HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 25

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 25

Hüdayi həzrətləri buyurur:

Rizaullah[1] murad isə,

Saqın aldanma təlbisə![2]

Nəzər et hali-İblisə,

Ədəb gözlə, ədəb gözlə!..

“(Ey qardaş!) Allahın rizasına nail olmaq istəyirsənsə, əsla şeytanın surəti-haqdan görünərək səni aldatmasına izin vermə! İblisin aqibətindən ibrət götür, Allah-Təalaya qarşı ədəbli ol!”

Bir çox ayeyi-kərimələrdə insan oğlunun “açıq-aydın düşməni” olduğu bildirilən iblis[3] vaxtilə həddən artıq böyük elm, məqam və mövqe sahibi idi. Hətta mələklərin ustadı olduğu deyilir. Göylərdə və yerdə Allaha səcdə etmədiyi bir qarış yer qalmamışdı. Lakin cinlərdən olduğu üçün o da nəfs sahibi idi. Haqq-Təalanın imtahan məqsədi ilə ona verdiyi nemətlərə görə lovğalığa qapılaraq Həzrət Adəmi xor görüb, özünü bəyəndi. Allahın əmrinə asi oldu.

Eqoizm, təkəbbür və mənəmmənəmlik mənəvi həyatın xərçəngidir, bir çox günahın qaynağıdır. Çünki təkəbbürə qapılan insanlar nadanlığa düşərək ilahi həqiqətlərə qarşı kar və kor olarlar. Bu kimi nəfsi-əmmarə bataqlığında ömür sürən canlı cənazələr kainatda seyr etdikləri hər şeyi narazı və donuq gözlərlə izləyərlər.

Şeytan da Həzrət Adəmə ehtiram səcdəsi etməsinə dair ilahi əmri eşitdiyi halda bunu qüruruna sığışdırmayıb naqis ağlı ilə guya məntiq yürütdü. Günahına don geydirmək üçün “Məni oddan, onu isə torpaqdan yaratdın, mən ondan üstünəm” deyərək ilahi əmrə etiraz etdi. Beləliklə, yaradılışdan gələn xüsusiyyətlərlə öyünüb başqalarına qarşı lovğalanmaq sayılan irqçilik bəlasının da atası olaraq ilahi lənət və qəzəbə düçar oldu.

Dinlər tarixində də bu təkəbbürün insan surətindəki təzahürü özlərini “seçilmiş millət”“Allahın sevdiyi” kimi görüb başqalarını xor görən, onlara hər cür zülmü, haqsızlıq və cəfanı rəva görən Sionist yəhudilərdir.

Bu gün Fələstində və Qəzzada etdikləri zülmlərin, işğal və haqsızlıqların, işlədikləri insanlıq suçunun artıq heç bir insanlığa sığmayacaq vəhşət, qətliam və soyqırım səviyyəsinə yüksəldiyini yer üzündə yaşayan bütün vicdan və insaf sahibləri görür.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu gün sırf brend və moda düşkünlüyü ilə yəhudi sərmayəsinə aid bəzi firmaların bahalı məhsullarını almaq da dolayı yolla bu vəhşətə dəstək vermək mahiyyəti daşıyır. Möminlər olaraq bu qəflətdən uzaq durmaq üçün həssaslıq göstərməliyik.

Vaxtilə peyğəmbərləri qətl edəcək qədər həddi aşaraq eynilə şeytan kimi lənətlənmiş olan, öz xəyallarını gerçəkləşdirmək üçün dünyanı atəşə verməkdən çəkinməyəcək qədər təkəbbürdən gözü dönən bu əliqanlı qövm tarixən dəfələrlə ilahi qəzəbə düçar olmasına baxmayaraq yenə də ağıllanmamış, bu gün yenidən həmin azğınlığa düşmüşdür. Əhməd bin Hənbəl həzrətlərinin buyurduğu kimi:

“Kibirlə dolu başda ağıla rast gəlməzsən!”

Eynilə təkəbbür çaşqınlığı ilə bir növ ağlı dumanlanan şeytan da özünü bəyənərək Allaha qarşı baş qaldıracaq qədər axmaqlaşmış və həddi aşmışdır. Sahib olduğu dərin elmi, yüksək məqamı, çox güvəndiyi ağlı və zəkası işə yaramamış, onu ilahi qəzəb və lənətə düçar olmaqdan xilas edə bilməmişdi.

İnsanı yoldan çıxarmaq istəyən şeytan elm və əməl nöqsanlığı səbəbindən deyil, ədəb nöqsanlığından ilahi qəzəbə düçar olduğu üçün də onu ən çox məhv edən şey möminin Rəbbinə qarşı göstərdiyi qulluq ədəbidir.

Elm və əməl zəruridir, lakin bunların Allaha qulluq ədəbi ilə yoğrulması daha zəruridir.

Çünki elm, əməl, ağıl, sərvət, şöhrət, məqam kimi bütün nemətlər təzkiyə və təsfiyə olmamış, yəni mənəvi tərbiyə ilə kamilləşməmiş qəlbi qürur və təkəbbürə sürüklədiyi üçün fayda yerinə zərərlə nəticələnər. İblis, Qarun, Bəlʼam bin Bəura və bu kimi bir çoxları məhz bu həqiqətin ən məşhur tarixi misallarıdır.

Ona görə də mənəvi tərbiyə yolu olan təsəvvüfdə ilk mərhələ “mənlik”dən uzaqlaşmaqdır. Çünki təsəvvüfdə hər şey insanın Allaha qarşı “heç” hökmündə olduğunu idrak etməsindən sonra başlayır. Bu şüurda olan bir insan bütün xeyir və nailiyyətlərin Allahın bir lütfü olduğunu bildiyi üçün əsla nəfsinə pay çıxarmaz.

Uca Rəbbimiz Məkkə fəthindən sonra Hz. Peyğəmbərə r və Onun şəxsində ümmətinə bu təlimatı vermişdi:

“Allahın köməyi və fəth (zəfəri) gəldiyi zaman; Və insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördüyün zaman; Rəbbinə həmd edərək Onu təsbeh et və Ondan məğfirət dilə! Şübhəsiz ki, O, tövbələri qəbul edəndir”. (ən-Nəsr, 1-3)

Yəni mömin bütün saleh əməllərindən və yaşadığı nailiyyətlərdən nəfsinə pay çıxarmaq yerinə bunlara Allahın lütfü ilə nail olduğunu bilərək Ona həmd etməlidir. Həmçinin vəzifələrini yerinə yetirərkən fərqində olduğu və olmadığı bütün qüsur və nöqsanları üçün də istiğfar etməlidir.

“Altın silsilə”dən Muhamməd Məsum g bu xüsusda belə buyurmuşdur:

“Həm ibadət və itaət üzrə olun, həm də bu ibadətlərdəki qüsurlarınıza görə istiğfar edin! İşlədiyiniz əməlləri Allah-Təalaya layiq görməyin! Böyüklərdən biri:

«اِعْمَلْ وَاسْتَغْفِرْ : Saleh əməl işlə və dərhal istiğfar et!» buyurmuşdur. Qulluq ədəbi də məhz budur!”[4]

Yəni əməllərimiz də eynilə dualarımız kimi Haqq-Təalanın qəbuluna möhtacdır. Ona görə sadəcə xəta, qüsur və günahlarımıza görə yox, həm də saleh əməllərimizin ardınca istiğfar edərək bu əməllərimizin məqbul olmasına çalışmalıyıq.

Bunun əksinə, bir bəndə işlədiyi saleh əməllərə görə öyünüb özünü başqalarından üstün görürsə, yaxud bu əməllərinə güvənərək özünü əbədi qurtuluşa nail olmuş kimi görürsə, bu da tövbə-istiğfarı zəruri qılan başqa bir qəflətdir.

Haqq dostları bu xüsusda yüksək şüur və həssaslıqla ömür sürüblər. Məsələn, elm və irfanda sahib olduğu ali dərəcəyə görə yaşadığı dövrün “Günəşlər Günəşi” adlanan Xalid Bağdadi həzrətləri işlədiyi saleh əməllərə güvənmədiyini, yalnız Haqq-Təalanın rəhmətindən ümidvar olduğunu dilə gətirmiş və bu hissiyyatla tələbələrindən son nəfəsini imanla verə bilməsi üçün dua istəmişdir.

Haqq dostlarının bu məsələdəki qəlbi səviyyəsini sərgiləyən bu hadisələr çox ibrətlidir:

Süfyan Sevri həzrətlərinin gənc yaşda beli bükülmüşdü.

- Ey Süfyan, hələ ki, qocalmamısan. Yaşıdlarının beli bükülmədiyi halda sənə nə oldu ki, bu hala düşdün? – deyə səbəbini soruşanlara belə cavab verərdi:

- Elm aldığım bir müəllimim vardı. Vəfat edərkən ona təlqin etdiyim halda heç cür kəlmeyi-tövhidi söyləyə bilmədi. Bu halı görən adamın beli bükülməzmi?![5]

Şeyx Əhməd bin Hərb g Bəhram adlı məcusi qonşusuna təbliğ etmiş və onun hidayətinə vəsilə olmuşdu. Lakin qonşusu müsəlman olanda Həzrət nərə çəkib özündən getdi. Özünə gələndə:

- Ustad, nə oldu? - deyə soruşanlara bu ibrətli cavabı verdi:

- Həmin anda qəlbimə bir xitab gəldi ki, Bəhram yetmiş il boyunca oda sitayiş edən biri idi, müsəlman oldu. Sən yetmiş ildir müsəlmansan, nə olacağını bilirsənmi?![6]

Xülasə, ən böyük günahlardan biri özünü bəyənib Allahın qullarını xor görməkdir. İnsan özünə sual etməlidir:

“Sən son nəfəsindən əmin olmadığın halda başqalarını necə xor görə bilərsən?!”

Bu xüsusda Xalid Bağdadi həzrətlərinin qeyd edəcəyimiz ifadələri hər birimiz üçün ibrət sərlövhəsi olmalıdır:

“Elə zəif insanlar var ki, camaat onların halına acıyaraq baxdığı halda onlar bu dünyadan son nəfəs əminliyi ilə ayrılmışdırlar. Bunun əksinə, yüksək elm, əməl, əsil-nəcabət sahibi elə insanlar da var ki, qəflətə düçar olaraq bu dünyadan imansız ayrılmışdırlar. Əsas məsələ son nəfəs olduğu üçün; özünü bəyənmək, qürur və təkəbbürə qapılmaq böyük bədbəxtlikdir!..”

Həqiqətən, kimin qəlbindəki təqva duyğusunun daha yüksək olduğunu, yəni Allah qatında kimin daha xeyirli olduğunu yalnız Rəbbimiz bilir. Qəlblərin pəncərələri yalnız Ona açıqdır. Bir sözlə, “Hər gecəni Qədir, hər gördüyünü Xızır bil” məsəlində olduğu kimi, heç kimi xor görüb incitməmək lazımdır. Çünki xor görüldüyü üçün qəlbi qırılan elə insanlar var ki, əslində Allahın saleh bəndələrindəndirlər. Bu səbəblə Rəbbimiz ayeyi-kərimələrdə belə xəbərdarlıq edir:

“Hər bir qeybət edən və tənə vuranın vay halına!” (əl-Huməzə, 1)

“Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar…” (əl-Hucurat, 11)

Hüdayi həzrətləri buyurur:

Xətadır müznibə[7] israr etmək,

Gərəkdir zənbə[8] istiğfar etmək…

Lovğa və təkəbbürlü adam heç vaxt özündə xəta görməz. Onun nəzərində bütün qüsurlar başqalarına aiddir. Bu nəfsani xəstəliyə yaxalananlar heç kimdən üzr istəməzlər. Çünki təkəbbürləri işlədikləri xətanı qəbul edib üzr istəməyə mane olar. 

Buna görə də İbn Abbas v belə deyir:

“Bir adamın xətası təkəbbüründən qaynaqlanırsa, ondan ümidvar olmayın (islah olmaz). Bunun xaricində bir günahdan qaynaqlanırsa, ondan ümidvar ola bilərsiniz. Həzrət Adəmin xətasının səbəbi günah, İblisinsə təkəbbür idi”.[9]

Həqiqətən, Həzrət Adəm u şeytana uyaraq Allahın qadağan etdiyi meyvədən yedi. Lakin xətasını başa düşdüyü an peşman olub qulluq ədəbi ilə tövbə-istiğfara sarıldı və Allahdan bağışlanma dilədi.

İblis isə, bunun əksinə, Haqq-Təalanın səcdə əmrini qulaqardına vurub bir günah işlədi. Lakin xətasını bildiyi halda qəbul etmədi. Əfv diləmək yerinə, üsyanına bəhanə axtardı. Təkəbbür, həsəd və qəzəb burulğanında sovrularaq xətanı özünə yox, haşa, Allaha izafə edəcək qədər axmaqlıq göstərdi. Ayeyi-kərimədə xəbər verildiyi kimi, belə dedi:

“(İblis) dedi: “Ey Rəbbim! Sən məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam”. (əl-Hicr, 39)

Yəni özünə toz qondurmayıb xətasında israr etməsi, inadla günahına bəhanə gətirməsi şeytanı ilahi qəzəbə düçar etdi.

Deməli, mömin bəşər olduğu üçün hər hansı bir günah işlədiyi zaman şeytandan yox, bəşəriyyətin atası olan Həzrət Adəm u-dan nümunə götürməlidir. Çünki hər hansı bir günah işlədikdə ilahi əzabdan qurtulmaq üçün peşman olmaq, yanlış əməldə israr etməyib dərhal əfv diləyə bilmək çox vacibdir.

Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:

“O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb dərhal günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) bilə-bilə israr etməzlər.

Onların mükafatı Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir. Onlar orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı nə gözəldir!” (Ali-İmran, 135-136)

Hədisi-şəriflərin birində səmimiyyətlə edilən tövbə və istiğfarın Allah tərəfindən necə qarşılandığı belə təsvir edilir:

“Sizdən hər hansı birinin tövbə etməsi səbəbi ilə Allah-Təalanın duyduğu xoşnudluq ucsuz-bucaqsız səhrada gedərkən üstündəki qida və su ilə birlikdə dəvəsini əlindən qaçıran, nə qədər axtarsa da, heç bir nəticəsi olmayan və dəvəsini tapmağa bütün ümidlərini də itirərək bir ağacın kölgəsində yatan, elə bu zaman anidən dəvəsinin gəldiyini görərək ovsarından yapışan və sevincinin şiddətindən nə dediyinin fərqində olmayaraq çaşqınlıqla:

“Allahım! Sən mənim qulumsan, mən də Sənin Rəbbinəm”, - deyən adamın sevincindən daha artıqdır”. (Müslim, Tövbə, 7; Tirmizi, Qiyamət, 49)

Yəni Rəbbimiz qullarına qarşı o qədər mərhəmətlidir ki:

- Onların xəta və qüsurlarını əfv etməkdən xoşlanır, sanki əfv etmək üçün bəhanə axtarır.

- Pis əməllərə yalnız misli ilə cəza verəcəyini, yaxşı əməllərə isə on qatından yeddi yüz qatına qədər savab bəxş edəcəyini müjdələyir.

- Bu dünyada əzaba layiq olanları dərhal cəzalandırmır, onlara hallarını islah etmələri üçün möhlət verərək səbir edir.

Xülasə, Allah-Təala qullarına əzab vermək istəmir. Lakin insan saysız ilahi xəbərdarlıqlara baxmayaraq yenə də zülm, haqsızlıq və üsyanda inad edər və tövbədən uzaq durmağı seçərsə, artıq öz əli ilə özünü əbədi əzaba düçar etmiş olar.

Digər tərəfdən, tövbənin qəbulu üçün də bəzi şərtlər var. Bu şərtlərin ilki səmimi peşmanlıqdır. Necə ki, hədisi-şərifdə:

“İşlənən günahlara peşman olmaq tövbədir. Günahlarına tövbə edən kəs sanki o günahı işləməmiş kimidir”, - buyurulur. (İbn Macə, Zöhd, 30/4252; Süyuti, əl-Camius-Sağir, II, 161)

Məqbul tövbənin ikinci şərti işlənən günahdan tamamilə vaz keçmək və yenidən o günahı işləməyi özünü oda atmaq qədər təhlükəli görməkdir.  

Yəni dil “Ya Rəbb, tövbə, məni əfv et!” dediyi halda eyni günah və qüsurlar işlənirsə, bu hal Həzrət Mövlananın ifadəsi ilə desək, “sözün məsxərəsi” olmaqdan başqa bir şey deyil.

Tövbənin üçüncü şərti tövbədəki qərarlılığı və səmimiyyəti saleh əməllərlə isbat etməkdir. Yəni tövbə və istiğfar yalnız sözdə qalmayıb hal və davranışlara da əks etməlidir.

Necə ki, ayeyi-kərimələrdə belə buyurulur:

“Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.

Kim tövbə edib saleh əməl işləyərsə, o, tövbəsi qəbul edilmiş halda Allaha dönər”. (əl-Furqan, 70-71)

Həmçinin mömin “...Həqiqətən, yaxşı əməllər pis əməlləri yox edər...” (Hud, 114) ayeyi-kəriməsi gərəyincə etdiyi xeyir əməllərlə də xəta və qüsurlarını yumağa çalışmalıdır.

Hüdayi həzrətləri buyurur:

Kamalı-lütfi-ehsanından Allah,

Dedi “lə təqnətu min rahmətillah”[10]

Olagör rəhmət ümidində daim,

Bu mənadan əgər oldunsa agah…

Mömin nə qədər günah işləsə də, Allahın rəhmətindən ümid kəsərək özünü cəhənnəmlik görəcək qədər bədbinliyə qapılmamalıdır.

Necə ki, uca Rəbbimiz belə buyurur:

“De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir”. (əz-Zumər, 53)

Cənazə namazlarından əvvəl hüznə qərq olan könüllərin təskinlik tapması üçün imam və müəzzinlər xüsusilə bu ayəni oxumağı adət halına gətirmişdir.

Əlbəttə ki, mömin Haqq-Təalanın rəhmətindən ümid kəsməməlidir. Lakin həmin ayədən sonrakı ayədə bu ilahi müjdədən nəsiblənmək üçün nə etməyin lazım gəldiyi zikr olunur:

“Sizə əzab gəlməmişdən əvvəl Rəbbinizə dönün və Ona təslim olun! Yoxsa sonra sizə yardım olunmaz”. (əz-Zumər, 54)

Yəni son nəfəs gəlib çatmadan Allaha üz tutub Onun əmr və qadağalarına tam təslimiyyətlə itaət etməliyik ki, bu ilahi rəhmətə nail olaq.

Bir sözlə, “necə də olsa, son nəfəsimə hələ çox var” zənninə qapılaraq tövbəni və saleh əməlləri gəlib-gəlməyəcəyi məchul sabahlara təxir etmək böyük aldanışdır. Çünki “sabah edərəm deyənlər həlak oldu”, - buyurulmuşdur.

Onu da unutmayaq ki, Qurani-Kərimdəki “ilahi rəhmətdən ümid kəsməmək”lə əlaqəli təlqinlər artıq əbədi qurtuluş ümidini itirən günahkarlar üçün bir xilas yoludur. Əsla nəfsin tənbəlliyi və azğınlığı üçün bəhanə deyil!..

Necə ki, insanları aldadıb yoldan çıxarmaq üçün and içən şeytan da:

“Allah Ğafur və Rəhimdir. Sən nəfsinin istəklərini yerinə yetirməyə bax, sonra tövbə edərsən”, - deyərək ruha zəhər saçan təlqinlər edir.

Məhz bu səbəblə Haqq-Təala bəndələrinə belə xəbərdarlıq edir:

“…Əsla şeytan sizi Allahın mərhəmətinə arxayın edərək aldatmasın!” (Loğman, 33; əl-Fatir, 5)

Yəni ən böyük qəflət insanın Allah yolunda olmadığı halda Onun yalnız “Rəhman, Rəhim, Ğaffar” kimi sifətlərini düşünərək özünü aldatmasıdır. Yaxud da öz halını cəmiyyətdəki qafillərin halı ilə müqayisə edib işlədiyi xəta və qüsurları xəfifə almasıdır.

Həqiqətən də, bir çox qafillər:

“Nə də olsa, Allah mərhəmətlilərin ən mərhəmətlisidir, çox əfv edəndir”, - deyirlər. Lakin bunu təqva hissləri ilə deyil, əksinə, nəfslərinin istəklərinə ram olaraq asanlıqla günah işləyə bilmək üçün, vicdanlarını rahatlatmaq üçün dilə gətirirlər.

Halbuki Haqq dostları əllərindən gələni edərək ixlas və təqva üzrə yaşamağa səy göstərib günahlardan çəkinməyə çalışırlar. Məhz bununla yanaşı:

“Ya Rəbb, Sən mərhəmətlilərin ən mərhəmətlisisən, əfv etməyi sevirsən, lütf-kərəminlə bu aciz qulunu da bağışla, qulluğumdakı qüsur və nöqsanlarımı əfv et”, - deyərlər. Həqiqi qulluq ədəbi də bunu tələb edir.

Bir sözlə, mömin “Allah əfv edər”  deyərək bilərəkdən xətada israr etməkdən çəkinməlidir. Əksinə, vaxt itirmədən tövbə-istiğfar etməli və Allahın onu bağışlaması üçün israr etməlidir. Çünki insan nə qədər tövbə etsə də, əsla günahlarının bağışlanıb-bağışlanmayacağından əmin olmaz. Elə bu səbəblə Həzrət Ömər t:

“Günah işləməkdən vaz keçmək tövbə ilə məşğul olmaqdan daha asandır”, - buyurmuşdur.

Unutmamalıyıq ki, Allah-Təala, əlbəttə ki, “اَلْغَفُورُ / Ğafur”, yəni çox bağışlayan və “اَلرَّحيمُ / Rahim”, yəni çox şəfqətli və mərhəmətlidir. Lakin O Y eyni zamanda:

“اَلْقَهَّارُ / Qahhar”dır, yəni qarşısıalınmaz və qəhr edici qüdrət sahibidir.

“عَزيزٌ ذُو انْتِقَامٍ /Azizun Zuntiqam”dır, yəni günahkarlardan intiqam alan mütləq güc sahibidir.

“شَديدُ الْعِقَابِ / Şədidul-İqab”dır, yəni cəzası çox şiddətli olandır.

Xülasə, Allah-Təalanın sadəcə camal sifətləri varmış kimi davranıb Onun cəlal sifətlərini görməzdən gəlmək ən böyük qəflətdir.

Bu səbəblə Həzrət Əbu Bəkr t belə buyurmuşdur:

“Allah-Təala Qurani-Kərimdə verəcəyini vəd etdiyi mükafatı əzabla birlikdə zikr etdi ki, bunu bilən bəndə ibadətə can atıb, əzabdan qorxsun”.

Haqq-Təala qəlblərimizə günahlarla aramızda pərdə olacaq təqva həssaslığı bəxş etsin. Xəta və qüsurlarımızı bağışlayıb hər birimizi ilahi rəhmətinə məzhər olan bəxtiyar bəndələrindən qılsın. Ümməti-Muhammədi ayıltsın. Birlik, bərabərlik, diriliş, qurtuluş, hüzur və afiyət ehsan etsin!

 

“Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə!

Bizi əfv et! Bizi bağışla!

Bizə rəhm et! Sən himayədarımızsan. Kafirlər qövmünə qarşı bizə yardım et![11]

Amin!..

 

[1] Rizaullah: Allahın rizası, razılığı.

[2] Təlbis: 1. Özünü haqlı kimi göstərərək aldatmaq. 2. Ayıbını gizləyərək hər hansı bir şeyə saxta dəyər qazandırmaq. 3. Hiylə, göz boyamaq.

[3] Bax. Yasin, 60; əl-Kəhf, 50; əl-Əraf, 22; Fatir, 6; əl-İsra, 53; Yusuf, 5.

[4] Muhamməd Məsum, Məktubat, I, 83, no: 92.

[5] Bax. Attar, Təzkirətül-Evliya, sh. 70, Erkam Yayınları, İstanbul 1984.

[6] Attar, Təzkirətül-Evliya, sh. 97.

[7] Müznib: Günahkar.

[8] Zənb: Günah.

[9] Təbəri, Camiul-Bəyan, 15/288 (əl-Kəhf, 50).

[10] Lə təqnətu min rahmətillah: “Allahın rəhmətindən ümid kəsməyin”. (əz-Zumər, 53)

[11] əl-Bəqərə, 286.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz