla mühüm diplomatik fəaliyyətə keçmişdir. Ərdoğan bu müddət ərzində bölgədə yaranmış gərgin vəziyyətlə bağlı 30-dan çox dövlət və hökumət başçısı ilə telefon görüşməsi həyata keçirmişdir. Türkiyənin dövlət başçısı İsrail hücuma başladıqdan dərhal sonra Fələstin prezidenti Mahmud Abbasa zəng edərək Türkiyənin Fələstinin yanında olduğunu bildirmişdir. Bundan sonra Ərdoğan bölgə ölkələrinin liderlərinə telefonla zəng edərək birlikdə hərəkət planı barəsində məlumat vermişdir. Ərdoğan münaqişə ilə bağlı həmçinin bölgədə maraqları və təsiretmə gücü olan Rusiya prezidenti Vladimir Putinlə də telefonla danışmış, qlobal səviyyədə işlərin görülməsi ilə bağlı BMT-nin baş katibi Antoni Quttereş ilə də ikitərəfli danışıqlar aparmışdır. Türkiyə prezidenti 17 noyabr Almaniya, 21 noyabr Əlcəzair ziyarətləri sırasında da bu məsələ haqqında geniş diplomatik manevrlər etmiş, öz çıxışlarında mühüm məsələlərə toxunmuşdur. Ərdoğanla paralel Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da fərqli platformalarda çox aktiv şəkildə Qəzzada sülhün əldə edilməsi üçün mühüm səylər göstərmişdir.
ŞƏRHLƏR