Bir Ayə
بسم الله الرحمن الرحيم
يُرِيدُ اللهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ وَخُلِقَ الْإِنْسَانُ ضَعِيفًا
“Allah sizin yükünüzü yüngülləşdirmək istəyir. Axı, insan zəif olaraq yaradılmışdır”. (ən-Nisa, 4/28)
İslam dininin ümumbəşəri yönlərindən biri də asanlıq dini olmasıdır. Qurani-Kərimin bir çox ayəsində bu həqiqət vurğulanmışdır. Yuxarıda qeyd olunan ayeyi-kərimədə də dinimizin bu yönünə işarə edilmişdir. Mərhəmət sahibi Uca Allah aciz bir varlıq olan insana həddindən artıq məsuliyyət yükləyərək onu məşəqqətə salmaq istəmir. Çünki bəşər övladı zəif bir məxluq olaraq yaradıldığı üçün yalnız gücünün yetdiyi müəyyən işlərin öhdəsindən gələ bilər. Məhz buna görə də Allah-Təala axirət günü onu gücünün yetdiyi və ağlının dərk etdiyi qədərindən məsul tutaraq hesaba çəkəcəkdir. Necə ki, digər bir ayeyi-kərimədə: “Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir”, (əl-Bəqərə, 2/286) - buyurularaq bu həqiqətə işarə edilmişdir.
Bu baxımdan Uca Allahın əmr və qadağalarının məqsədi insanın işini çətinləşdirmək deyil, həyatını asanlaşdırmaq və ona axirətdəki əbədi səadəti bəxş etməkdir. Belə ki, namaz üçün dəstəmaz alınması gərəkdiyindən bəhs edən ayələrin davamında Rəbbimiz: “Allah sizi çətinliyə salmaq istəməz”, (əl-Maidə, 5/6) - buyuraraq bunun çətinlik olaraq başa düşülməməsini istəmişdir. İslamın beş şərtindən olan namaz, oruc, zəkat və həcc kimi ibadətlərin əda edilməsində zəiflik, xəstəlik, qocalıq və kasıblıq kim hallarda rüxsət verilməsi, eləcə də digər əmr və qadağaların möminlərə bacardıqları nisbətdə fərz buyurulması da bu məqsədə qulluq edir.
Qurani-Kərimin canlı təfsiri olan Həzrət Peyğəmbər (s.ə.s) də həm davranışı ilə, həm də kəlamları ilə İslamın asanlıq dini olduğunu bəyan etmiş, hədislərində də: “Bu din asanlıq dinidir!” (Buxari, İman, 29), “Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, nifrət etdirməyin!” (Buxari, Elm, 11) - buyuraraq müsəlmanları buna təşviq etmişdir. Buna görə də Həzrət Peyğəmbər (s.ə.s) hər zaman işlərin asan olanını seçmiş, ümmətinə də bunu tövsiyə etmişdir.
Nəticə etibarilə bir müsəlmanın öhdəsindən gələ bilməyəcəyi bir iş üçün özünü məcbur etməsi doğru deyildir. Eləcə də, əlinin altındakıları bu kimi çətin işlərə sövq etməməlidir. Yəni mömin kimsə istər ibadət həyatında, istərsə də dünyəvi işlərdə həddindən artıq özünü və ya başqalarını çətinliyə salmamalı və məsuliyyətə cəlb etməməlidir. Digər tərəfdən, dində asanlıq anlayışı bizi tənbəlliyə və laqeydliyə də aparmamalıdır. Çünki Uca Allah bir çox ayədə həddi aşanları qınamışdır. Mömin bu ikisinin arasındakı incə çizgini düzgün təyin etməli və ona görə hərəkət etməlidir.
ŞƏRHLƏR