İnsanın insana təsiri
“Bunu yaxşı bilin ki, insanın vücudunda kiçik bir ət parçası var. Bu ət parçası yaxşı olarsa, bütün vücud yaxşı olar. O yaxşı olmazsa, bütün vücud pozular. Bu ət parçası qəlbdir”. (Buxari, İman, 39)
Hz. Peyğəmbərdən gələn fərqli hədislərdən anlayırıq ki, o (s.ə.s), qəlbin əhəmiyyətini daim diqqət mərkəzində saxlamışdır. Yuxarıdakı hədisi-şərif onlardan biridir. Çünki insanın qərar vermə mərkəzi hər nə qədər beyin olsa da, beyinə yön verən məhz qəlbdir. Ona görə də qəlbi tərbiyə etmək, nəzarət altında saxlamaq, etina göstərmək hər zaman haqq yolçularının birinci qayəsi olmuşdur. Qəlbin iradəsi olmadığına görə, ətrafının rənginə, şəklinə və əxlaqına bürünür. Beləliklə, ətraf mühitin mənfi və ya müsbət təsiri bir müddət sonra qəlbdə kök salır. Layiq olana sevgi, olmayana nifrət hissinin yaranması məhz qəlbdə kök salan əxlaqi keyfiyyətlərə görə şəkillənir.
Əbu Hüreyrədən gələn rəvayətə görə, Rəsulullah (s.ə.s) belə buyurur: “Qul bir günah işlədiyində qəlbində qara bir nöqtə meydana gələr. Əgər o günahdan əl çəkər, Allahdan bağışlanma istəyər, tövbə edərsə, qəlbi cilalanar. Əgər o günaha bir də qayıdacaq olsa, o qara nöqtə böyüdükcə böyüyər, nəhayət, bütün qəlbini örtər”.
İnsan ona mənfi təsir göstərəcək şəxslərdən uzaq durmalıdır ki, qəlbi pis olan şeylərə vərdiş edib qaralmasın. Əks təqdirdə ətrafında baş verən mənfi hadisələrə ikrah hissi duymayacaq hala gələr, hətta qəlbi ona rəğbət göstərər. Hz. Peyğəmbər (s.ə.s): “Möminin qəlbi qaynayan qazandan daha çox dəyişikliyə məruz qalar”, - buyuraraq qəlb həssaslığına diqqət çəkmişdir.
Bu məqamda Allah-Təalanın Tövbə surəsinin 119-cu ayəsində buyurduğu: “Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə birlikdə olun”, - əmri daha yaxşı anlaşılır. Hikmət əhli alimlərlə bərabər olmaq elmi, salehlərlə bərabər olmaq ibadətlərə şövqü, günahlardan uzaq durma arzusunu, fasiqlərlə bərabər olmaq isə günah işləmə cürətini artırar, demişlər. Bunu təsdiq edən mahiyyətdə Peyğəmbərimiz (s.ə.s): “Ev almadan əvvəl qonşu, yola çıxmadan öncə yoldaş qazanın”, - buyurmuşdur.
Sadiqlərlə birlikdə olmaq sədaqət vəsfini qazanmağa, onu davam etdirməyə və onların əxlaqı ilə əxlaqlanmağa vəsilə olacaqdır. Necə ki, Sədi Şirazi, sadiqlərlə birlikdə olmağın fəzilətini və bunun əksinə, sadiqlərdən ayrılmağın qorxunc aqibətini belə ifadə edir: “Əshabi-Kəhfin iti Qitmir sadiqlərlə birlikdə olub onlara sədaqətli olduğu üçün böyük şərəfə nail oldu. Namı Qurani-Kərimdə keçdi. Hz. Nuh və Hz. Lutun xanımları isə fasiqlərlə bərabər olduqları üçün cəhənnəmə düçar oldular”.
Bu bir həqiqətdir ki, insanın təbiətində bir çox cismani ehtiyaclar zərurət təşkil edir. Məsələn, yemək, içmək, cütləşmək və s. bədənin təbii tələbləridir. İnsanın ehtiyacı olan bu tələblər halal yollarla əldə edilə biləcəyi kimi, bunları haram yollarla da əldə etmək mümkündür. Donuzun, içkinin, zinanın, oğurluğun haram olduğunu, demək olar ki, cəmiyyətimizdə bilməyən yoxdur. Buna baxmayaraq, Allahın saysız halal nemətlərini qoyub, barmaq sayını keçməyən haramlara yönələn insanlara nəzər saldıqda görürük ki, bu insanların dostları, yaxın adamları da haram-halala diqqət etməyən kəslərdir. Yəni ətrafındakı çevrə, sosial mühit insanın harama meyil etməsinə birbaşa təsir göstərir. Ona görə də əsas məsələ nəyin haram, nəyin halal olduğunu bilmək yox, ona əməl etməkdir. Bu da ancaq saleh və sadiq insanlarla birlikdə olduqda mümkün olur.
Əgər bir insan pis işlərdən uzaq durmağa niyyət etmişsə, ilk növbədə onu pis yollara dəvət edən yoldaşlardan uzaq durub xeyrə çağıran yeni dostlar qazanmalıdır. Buxaridə keçən bir hədisdə belə buyurulur: “İnsanların etdiklərini yazan mələklərdən başqa mələklər də vardır. Yollarda gəzərlər. Allah-Təalanı zikr edənləri axtarar, tapdıqları zaman bir-birilərinə xəbər verərlər. Qanadları ilə onları sevgiylə əhatə edərlər. Allah-Təala bu mələklərə: “Şahid olun, bu qullarımı bağışladım”, - buyurar. Mələklər: Onların içində başqa məqsədlə gələn günahkar biri var. Onu da əfv etdinmi, ya Rəbb?!” – deyərlər. Allah-Təala: “Bəli, onu da bağışladım. Yaxşılarla bərabər olan pis olmaz”, - buyurar”.
Görüldüyü kimi, yaxşı insanlarla birlikdə olan günahkar bir qulu belə, baxmayaraq ki, onun niyyəti fərqli idi, Allah-Təala bağışlayırsa, səmimi olaraq salehlərlə bərabər olanları Allah-Təalanın nə ilə mükafatlandıracağını siz düşünün.
ŞƏRHLƏR