Asanlaşdırın, çətinləşdirməyin!

Asanlaşdırın, çətinləşdirməyin!

Qurani-Kərimdə və Peyğəmbərimizin (s.ə.s) hədislərində İslam dininin asanlıq dini olduğu dəfələrlə xatırladılır. Bunun bir çox hikmətləri var. Çünki dinin təbliğində və insanların İslamı qəbul etməsində asanlıq prinsipi əsasdır. Bu eyni zamanda həyatın bütün sahələrində qəbul edilən bir düsturdur.

İnsan psixologiyası asana meyil edir və bir şeyə yavaş-yavaş alışdıqdan sonra onu qəbul edir. Qarşılaşılan ağır bir təklif məsələnin tamamilə inkar edilməsinə səbəb ola bilər. Bu səbəbdən şəriətə uyğun prinsiplər əsasında insanlar üçün ən asan olanını seçmək, asandan çətinə, əsasdan təfərrüata, bilinəndən bilinməyənə doğru tədricən nail olmaq lazımdır. Çünki insanlar çox fərqli xarakter və xüsusiyyətə malikdirlər. Onların ən zəifini nəzərə almaq və hər kəsin edə biləcəyi bir şəkildə hərəkət etmək lazımdır. Allah-Təala belə buyurur:

“Allah sizin üçün asanlıq istər, çətinlik istəməz”. (əl-Bəqərə, 185)

“O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı”. (əl-Həcc, 78)

Həzrət Peyğəmbərimiz (s.ə.s) həyatı boyunca Allah-Təalanın bəndələrinə olan bu mərhəmətini ən gözəl şəkildə tətbiq etmişdir. Belə ki, bir hədisində:

“Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin”, - buyurmuşdur. (Buxari, Elm, 11)

Əbu Hüreyrə (r.a) belə bir hadisə nəql edir:

Bir bədəvi Məscidi-Nəbəvidə bövl etmişdi.  Səhabələr onu cəzalandırmaq istədilər. Rəsulullah (s.ə.s) onlara:

“O adama  toxunmayın. Kirlətdiyi yerə bir qab su tökün. Siz asanlaşdırmaq üçün göndərildiniz, çətinləşdirmək üçün deyil”, - buyurdu. (Buxari, Vudu, 58; Ədəb, 80)

Hər kəsin asanlıqla qəzəblənə biləcəyi bir məqamda Allahın Rəsulu (s.ə.s) bədəvinin əvvəlki vərdişlərini gözləri önünə gətirərək anlayışlı, asanlaşdırıcı və öyrədici bir münasibət göstərmiş, bütün ümmətinin də bu şəkildə davranmasının daha münasib olduğunu vurğulamışdır.

Həzrət Peyğəmbərimiz (s.ə.s) özünün asanlaşdırıcı bir şəxs olduğunu hər zaman söyləyirdi. Bunlardan biri də xanımlarından bir ay ayrı qaldığı “ila” hadisəsində baş vermişdir. Belə ki, bu hadisə zamanı xanımlarını Allah və Rəsulu ilə dünya və dünyalığı (dünya malını) seçmək arasında sərbəst buraxmış, bu mövzuda ailələri ilə məsləhətləşmələrini söyləmişdi. Bu məsələni ilk əvvəl Aişə (r.anhə) anamıza söylədi. O dərhal:

- Yəni sizi seçmək məsələsində ailəmlə məsləhətləşəcəyəm? Əsla! Mən Allahı, Rəsulunu və axirət yurdunu üstün tuturam. Amma səndən xahiş edirəm, mənim seçimimi xanımlarından heç birinə deməyəsən! - dedi.

Aişə anamızın bu seçimindən son dərəcə sevinən Rəsulullah (s.ə.s):

- Onlardan hər hansı biri soruşarsa, əlbəttə, deyərəm. Çünki Allah məni çətinləşdirən və çaşdıran deyil, öyrədən və asanlaşdıran olaraq göndərdi, - buyurdu. (Müslim, Talaq, 29)

Allah Rəsulu (s.ə.s) hətta ibadətlərdə belə çətin olanı deyil, orta yolu tutmağı istəyir və: “İbadətləri gücünüz çatdığı qədər edin!” - buyururdu. (Buxari, İman, 32) Buna görə də əshabından bu şəkildə davranmayanlara dəfələrlə xəbərdarlıq etmək məcburiyyətində qalmışdır. Bunlardan biri belə olmuşdur:

Muaz bin Cəbəl (r.a) qövmünə imamlıq edirdi. Bir gecə namaz qıldırarkən Bəqərə surəsini oxumağa başladı. Bir adam salam verərək camaatdan ayrıldı, namazını təkbaşına qılaraq çıxıb getdi. Həmin adama:

- Ey filankəs, nifaq salırsan? - dedilər. O:

- Vallahi,  xeyr, Rəsulullahın (s.ə.s) yanına gedib (Muazın etdiyini) xəbər verəcəyəm, - dedi.

Peyğəmbərimizin (s.ə.s) yanına gəldi və:

- Ey Allahın  Rəsulu, biz dəvələrlə su daşıyan insanlarıq. Gündüzlər işləyirik (buna görə gecə yorğun oluruq).  Muaz gəlib bizə Bəqərə surəsi ilə namaz qıldırmağa başladı, - dedi.

Peyğəmbərimiz (s.ə.s) Muaza tərəf yönəldi və:

“Ey Muaz, sən fitnəkarsanmı?! Vəşşəmsini, Vədduhanı, Vəlleyli izə Yəğşəni, Səbbihismə Rabikəl-əlanı oxu!” - buyuraraq ona qısa surələri oxumasını tövsiyə etdi. (Müslim, Salət, 178; Buxari, Azan, 60, 63, 66)

İnsanları çətin vəziyyətə sala biləcək hər hansı bir məsələ, ibadət də olsa, Allah Rəsulunun xoşuna gəlməzdi. Bu səbəbdən də xalqı camaat olmaqdan soyudacaq davranışları qadağan etmişdir. Bunun əksinə olaraq, həlim xasiyyətli olub, insanlara asanlıq göstərənlərə cəhənnəmdən qurtuluş vəd etmişdir:

“Cəhənnəmin kimi yandırmayacağını sizə xəbər verimmi? Hər kəsə can yandıran, hər kəslə xoş keçinən və mülayim olub insanlara asanlıq göstərən  şəxsləri cəhənnəm atəşi yandırmaz”. (Tirmizi, Qiyamət, 45) Göründüyü kimi, sevgi, şəfqət və mərhəmət dini olan İslam insanlara xeyir olanı istəyir və İslamın gözəlliklərinə alışa bilmələri üçün öz səviyyələrinə uyğun, ən asan yolları göstərir. Belə olduğu halda İslamın həqiqətini anlamaqdan uzaq şəxslərin səhv ideya və anlayışlarla dini çətinləşdirmələri və insanları İslamdan soyutmaları əsla doğru deyildir. Bu xətanı edənlər böyük bir günaha girərlər. Lakin göstərilən asanlığı fürsət bilərək səhlənkarlığa və tənbəlliyə də düşməmək lazımdır. Unutmayaq ki, buradakı asanlaşdırma Allahın əmrlərində güzəştə getmək deyil, onların həyata keçirilməsini asanlaşdırmaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz