BƏDİİ MÜTALİƏNİN MƏĞZİ

BƏDİİ MÜTALİƏNİN MƏĞZİ

Məşhur rus yazıçısı Fyodor Dostoyevskinin “Gözəllik dünyanı xilas edəcək” aforizmi hələ də nəzəri xarakter daşıyır. Ümumiyyətlə, “dünyanı nə xilas edəcək?” sualının özünə cavab vermək, açığı, qəliz məsələdir. Eyni zamanda istər-istəməz başqa bir sual ortaya çıxır: dünya özü məhv olmağın astanasındadırmı ki, onun xilası məsələsi arxi-aktual xarakter kəsb etsin?

Eyni kontekstdə zaman-zaman bədii mütaliənin vacibliyi məsələsi də insanları düşündürən məsələlərdən biri olmuşdur. Keçən yazımızda bu məsələyə qismən toxunmuşduq və gəldiyimiz nəticələrdən biri bu idi ki, Azərbaycanda ciddi mütaliənin aşağı səviyyədə olmasının əsas səbəblərindən biri internet məlumatlarının çoxluğudur.

Bədii mütaliə bizə nə verir? Bədii mütaliəsiz keçinmək olarmı? İnsan bədii mütaliə ilə məşğul olmasa nəsə itirərmi? Bu suallara birmənalı cavab vermək elə də rahat deyil. Sovet dövründə bədii mütaliə hardasa kult səviyyəsinə gəlib çıxmışdı, çünki bu işə birbaşa Sovet rəhbərliyi başçılıq edirdi. Məsələn, əzazil diktator Stalin belə o keşməkeşli dövrdə mütaliəsindən geri qalmırdı. Deməli, 1941-ci ildə Almaniya SSRİ-yə hücum edib artıq Moskvaya təhlükə yarananda, yazı adamlarının bir hissəsini evakuasiya etmək qərarına gəlirlər. Həmin adamlardan biri, o zaman məşhur olan rus dramaturqu Leonid Leonovun bir il əvvəl Moskva Bədii Teatrına tamaşaya qoyulması üçün yolladığı “Çovğun” pyesi Kommunist Partiyasının İdeologiya Şöbəsində kəskin tənqidə məruz qalıbmış. L.Leonov bir dostuna etiraf edir ki, Moskvadan köçmə ərəfəsində onların evinə Stalin zəng edir və dramaturqa deyir ki, “narahat olma, sənin pyesini bu yaxınlarda oxudum, yaxşı yazmısan, “Çovğun” teatrda tamaşaya qoyulacaq”. Sonralar L.Leonov deyirmiş ki, “mən belə bir ağır şəraitdə Stalinin vaxt tapıb əsərimi oxumağına heyrət etmişdim”.

Tutaq ki, Stalin misalında biz könüllü mütaliənin şahidi oluruq, amma mütaliənin mütləq vacib olduğunu söyləyənlər, hətta bununla bağlı xüsusi siyahı tutanlar da olur. Məsələn, dərs dediyim Bakı Slavyan Universitetində keçmiş rektorum filoloq alim və yazıçı Kamal Abdullanın bütün fakültələrin tələbələri üçün semestr müddətində 10 dünya klassikinin yazdığı əsəri oxuyub ayrıca imtahan vermələri praktikası var idi. Amma ABŞ yanaşmasına görə, tələbələrin sırf öz ixtisasları çərçivəsində ədəbiyyat oxumaları kifayətdir.

Bəs bədii mütaliə insan davranışına necə təsir edə bilər? Mənim, elə çox adamın da gəldiyi təxmini qənaət budur: əsərlər, lap şedevrlər olsa belə, cəmiyyəti total şəkildə dəyişmək iqtidarında deyil. Cəmiyyəti dəyişdirə bilən institutlar dövlət və onun apardığı effektli təhsil siyasəti ola bilər. Bədii mütaliə ayrı-ayrı fərdlərə təsir edə bilər, həm mənfi, həm də müsbət mənada. Biz manyakların həyat yoluna nəzər salanda, bəzən onların şeytani fikirləri təbliğ edən əsərlərdən təsirləndiyinin şahidi oluruq, yəni bu da bədii mütaliənin təsiridir. Eyni zamanda Tolstoyun humanizm, günahdan arınma və ruhu katarsis ideyalarını özündə əks etdirən əsərlərinin ayrı-ayrı fərdlərə müsbət təsir etdiyinin də şahidiyik. Bu kontekstdə belə söyləyə bilərik: Bədii ədəbiyyat panaseya (hər şeyin dərmanı) deyil, amma onun rolunu da azaltmaq olmaz.

Bədii mütaliənin digər funksiyası estetik zövq almaqdır. Yəni biz həm də sözün bədiiliyindən zövq almaq, əylənmək üçün kitab oxuyuruq. Bu kontekstdə ilk ağıla gələn şeirlər olur. Tutaq ki, şairin şəhərdə oturub fitri istedadla yazılmış təbiət şeirlərini oxuyan şeirsevər özünü bir meşədə hiss edir, ağacların yaşıllığını duyur, quşların səsini eşidir.

Bədii mütaliə zamanı özümüzə yaxın olan, doğma hiss etdiyimiz obrazlarla özümüzü bir növ eyniləşdirərək keçmişimizə qayıdırıq. Demək ki, başqalarının yazdığı kitablarda həm də özümüzü tapırıq.

Son olaraq yenə də bir suala qayıtmaq istəyirəm: bədii mütaliə vacibdirmi? Düşünürəm ki, vacibdir; bədii mütaliə bəşəriyyəti xilas etməsə də, pis şeylərin, faciələrin fonunda, ən azından, insana işıq və enerji verən bir nəsnədir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz