Qələm məsuliyyətimiz

Qələm məsuliyyətimiz

Yaradılmışların ilki qələmdir, deyirlər. Qələm və əlbəttə, onun öz funksiyasını yerinə yetirə bilməsi üçün lazım olan digər ləvazimatlar. Təfsir kitablarında yer alan bir rəvayətə görə, Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Bilin ki, Allahın ilk yaratdığı şey qələmdir. Sonra da nundur ki, o da mürəkkəbqabıdır. (Allah) ona: “Yaz!” - deyə əmr verdi. Qələm: “Ey Rəbbim, nə yazım?” – dedi. Allah: “Qədəri yaz; gəlmiş, keçmiş və gələcək olan hər şeyi yaz!” – buyurdu. Həmin an qələm hərəkətə keçdi və qiyamətə qədər olacaq hər şeyi yazdı”.

Məqsədim ilk olaraq nəyin yaradıldığını sübut etmək deyil. Diqqət çəkmək istədiyim məsələ dinimizin, əqidəmizin qələmə - yazıya verdiyi qiymətdir ki, qeyd etdiyim hədis Rəbbimiz qatında qələmin nə qədər dəyərli olduğunu ifadə edir. Bunu da deyim ki, bu hədisi dəstəkləyən mahiyyətdə, Quranın “Qələm” surəsi bu cür başlayır: “Nun! Qələmə və (qələmlə) yazdıqlarına and olsun!” Ayənin başındakı “nun” hərfini şəkil etibarilə qamış qələmlərin mürəkkəbqabı kimi istifadə olunan davata bənzədən bəzi təfsirçilər bunun ilk ilahi əmrə işarə etdiyini bildirmişlər.

Qələm ilə yaradılış arasında bu cür mənəvi bir əlaqə varsa, əlbəttə, yaradılmışların ən şərəflisi olan insan ilə qələm arasında da qüvvətli bir əlaqə var. Necə ki, qələmin məhsulu olan yazı insanın göz açdığı ilk andan etibarən onun həyatında yer tutmuşdur. Həzrət Adəmin yaradılıb ilk dəfə gözünü açdığı zaman səmada “Allah” və “Muhamməd” adlarını gördüyü rəvayət edilir. Həzrət Adəm oxuma-yazma bilirdi? – deyəcəksiniz. Əlbəttə, Qurani-Kərimə görə, Uca Allah Adəmi xəlq etdikdən sonra ona kəlmələri öyrətdi. O zaman ilk an səmada gördüyü kəlmələrin də nə olduğunu, hər halda, öyrənmiş oldu. Necə ki, səmada gördüyü o iki kəlməni həmin an oxumamış, cənnətdəki xətasından sonra tövbə edərkən o adları vəsilə edərək əfv diləmişdir. Bundan əlavə, Həzrət Adəmin dünyaya göndərilməsindən sonra ona və ondan törəyəcək nəslinə bir xəbərdarlıq olaraq on səhifəlik vəhyin nazil edilməsi də, dini mənbələrə əsasən, onun oxumaq və yazmaq qabiliyyətindən xəbər verir.

Həzrət Adəmin oxumasından bəhs edərkən, əlbəttə, indiki əlifba kimi 32, yaxud 28 hərfin mövcud olması şərt deyil. Çünki onun istifadə etdiyi dil, kəlmələr, bizimki qədər zəngin deyildi, hər halda. Daha məhdud kəlmələrlə danışırdı. Və hər bir kəlmənin hərf-hərf yazılması da şərt deyil. Bir kəlməni, yaxud mövzunu bir-iki cızıq və ya simvol da ifadə edə bilər. Necə ki, günümüzə gəlib çıxan ilk yazı nümunələri sayılan, eramızdan əvvəlki 4-5-ci minilliyə aid daş kitabələr – Şumer mixi yazıları, Babil kitabxanaları, həmçinin qədim Misirdə və Çində ortaya çıxan, eramızdan əvvəlki dövrə aid ideoqrafik – şəkilli yazı nümunlərində bu üsuldan istifadə edilib. Yəqin ki, onlar da əlifba düzəldə bilərdilər. Amma fikirləşirdilər ki, gün gələr, əlifba dəyişər, sonrakı nəsil oxuya bilməz. Yaxud dünyanın fərqli bölgələrində fərqli dillər mövcuddur. Şəkilləri və simvolları isə hamı başa düşə bilər.

Hər nə olursa olsun, ulu əcdadımızdan qalan ən qədim miras məhz yazıdır. Bəs  yaxşı, bu qədər milyon il keçməsinə baxmayaraq, başqa hansısa canlının buna bənzər qabiliyyəti olubmu? Bu vaxta kimi hansı istehkam qabiliyyətlərinə malik olmasından (yuva qurmaq, ovçuluq, köç və s.) asılı olmayaraq heç bir heyvanın yazı ilə harasa, nəsə işarə qoyduğunu görmədik. Biri yazsın, digəri gəlib onu oxusun, bu ancaq insana məxsus bir qabiliyyətdir. Digər heyvanlardakı qabiliyyət nə qədər yüksək olursa olsun, onun ulu əcdadı da təkcə eynisini edirdi. Elə isə yazı, həqiqətən, müqəddəsdir; insana verilən qeyri-adi bir əmanətdir.

İnsan hərf yanına hərf qoşmaqla, yeni kəlmələr, yeni icadlar, yeni kitablar ərsəyə gətirməklə “insan” oldu. Ondakı bu inkişaf elə ilk insandan, ulu əcdadından etibarən Rəbbi tərəfindən genlərinə işlənmiş, xarakterinə həkk edilmişdi; istər yaxşılıq üçün işlətsin, istər pis niyyətlə. Nəticədə insan bu təchizata malik dünyanın super gücü, ən qüdrətli, ən qabiliyyətli məxluqudur; digərlərindən fərqli olaraq. Burada mühüm məqam yazının kimin əlində olması və nə üçün istifadə olunmasıdır. Yazı ilə xeyrə də yol açılar, şərə də. Söz uçub getsə də, yazı qalar və onun açdığı cığır illər sonra da o cığırla addımlayanları hansısa istiqamətə yönəldər.

Odur ki, yazı yazanlar çox böyük məsuliyyət altında olduqlarını unutmamalıdır. Dildən-dilə dolaşan, “La-ədri” təxəllüslü şairə nisbət edilən gözəl bir beyt var, yazımı onunla yekunlaşdırım:

Qələm fəryad edər, ağlar mürəkkəb:

Məni nadan əlində buraxma, ya Rəbb!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz