İnsanın ən böyük izi yazıdır

İnsanın ən böyük izi yazıdır

Mehman İsmayılov  Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru

İlk əvvəl mən “İrfan” jurnalının bütün heyətini təbrik edirəm. 200-cü sayı, təbii ki, bir jurnal üçün böyük bir saydır. Bu illər ərzində “İrfan” jurnalının cəmiyyətimizin milli-mənəvi dəyərlərinin təbliği istiqamətində maariflənməsində rolu böyük olub. Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtisadi, sosial, mədəni, müxtəlif sahələrdə böyük inkişaf yolu keçib. Lakin bizi bir xalq kimi var edən milli kimliyimizin müasir dünyada qorunub saxlanmasında bunlar qədər mənəvi dəyərlər də xüsusi rol oynayır. Bu baxımdan, düşünürəm ki, jurnalın kollektivinin gördüyü iş böyük bir işdir.

Ümumiyyətlə, yazı hər zaman öz aktuallığını qoruyur. Yazı ərəb dilindən bizim dilimizə “kətəbə” feilindən gələrək “kitab, məktəb, məktub” kimi bir sıra kəlmələr qazandırıb. “Kətəbə” iz salmaq deməkdir. İnsanın elə ən böyük izi, bəlkə də, elə ən böyük kəşfi də məhz yazı olmuşdur. Dəyərlərin qorunub saxlanmasında, keçmişin gələcəklə sintez edilməsində bu cür izlərə çox böyük ehtiyac var. İnanıram ki, sizin də qoyduğunuz bu iz bizim milli-mənəvi dəyərlərimizin qorunub saxlanması funksiyasını bundan sonra da, daha da inkişaf etdirərək davam etdirəcəkdir.

Müasir dövrdə insanlar daha çox təsirə məruz qalırlar. Müxtəlif yad təsirlər var ki, müsbət də ola bilər, mənfi də. Bu cür təsirlərdən, xüsusilə də mənfi təsirlərdən qorunmağımız və müsbət təsirləri alaraq inkişaf etdirməyimiz kimliyimizin yoğrulması baxımından çox vacibdir. Jurnalınızın yazıları da daim bu məsələni gündəmdə saxlayır. Oxuduğum məqalələrə diqqət etdikdə görürəm ki, bu məsələ “İrfan” üçün daim diqqət mərkəzindədir.

Bir məsələni də vurğulayım ki, müasir oxucu müasir üsullardan istifadə olunmadığı təqdirdə o mətni oxumur. Təkcə jurnal üçün yox, bütün mənbələr üçün bu keçərlidir. Sosial şəbəkələrdə də belədir, oxucu rəğbəti üçün müasir oxucuya xitab etməlisən. Gənclər qloballaşan dünyada çox böyük təsir altındadır. Qloballaşan dünyanın bir ayağı insanlarda müəyyən mənfi xüsusiyyətləri də bərabərində gətirdiyi üçün o mənfi xüsusiyyətlər uzun əsrlərdən bəri formalaşmış dəyərləri yerindən tərpədir, laxladır. Məsələn, qonşuluq əlaqələri, ailə dəyərləri əvvəlki kimi güclü deyil. İslamın anladılması, vətənpərvərliyin aşılanması, dostluq, qardaşlıq, əmanətə sahib çıxmaq, yaxşılıq etmək və s. Bütün bu dəyərləri təbliğ edərkən artıq klassik üslub ilə yanaşı, yeni metodların, üsulların da axtarışında olmalıyıq. Çünki hansısa bir mövzunun əhəmiyyəti qədər onun təqdimatı da çox böyük əhəmiyyət daşıyır. Bu mövzuda “İrfan”ın açdığı cığır çox mühümdür. Bu yolda sizə, jurnalınıza uğurlar arzulayıram.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz