Sifət (hekayə)

Sifət (hekayə)

Kafedra müdiri Qalib Vəliyev üçüncü kursda oxuyan Əkbərə açıqca dedi: “Qayıbların silinməsinə görə yüz, seminarlara görə yüz, sərbəst iş yüz, imtahan yüz manat. Neçə elədi?” – “İki yüz”. – “Yoox”. – “İki yüz əlli”. – “Telefonun kalkulyatoruyla hesabla, dəqiq rəqəmi yazacaq sənə”. – “Yaxşı, üç yüz və söhbət bağlandı”. – “Üç yüz əlli və sən demişkən, söhbəti bağladıq”,  – deyib, Qalib müəllim sərt baxışlarını ona zillədi, yəni, uzatma, deyilənlə razılaş. “Xeyr, Qalib müəllim, söhbət bağlanmadı”, - Əkbər başını buladı.

Əkbər telefonlar satılan şirkətdə işləyirdi deyə, vaxt edib tək Qalibin yox, o biri müəllimlərin də dərslərinə girə bilmirdi. Onlarla məlum məsələləri həll edə bilmişdi: biri iki yüzə, o biri iki yüz əlliyə razılaşmışdı, ən çox (üç yüz) fəlsəfə müəllimi istəmişdi, Əkbər də istədiyini vermişdi. Qalibin oxuduğu son qiymət, üç yüz əlli manat həyasızlıq nümunəsi kimi gəlmişdi ona.

Qalibin yanından çıxan Əkbər köhnə qonşuları, tədris işləri üzrə prorektor Hikmət müəllimin yanına getdi. Bir vaxtlar eyni binanın eyni blokunda yaşamışdılar, Əkbərin atasıyla salam-əleykümü vardı. Universitetə qəbul olanda atası oğluna demişdi, imtahanlarla bağlı ciddi bir problemi olsa, ona yaxınlaşsın, salamını çatdırıb problemini desin. Universitetin dəhlizində, ilk söhbətlərində Hikmət müəllim Əkbərə demişdi: “Burayla bağlı bir problemin olsa, çəkinmə, yaxınlaş mənə”.

Prorektorun otağına girib salamlaşdı, atasının salamını çatdırıb Qaliblə bağlı problemi olduğu kimi danışdı. “Dörd yüz?” – prorektorun qaşları yuxarı qalxdı. “Hə, amma sonra dediyim kimi, əlli düşdü”. –  “Bunun iştahına bax. Üç yüz də ona çoxdu”. – “Hikmət müəllim, elə tamahkarlığına görə prinsipə düşdüm, razılaşmadım”. – “Əcəb eləmisən”. Əkbərə elə gəldi, əsas məsələyə keçməyin vaxtıdır, yavaş səslə dedi: “Düzü, bu məsələyə görə istərdim xeyrim sizə çatsın”. Prorektor bir qədər fikirləşəndən sonra məhrəm təbəssümlə soruşdu: “Harda işliyirsən? – “Telefon dükanında”. – “Aydındı. Onun birinci dediyi rəqəmin yarısını versən bəsdi”. Əkbər iki yüz manatı nəzərdə tutaraq barmağıyla iki rəqəmini göstərdi, prorektor başını tərpətdi. Tələbə tez əlini cibinə salanda prorektor dilləndi: “Sən belə elə. Aşağıda, kitab mağazasında Mixail Osipovun “Fizika nəzəriyyəsi” kitabı satılır. Üç manatdı qiyməti, onu alarsan, əmanəti arasına qoyub sabah axşamüstü gətirib şəxsən mənə verərsən”.

Semestrin sonu iki yüz manatın hesabına, Qalib müəllimə bir manat vermədən Əkbərin qayıbları qeyb oldu, sərbəst işdən, seminarlardan üç aldı. İmtahanda isə biletdə birinci suala Messinin müxtəlif illərdə klub transferlərindən, ikinci suala Quba və İsmayıllı Qızıləhməd almaları arasında zahiri və dad fərqlərindən, üçüncü suala sevdiyi Vinni Pux cizgi filmindən, dördüncüdə səhər yuxudan duranda şirin çayı yağ-pendir, yoxsa yağ-süzmə qarışığıyla içməyi barədə xeyli düşünməyindən, sonda acı çayla yağ-bal yeməyindən yazdı. Beşinci sualın cavabı isə belə idi: “Görən, “Keçəl qızın hörükləri” adı ilk dəfə kimin ağlına gəlib?” Nəhayət,  imtahandan da üç alan Əkbər semestri kəsirsiz başa vurdu.

Növbəti semestrin əvvəli Qalib dəhlizdə onu görən kimi dedi: “Sən üç aldın məndən?” – “Guya yadınızdan çıxıb?” – “Qoymuyacam aspiranturaya girəsən,” – Qalib üzünü turşudub dedi. “Onu hardan çıxartdız ki, mən aspirantura eşqindəyəm?” Qalib duruxdu, yavaş səslə dedi: “Düzünü de, Hikmətə nə qədər vermişdin?” – “Heç nə qədər”. – “Heç kimə demiyəcəm, öz aramızda qalacaq”. – “Dedim də, bir manat da verməmişəm”. – “Sən dedin, mən də inandım,” – Əkbər əlini yelləyib ondan aralandı.

Bəzənsə dəhlizdə üz-üzə gələndə, Qalib onu görməməzliyə vurdu.  Əkbər magistraturanın ikinci kursunda oxuyanda, Qalib qəfil onu saxlayıb salamsız-kəlamsız başladı: “Düzünü de, sən aspiranturaya qəbul olacaxsan, hə?” – “Yox, dedim axı, qətiyyən fikrim yoxdu, başa düşün, elm mənlik deyil. Mənlik olsa, oxuyub imtahanları özüm verərdim də”. – “Bəs əsgərlik məsələn?” – “Narahat olmuyun, onu özüm həll eliyəcəm”. – “Bax, bəri başdan deyirəm, sən pulla aspiranturaya qəbul ola bilərsən. Amma minimum imtahanında məndən qiymət almayacaxsan”. Əkbərsə qulaq asa-asa, başını tərpədə-tərpədə (guya razılaşırdı) fikirləşirdi: “Bu sarsaq yaxşı bilir ki, mən aspiranturaya daxil olan deyiləm, eləcə öz əsəbindən xilas olmaqçün məni cırnadır. Eybi yox, qoy ürəyini boşaltsın. Yenə yaxşı ki, bu dəfə Hikməti söhbətə qatmadı”.

Artıq illər keçmişdi, Əkbər boyalar satılan şirkətdə menecer işləyirdi. Bir gün axşamüstü məktəbli oğluna planşet almaqçün kompüter dükanında mallara baxarkən, qəfil adını eşitdi. Qalibiydi, salam, hal-əhval, “Harada işləyirsən?”, “Evlənmisən? Neçə uşağın var?” suallarından sonra soruşdu: “Sən Allah, düzünü de, o vaxt Hikmətə nə qədər vermişdin?” – “Ay Qalib müəllim, yüz il keçib üstündən, bunu indi soruşmağın nə mənası var axı?” – “Hə, düz deyirsən... Bura bax, nəvəmə telefon alıram, bəlkə ilkin ödənişə mənə kömək edəsən?” Bunu heç gözləməyən Əkbər matdım-matdım xeyli ona baxıb dilləndi: “Nə qədər?” – “Yetmiş beş manat”. Əkbər qeyri-ixtiyari əlini cibinə saldı.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz