Sevmək, sevmək, yenə də sevmək
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “And olsun ki, sizə içinizdən elə bir peyğəmbər gəlmişdir ki, sizin sıxıntıya düşməyiniz ona çox ağır gəlir. O sizə qarşı çox qayğıkeş, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir”. (ət-Tövbə, 128)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Tövbə surəsinin 128-ci ayəsinə aydınlıq gətirən elm əhlinin qənaətinə görə, Allah-Təala (c.c) bu ayədə Öz isimlərindən olan Rauf (çox şəfqətli) və Rahim (çox mərhəmətli) sifətləri ilə Rəsulullahı (s.ə.s) şərəfləndirmişdir. Hansı ki, əvvəlki peyğəmbərlərdən heç biri bu sifətlərin ikisi ilə də eyni zamanda şərəflənmə bərəkətinə nail olmamışlar. Deməli, misli olmayan bir şəfqət və mərhəmət dəryası hökmündə olan, ümmətinə qarşı məhəbbəti, fədakarlığı sərhəd tanımayan, Haqqa qarşı qulluq vəzifələrini icra edərkən kainatdakı hər bir varlığı heyrətə düşürərək kamil bir qul olmağın gözəlliyini, etibarını və həqiqətini ortaya qoyan bir peyğəmbərə ümmət olmaq necə də böyük bir şərəfdir. Təbii ki, Rəbbimizin peyğəmbəri timsalında sərgilədiyi bu böyük nemətin fərqində olmaq üçün Rəsulullahı (s.ə.s) tanıma və Onu sevmə mədəniyyətini öyrənməyimiz lazımdır. Bu neməti yaşama məharətinin insanı Allah (c.c) nəzdində hansı dərəcələrə yüksəldəcəyi, Əbu Bəkr həzrətlərinin Rəsulullah (s.ə.s) ilə qarşılıqlı sevgisində üzə çıxmaqdadır. Bir hədisdə buyurulur: “Əbu Bəkr insanların ən üstünüdür, lakin peyğəmbər deyildir”. (Deyləmi) Başqa bir hədisdə bu: “Əbu Bəkrin bu üstünlüyü namaz və orucun çoxluğu ilə deyil, onun qəlbində qərar tutan bir şeydən dolayıdır”, - şəklində bəyan edilir. İmam Qəzzali həzrətləri bu üstünlüyün səbəbini açıqlayarkən bunun Əbu Bəkrin könül dünyasını feyzləndirən Rəsulullah (s.ə.s) sevgisi olduğunu bildirir. Sevgi qarşılıqlıdır. Yaxşı, bəs kainatın, varlıqların yaradılış səbəbi olan Muhammədi Nurun yenilməz sahibi Hz. Muhamməd əleyhissalamın ümmət sevgisinin lətafət və zərafətini, mənəvi miqyasını günümüzdə könüllərdə etimad və rəğbət yaradacaq şəkildə açıqlamaq mümkündürmü? Bu incə məqama aydınlıq gətirmək üçün peyğəmbər qissələrinə müraciət etməyimiz lazımdır. Buyurulur ki, Yusuf əleyhissalama olan 30 illik ayrılıq sevdası son həddə çatan Yaqub əleyhissalam oğlu ilə görüşmək ücün yaxınları ilə Misir səfərinə çıxır. Orada onu 140 minlik ordu və çox saylı saray əyanları ilə qarşılayan Yusuf əleyhissalam atasını görüncə qələbəliyə əhəmiyyət verməyərək yerdə yuvarlana-yuvarlana atasına yaxınlaşır və iki aşiq sevgi selində boğularaq bir-birinə sarılır. Düz 5 saat bu ehtişamlı sevginin hərarətində sanki qeyb olurlar. Kainatdakı varlıqları cuşa gətirən və mənəvi məhəbbət reytinqlərini alt-üst edən bu sevgi nümayişinin həqiqətini Allah (c.c) və Rəsulullah (s.ə.s) eşqi ilə qəlbi çağlayan bir mərhəmət dəryasına çevrilən Musa Topbaş əfəndi necə də mənalı açıqlayır:
“Haqqı gerçəkdən sevənlər üçün dünya, həqiqətən də, cənnət halına gələr. Çünki onların könüllərini Allah (c.c) sevgisi elə əhatə edər ki, lazımsız heç bir şey görməzlər. Sevərlər, sevərlər, yenə də sevərlər. Sevgidən başqa hər şey onları sıxar, hüzurlarına əngəl olar. Bu sevgi şövq və eşq məcrasına döndüyü zaman sahibini vəcd halına gətirər. Çünki (fani) varlığı aradan çıxmış, sevdiyi ilə var olmuşdur. Bu sevgiyə nail olan şəxs Allaha qarşı bütün vəzifələrini sevə-sevə, böyük bir rahatlıq və könül hüzuru içində ifa edər!” (Sadiq Danə, “Altınoluk söhbətləri”)
İki peyğəmbəri Uca Allahın (c.c) mənəvi hüzuruna vardıran bu məhəbbət səhnəsi bütün mələkləri həyəcanlandırar. Cəbrayıl əleyhissalam 70 min mələklə enər, digər böyük mələklər də nə deyəcəklərini bilməzlər. Hurilər belə heyrətdən barmaqlarını dişləyər. Hamısı birdən Haqq-Təalaya niyaz edərlər: “Ey Rəbbimiz! Bir kimsə digərini bu qədər sevə bilərmi? Bu sevginin varlıq aləmində bir bənzəri varmı?” Haqq-Təaladan dərhal fərman gələr:
“İzzətim və cəlalım haqqı! Mənim ümməti-Muhammədə (s.ə.s) bu sevginin 70 misli qədər məhəbbətim vardır!”
Böyüklərimiz buyurur ki, hər insanın ruhunda ilahi məhəbbətin müstəsna bərəkət mərkəzi olan Muhammədi (s.ə.s) nur gizlidir. Onu səbirlə, Allah (c.c) eşqi ilə ortaya çıxartmaq lazımdır. Aləmləri sevgi və məhəbbət ruhu ilə bürüyən Muhammədi nuru ən gözəl şəkildə idrak edənlər səhabə nəsli oldu. Osman Nuri Topbaş əfəndimizin ifadəsi ilə:
“Allah və Rəsulunun eşqi ilə xidmətə baş vuran yorulmaz” - şüarı səhabə könlünün ətalətini, acizliyini və qorxusunu silib atdı. Mənəvi oyanış ruhu ilə mücadilə meydanına atılan bu ərlər Rəsulullahın cüzi bir istəyinə dərhal: “Əmr et, ya Rəsulallah! Canım-malım, hər şeyim sənə fəda olsun!” - qarşılığını verdilər. Allah Rəsulunun əmrlərinə itaəti dünyanın ən böyük neməti və ləzzəti bildilər!”
ŞƏRHLƏR