Şəkillərin də Qədəri Var
Dünyamız öz oxu ətrafında saatda 1670 km sürətlə fırlanırmış. Bu sürətlə fırlanan dünyada iplik iynədən necə bu qədər rahat keçir?! Nə maşınla, nə də təyyarə ilə bu köhnə dünyanın sürətinə çata bildim. Sürətlə şütüyən maşın yoldakı çiçəkləri, sincabları, qarışqaları görməyə imkan vermədiyi kimi, yaşadığımız həyatın sürəti və temposu da bir çox şeiri, hekayəni, mahnını, acını və qəhrəmanlıqları gizlədir. Dünyamız yazılmayan hekayələrlə, şeirlərlə, dərdlərlə birlikdə dönür.
Niyə həftənin yeddi günü, demək olar ki, hər saatımız doludur? Yeni bir həftəyə başlayanda görürük ki, yeddi günün hamısı bir-birinə bənzəyir. Dünya daim öz orbitində fırlandığı kimi, bizim də robot kimi daim təkrarladığımız şeylər var. Gün 24 saat, dərs 45 dəqiqə, söhbətin qaydası hər zaman eyni, işə gedərkən eyni yoldan gedirik, növbəti ayın yemək menyusu belə əvvəlcədən tərtib edilərək asılıb. Qarşımızdakı mövsümdə nə geyiləcək, nə yeyiləcək, hamısı ya dolabdadır, yaxud dükanda. Hər şeyin bu cür təyin edildiyi, planlandığı bir dünyada ancaq həyəcan, eşq və əzmkarlıqla sağ-salamat qalmaq mümkündür. Dəlilərin ən bariz xüsusiyyəti onlar üçün təyin edilən proqramı və geydirilən köynəyi rədd etmələridir.
İçində olduğumuz il ilə keçən ilin, ay ilə keçən ayın, həftə ilə keçən həftənin, yemək, içmək, oxumaq, hiss etmək və işləmək baxımından nə fərqi var? İki günü bir-biri ilə eyni olan zərərdə deyildimi? Bəzən başımız, beynimiz boş qalmalıdır. Heç bir şey fikirləşməməli, heç bir məlumatın təsirində qalmamalıdır. Təkcə baxmaq, duymaq və hiss etmək kifayət edər. Bunun üçün hərdən xaricdən gələn bütün proqram və təklifləri geri çevirməliyik.
Arxivə baxarkən qarşıma bir fotoşəkil çıxdı. O şəkli çəkdiyim anı çox yaxşı xatırlayıram. İsti bir yay günü idi. Yay tətilində ata evimə getmişdim. Günün qızmarına baxmayaraq, 44 ilimin keçdiyi evin damına qalxıb qarşı tərəfdəki minarəyə, damdan göyərçin uçurdanlara baxırdım. Evimizin qabağından keçən yolda iki maşın dayanmışdı. Biri gəlin maşını idi, o biri isə leşi çıxmış köhnə bir maşın. Birində təmizlik, o birində kir, birində bəzək-düzək, o birində pas, birində həyəcan, o birində sükunət, birində gənclik, o birində qocalıq görünürdü. Şəklin üstündə sağ düyməni kliklədim, çəkildiyi tarix: “22.10.2016, 11:46” idi. Tam yeddi il ötüb. Yeddi il sonra yenidən gündəmə gəlib. Bu fotoşəkil yeddi il ölü kimi yatdı və yenidən həyata qayıtdı. Qəmər surəsinin 49-cu ayəsində: “Biz hər şeyi miqdarla, planla (qədər) yaratdıq” buyurulur. Kitabların, jurnalların da qədəri var. Bir jurnal, bəlkə də, 7 il, 70 il sonra yenidən aktual hala gələcək. Üstünə su tökülən, çay dağılan səhifələr var. Səhifədə mətbəədən yaxşı çıxmayan, yaxud oxucu tərəfindən altına xətt çəkilən yerlər var. Kitabın, səhifənin, hətta sətirin də öz qədəri var.
Fotoşəklə baxıram. Bu maşına niyə “gəlin maşını” deyirlər? Bəy də o maşına minmir? Köhnə maşın sanki meydan oxuyurmuş kimi yolun ortasında dayanıb. Gəlin maşını isə bir az kənardadır. Köhnə maşının itirəcəyi heç nə qalmayıb. “Vuran vursun, cızan cızsın” deyir. Kobud insan, xasiyyətində zorbalıq olan o köhnə maşın kimi yolu, duyğunu, düşüncəni bağlayar. Kübar insan isə kənarda dayanar və yolu açıq saxlayar.
İnternetdə İstanbula aid bir fotoşəkil görmüşdüm; pilləkənlə çıxan gəlin və bəy ilə pilləkənlə düşən baba və nənə eyni kadrda yer alırdı. Həmin fotoşəkil ilə ata evimin qabağındakı təzə və köhnə maşın arasında məna cəhətdən heç bir fərq yoxdur. Köhnəlirik, yaşlanırıq, bitirik. Bir tərəf qışdır, bir tərəf bahar; bir tərəf sevincdir, digər tərəf hüzn. Enənlər var, çıxanlar var; doğulanlar var, ölənlər var. Həzrət İbrahim: “Mən batıb gedənləri sevmərəm”, (əl-Ənam, 76) – deyir. Zibilqabına atılanları, köhnələnləri, qurtaranları, modası keçənləri, məhdud sayda olanları niyə sevək ki?! İnternet olduğu müddətdə var olanlar necə sevimli olsun?!
Bizim Fatihə surəmiz var; gecə-gündüz oxunan. Mədinəmiz var; salavatlarla xatırlanan. Kəbəmiz var; gözümüzün qarasından daha əziz. Allahımız var bizim; ölməyən, daim diri.
Ata evimin qarşısında qarşı-qarşıya dayanmış köhnə maşın və gəlin maşınına baxaraq bütün insanların həyat hekayəsini oxumaq olar. Bu ağır və hüznlü mövzuya bir lətifə ilə son verək:
Cənazə maşınının sürücüsü bir gün maşın boş ikən yoldan keçən qıza sataşır:
- Ay gözəl, gəl səni maşınımla gəzdirim.
Qız:
- Kül başına! Bununla gəzdirəcəksən?!
Sürücü cavab verir:
- Ay qız, camaat bu maşına minməkdən ötəri ölür e!..
ŞƏRHLƏR