İman axtarışında bir ömür Salman farisi (r.a)
İbn Abbas (r.anhumə) Salman Farisi (r.a)-ın iman axtarışında keçən həyatını öz dilindən belə nəql edir:
“Mən İsfahanın Cey kəndində yaşayırdım. Atam kəndimizin din adamı idi. Ailədə ən çox məni sevdiyi üçün yanından ayırmaz, daima evdə saxlayardı. Atamın dininə - məcusiliyə o qədər bağlı idim ki, müqəddəs sayılan oda xidmət vəzifəsini icra edirdim.
Bir gün atam iş üçün tarlaya öz yerinə məni göndərdi. Yolda xristianların kilsəsini gördüm. İçəridə etdiklərini maraqla seyr edib öz-özümə: “Bu din bizimkindən daha xeyirlidir” deyib gün batana qədər oradan ayrılmadım. Onlardan bu dinin mərkəzinin harada olduğunu soruşdum. Şamda olduğunu dedilər.
Axşam evə gələndə atam məsələni öyrənib qaçacağımdan qorxduğu üçün ayağımı buxovlayıb məni evə həbs etdi. Kilsədəki xristianlara xəbər göndərib Şamdan ticarət karvanı gəldiyi zaman mənə bildirmələrini söylədim. Nəhayət, bir gün qaçıb xristian tacirlərlə Şama getdim. Elmi cəhətdən ən üstün din adamının kim olduğunu öyrənib yanına getdim. Bu dini qəbul edib onun yanında qalaraq kilsədə xidmət etməyə başladım.
Şam yepiskopu dünya malına həddən artıq həris idi. Xristianlara sədəqə verməyi əmr edər, gətirdiklərini özünə götürər, yoxsullara heç nə verməzdi. Bu minvalla yeddi küp qızıl və gümüş yığımışdı. Nəhayət, günlərin birində o öldü.
Xristianlara xəzinəsini göstərib dedim:
“Bu, çox pis adamdır. Sizə sədəqə verməyi əmr edər, gətirdiklərinizi isə yoxsullara verməyib özü üçün yığardı”.
“Vallahi, əsla onu dəfn etmərik”, - deyib cəsədini asıb daş-qalaq etdilər. Onun yerinə kilsəyə başqa bir din adamı gəldi. Camaatın arasında ondan daha fəzilətli, onun qədər dünyaya əhəmiyyət verməyən, axirətə rəğbət edən, gecə-gündüzünü ibadətlə keçirən ikinci bir adam görmədim. Ölüm döşəyində olarkən ona:
“Neçə vaxtdır ki, yanındayam. Daha əvvəl heç kimi sənin qədər sevmədim. Görürəm ki, Allahın əmri səni haqlamaq üzrədir. Mənə nə edəcəyimi, kimin yanına gedəcəyimi söylə!” – dedim.
“Oğlum, buralarda mənim yolumdan gedən bir adam tanımıram. Saleh insanlar bu dünyadan köçdülər. Yaşayanlar da dinin hökmlərini dəyişib bir çoxunu tərk etdilər. Lakin Mosulda mötəbər bir din adamı var, eyni yolun yolçularıyıq. Onun yanına get”, - dedi.
Bu mötəbər şəxsin ölümündən sonra Mosuldakı dostunun yanına getdim. O da öldükdə tövsiyəsini alaraq Nusaybində, Ondan sonra isə Ammuriyədə (Əskişəhər yaxınlığında yer adı) yaşayan din xadimlərinin yanına getdim. Hətta Ammuriyədə bir az mal-qara sahibi də oldum. Nəhayət, oradakı adamın da ölüm vədəsi yetişdi.
Mənə tövsiyə edib:
“Oğlum, vallahi, bu gün yer üzündəki insanlar arasında bizimlə eyni yolda olan və yanına getməyi tövsiyə edəcəyim bir adam tanımıram. Lakin axırzaman peyğəmbərinin gəlməsi çox yaxındır. O peyğəmbər Həzrət İbrahimin dini üzrə göndəriləcək. Ərəblərin yaşadığı torpaqlarda zühur edəcək, iki qara qayalıq arasında xurma bağçaları olan bir yerə hicrət edəcək. Hədiyyədən yeyəcək, sədəqəni yeməyəcək. İki kürəyi arasında peyğəmbərlik möhürü var. O diyarlara gedə bilsən, dərhal yola çıx!” – dedi.
Kəlb qəbiləsinin tacirləri ilə danışıb mal-qaramı vermək şərtilə məni ərəb diyarına götürmələrini istədim. Razılaşsaq da Vadil-Quraya çatanda mənə zülm edib kölə kimi bir yəhudiyə satdılar. Oradakı xurma ağaçlarını görən kimi “Görəsən, bura axırzaman peyğəmbərinin hicrət yurdudur”, -deyə ümidlənsəm də tam qane olmadım. Sonra Qureyzə oğullarından ağamın əmisi oğlu məni satın alaraq Mədineyi-Münəvvərəyə apardı. Vallahi, Mədinəni görən kimi oranın hicrət yurdu olduğunu anladım…
Bir gün xurma ağacında işləyirdim. Bu zaman ağacın kölgəsində oturan ağamın əmisi oğlu gəlib:
“Allah Evs və Həzrəc qəbiləsinin bəlasını versin! Quba kəndində Məkkədən gələn və peyğəmbər olduğunu iddia edən bir nəfərin başına yığışıblar”, - dedi. Bu sözü eşitdiyim an məni elə bir titrəmə tutdu ki, az qala ağamın üstünə yıxılacaqdım.
- Nə dedin, nə dedin? - deyib dərhal xurma ağacından düşdüm. Ağam hirslənərək mənə bir şillə vurub:
- Sənə nə dəxli var? Get işinlə məşğul ol! – dedi. Axşam düşəndə yığdığım az miqdarda qidanı götürüb Qubaya – Rəsulullahın yanına yollandım.
“Sənin saleh biri olduğunu eşitdim. Ətrafında möhtac və kimsəsiz səhabələr var. Sədəqə kimi ayırıb saxladığım qida vardı, onu sizə layiq görürəm” – deyib gətirdiyim qidanı ona uzatdım. Rəsulullah (s.ə.s) əshabına çevrilib:
“Götürün, yeyin”, – buyurdu, özü isə ondan yemədi. Öz-özümə:
“Bu, bir!” – dedim. Sonra yanından ayrılıb yerimə qayıtdım. Yenə bir az qida tədarükü görməyə başladım. Bu əsnada Allah Rəsulu Mədinəyə gəlmişdi. Yanına gedib:
“Sənin sədəqə yemədiyini gördüm. Bu qidanı sənə ikram etmək üçün gətirdim”, - dedim. Bu dəfə Rəsulullah ondan həm özü yedi, həm də əshabına təklif etdi. “Bu, iki!” – dedim.
Bir gün Allah Rəsulu cənazə dəfni üçün Cənnətul-Baqiyə getmişdi. Əshabının yanında oturmuşdu. Əynində bütün bədənini örtən iki hissədən ibarət ehram vardı. Hüzuruna çıxıb salam verdim. Sonra peyğəmbərlik möhürünü görə bilmək ümidi ilə arxa tərəfinə keçdim. Allah Rəsulu niyyətimi başa düşüb kürəyinə saldığı ridasını sıyırdı.Peyğəmbərlik möhürünü görən kimi tanıdım, dərhal üstünə qapanıb öpməyə və ağlamağa başladım. Həzrət Peyğəmbər (s.ə.s):
“Bu tərəfə gəl!” – buyurdu. Gəlib qarşısında oturdum, başıma gələn bütün əhvalatı danışdım. Başıma gələnləri əshabının da eşitməsi Rəsulullahın çox xoşuna gəlmişdi…” (Əhməd, V, 441-444; İbn Hişam; I, 233-242; İbn Sad, IV, 75-80)
ŞƏRHLƏR