Sədaqət və təslimiyyət abidəsi Hz. ƏBU BƏKR

Sədaqət və təslimiyyət abidəsi Hz. ƏBU BƏKR

Hz. Əbu Bəkr 573-cü ildə Məkkədə anadan olmuşdur. Onun pak nəsli Peyğəmbərimizin (s.ə.s) nəslindən olan  Mürrə bin Kəblə birləşir. Hz. Əbu Bəkr Peyğəmbərimizdən (s.ə.s) iki yaş kiçikdir.

İslamdan əvvəlki 38 illik həyatında belə içki içməmiş, bütlərə sitayiş etməmiş, həmişə ləyaqətli və nümunəvi bir şəxsiyyət nümayiş etdirmişdir. Rəsulullah (s.ə.s) peyğəmbərliyini elan etdikdə heç tərəddüd etmədən dərhal iman gətirmə xoşbəxtliyinə nail olan şəxslərdəndir.

Hz. Əbu Bəkr (r.a), Quran ifadəsi ilə: “İki nəfərdən biri”dir. (ət-Tövbə, 40)  O, sözün əsl mənasında Peyğəmbərimizi (s.ə.s) canı, malı və ailəsi ilə əhatə etmiş, həyatını və bütün varlığını İslamın qorunub saxlanmasına və yayılmasına həsr etmişdir.

Hz. Əbu Bəkr (r.a) çox səxavətli, dini dərk etməkdə son dərəcə bəsirətli, sirləri və hikmətləri yaxşı qavrayan, harada, nə vaxt və necə danışacağını çox gözəl bilən, mülayim bir insan idi. O, az danışar, hətta xilafəti dövründə sərkərdələrinə və valilərinə də az danışmağı tövsiyə edərdi.

Uca Allahın ayələrini, Peyğəmbərimizin (s.ə.s) kəlamlarını ən yaxşı anlayan o idi. Çünki o, ömrü boyu Peyğəmbərimizdən ayrılmamışdı. Fiziki olaraq ayrıldığı qısa dövrlərdə belə, ürəyində daim Onunla bərabər idi.

Hz. Əbu Bəkr fikirlərinin incəliyinə, mehribanlığına, təcrübəsinin genişliyinə, özünü idarə etməsinə, xeyriyyəçiliyinə və səmimiyyətinə görə hamı tərəfindən sevilirdi. Şirin, gülərüz, xoş danışan, Allah və Rəsulunun dostu, ədəbli və rəftarı gözəl bir insan idi. Hətta cahiliyyə dövründə də təvazökar rəftarı ilə seçilirdi.

Onun həyatında böyük bir tarazlıq var idi. Hər zaman təvazökarlıq göstərmiş, lakin heç vaxt zillət və acizlik göstərməmişdir. Ləyaqətli idi, lakin qürur və təkəbbürə yol verməzdi. Bağışlayan, dözümlü, mülayim bir həyat yaşasa da, lazım olanda sərt və cəsur olmağı da bacarırdı.

Müşriklər Merac hadisəsini eşidəndə dərhal Həzrət Əbu Bəkrin yanına gəlmişdilər:

- Dostun deyir ki, bir gecədə Məscidül-Əqsaya gedib, sonra səmaya qalxıb və səhərə qədər Məkkəyə qayıdıb. Görək buna nə deyəcəksən?!

Həzrət Əbu Bəkr:

- O nə deyirsə, doğrudur! Çünki Onun yalan  danışması mümkün deyil! Mən Onun gətirdiyi hər şeyə inanıram!

Müşriklər ondan əl çəkmirdilər:

- İnanırsan ki, o, bir gecədə Beytül-Məqdisə gedib?

Həzrət Əbu Bəkr:

- Bəli! Bunda təəccüblü nə var? Allaha and olsun ki, o, mənə gecə və gündüzün istənilən vaxtında Allahdan xəbər gətirdiyini söyləyir və mən onu heç tərəddüd etmədən təsdiq edirəm, - dedi.

Bundan sonra Əbu Bəkr (r.a) həmin vaxt Kəbədə olan Peyğəmbərimizin (s.ə.s) yanına getdi. Allah Rəsulu (s.ə.s) isra və merac möcüzəsinin necə baş verdiyini əziz dostuna da danışdı. Hz. Əbu Bəkr:

- Sadəqtə (doğru dedin), ya Rəsulallah!.. - dedi. Allah Rəsulu (s.ə.s) onun bu təsdiqindən çox məmnun oldu və dünyanı işıqlandıran təbəssüm dolu çöhrəsi ilə belə dedi:

- Ey Əbu Bəkr! Sən “siddiq”sən!.. (İbn Hişam, II, 5)

Hz. Əbu Bəkrin Merac hadisəsi zamanı göstərdiyi bu təsdiq və Rəsulullaha olan sarsılmaz təslimiyyət ancaq Onun könlündə olan güclü iman və sədaqətlə izah oluna bilər.

Peyğəmbərimiz (s.ə.s) Hz. Əbu Bəkri çox sevirdi. Hər gün onu ziyarət edərdi. Hz. Əbu Bəkr də Rəsulullahı (s.ə.s) görmədən rahatlıq tapa bilməzdi.

Hz. Aişə (r.anhə) belə nəql edir:

“Allahın Rəsulu (s.ə.s), demək olar ki, hər gün ya səhər, ya da axşam atam Əbu Bəkrin (r.a)  evinə baş çəkərdi. Lakin Allah ona hicrətə icazə verdiyi gün günorta vaxtı evimizə gəldi. Atam onu ​​görəndə:

- Rəsulullah (s.ə.s) bu saatda gəlməzdi. Bu, vacib iş olmalıdır! - dedi.

Rəsulullah (s.ə.s) içəri girəndə atam oturduğu yerdən ayağa qalxdı və yerini Ona verdi. Atamın yanında mən və bacım Əsma da vardı. Allah Rəsulu atama:

- İnsanları otaqdan çıxart (danışacağımız vacib bir məsələ var)! - dedi. Atam:

- Ya Rəsulallah, onlar mənim qızlarımdır (narahat olma). Anam-atam sənə fəda olsun, bu vacib məsələ nədir? - deyə soruşdu. Rəsulullah (s.ə.s):

- Allah-Təala mənə Məkkədən çıxıb hicrət etməyə icazə verdi.

Atam:

- Ey Allahın Rəsulu! Mən də Sənə yoldaş olacağammı? - dedi. Peyğəmbərimiz (s.ə.s):

- Bəli, biz birlikdəyik! - dedikdə Əbu Bəkr sevincindən bərkdən ağlamağa başladı. Allaha and olsun ki, o günə qədər heç vaxt düşünməzdim ki, insan sevincdən hönkür-hönkür ağlaya bilər”. (İbn Hişam, II, 97-98)

Böyük bir təslimiyyət və sədaqət abidəsi olan Hz. Əbu Bəkrin vəfat anında son sözü Qurani-Kərimdə də ifadə edilən bu cümlə olmuşdur:

“...Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!.." (Yusuf, 101)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz