Bu yay Quranı könlünə yay
Yay ayları gəldikdə bir çox insan səyahət, gəzinti və başqa əyləncələr üçün plan qurmaqda, yay tətilini ən yaxşı necə və harada keçirəcəklərinə dair düşüncələrə qərq olmaqdadır. Əlbəttə, bir tərəfdən məktəblərdə tətilin olması, digər tərəfdən də havaların isti keçməsi yayın tətil və istirahət üçün bir imkana çevrilməsi baxımından əhəmiyyətlidir. Bütün bu reallıqlarla yanaşı, bir həqiqəti də yaddan çıxartmamaq lazımdır ki, yay sadəcə tətil deyil, eyni zamanda bir fürsət və insanlara verilən böyük nemətlərdən biri olan zaman nemətidir.
Hz. Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurmuşdur: “İki nemət var ki, insanların çoxu bunda aldanmışdır (Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır). Bu iki mühüm nemət: sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60) Başqa bir hədisdə isə: “Beş şey gəlmədən əvvəl bu beş şeyi qənimət bilin, onlardan yaxşı istifadə edin: Qocalıq gəlmədən əvvəl gəncliyin, xəstəlik gəlmədən əvvəl sağlamlığın, kasıblıq gəlmədən əvvəl zənginliyin, məşğuliyyət gəlmədən əvvəl boş vaxtın və ölüm gəlmədən əvvəl həyatın qədrini bilin və bunların haqqını verin!” - buyurmuşdur. (Hakim, Müstədrək)
Yuxarıdakı hədislər bizə zamanın əhəmiyyətini, vaxtı səmərəli və faydalı keçirməyin vacibliyini və keçən, itirilən zamanın bir daha geri qayıtmayacağını bildirməkdədir. Bu mənada yay tətilləri həm ailəmiz, uşaqlarımız, həm də bizim üçün əla fürsət ola bilər. Məhz bu fürsətlərin başında bir müsəlmanın dinini, dəyərlərini, namazını, kitabını, məscidini öyrənmə imkanı gəlir. Rastlaşdığım bir çox ailə və valideynlər uşaqlarına dinimizin onlara hələ uşaq vaxtından doğru və düzgün formada öyrədilməsini arzu etdiklərini, ancaq dərs, kurs və s. kimi səbəblərdən bunu təşkil edə bilmədiklərini bildirirlər. Ona görə də yay tətilləri bu cür ailələrin, valideynlərin və gənclərin, ümumilikdə isə dinimizi, kitabımızı, dəyərlərimizi öyrənməyi arzu edən hər bir müsəlman fərdin istifadə edə biləcəyi imkanlar təqdim etməkdədir.
Ölkəmiz təkrar müstəqilliyini bərpa etdikdən sonra məscidlərimiz açılaraq fəaliyyətə başladı, yeniləri inşa edildi və dinimizi öyrənmək üçün geniş imkanlar və fürsətlər yarandı. Bütün bunlarda dövlətimizin dinimizə olan qayğısı və diqqəti özünü büruzə verməkdədir. Bu gün ölkəmizdə məscidlərimiz fəaliyyət göstərməkdə, minarələrimizdən tövhid və birliyə səsləniş olan azanlarımız ucalmaqda, məscidlərimizdə din xadimlərimiz tərəfindən müqqəddəs kitabımız öyrədilməkdə, ənənəvi dini dəyərlərimizin təbliği aparılmaqdadır. Əlbəttə, bu, Rəbbimizin bizə bir lütfü və nemətidir. Bu mənada, bunu da diqqətimizdə saxlamalıyıq ki, Allah nemətlərinin şükrü olmadıqda və qiyməti bilinmədikdə qullarının əlindən alırmış.
Kitabımız Qurani-Kərimin ilk əmri “oxu” əmridir. Dinimiz oxumağı, öyrənməyi, bilməyi zaman, məkan fərqi olmadan yerinə yetirməyi əmr edir. Hz. Peyğəmbərimiz də (s.ə.s): “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir”, - buyurur. Yay tətilləri kitabımızın ilk əmrinin yerinə yetirilməsində, peyğəmbərimizin də ən xeyirli insan olma müjdəsinə nail olunmasında qarşımıza çıxan bir imkandır. Odur ki, yay aylarını və tətili fürsət bilərək başda özümüz olmaqla, ailəmiz, uşaqlarımız və gənclərimizin mənəvi dünyalarını zənginləşdirmək, dəyərlərinə bağlı, kamil insan olma yolunda irəliləyən, vətəninə, xalqına, dövlətinə, bayrağına, şəhidinə hörmət və ehtiram göstərən fərdlər olaraq yetişməsinə zəmin hazırlayaq. Bu yay qəlblərimizin və dilimizin Qurana qovuşmasına, zikrlə dadlanmasına çalışaq. Yaradanımızın bizə mesajına qulaq verək, həm ərəbcəsini oxumağı öyrənək, həm də tərcüməsini, təfsirini, verilən mesajları, ibrətləri öyrənək və öyrədək. Sabah gec olmadan, elə bu gün, bu yay ailəmizin və övladlarımızın Quranla qovuşması üçün çalışaq.
Nəticə olaraq, “Hər biriniz çobansınız və hər kəs güddüyündən məsuliyyət daşıyır”, - deyən Hz. Peyğəmbərimizin bu sözünə qulaq verərək sabahkı məsuliyyət və öhdəliklərimizə indidən hazırlıq görməliyik. Gəlin, bu yay Quranı könlümüzə yayaq!
ŞƏRHLƏR