Haqq dostlarından hikmətlər Əziz Mahmud Hüdayi – 22

Haqq dostlarından hikmətlər Əziz Mahmud Hüdayi – 22

Hüdayi həzrətləri buyurur:

Kim ki dünyada li-vəchillah əsir azad edər,

Axirətdə ol dəxi azad olub görməz kədər...

“Kim Allah rizası üçün dünyada bir əsiri azad edərsə, axirətdə də özü azad olar, hüzn və kədər görməz”.

Tarix boyunca müharibə qanunlarının nəticəsi olaraq davam edən əsirləri kölələşdirmək adəti bu gün zahirən ortadan qalxmışdır. Lakin toplumlar “hürriyyət” adı altında nəfsani arzularının əsiri olan, şeytanın təsiri və batilin istilası altında qalan, dünyəvi məqam və mövqe mübtəlası, sərvət, şəhvət və şöhrətin qulu-köləsi halına gəlmiş nümunələrlə doludur.

İmanlı və əxlaqlı insan dünyəvi yöndən zahirən bir kölə olsa belə, üxrəvi yöndən məsud və bəxtiyar bir kimsədir. Səbirlə təhəmmül göstərdiyi əzab və məşəqqətlər də onun üçün əcr vəsiləsidir. Hətta zahirən kölə olduğu halda həqiqət aləmində məna sultanı olan neçə-neçə möminlər gəlib keçmişdir.

Lakin insan dünyada zahirən azad olsa da, şayəd nəfsinin əsiri, şeytanın qulu-köləsi olarsa, üxrəvi mənada ağır bir əzaba məhkum olar.

Dünya gəlib keçici, axirət isə əbədi və əsas həyat olduğuna görə, “əsarət” və “hürriyyət” məfhumlarının əsl mənasını buna əsasən anlamaq lazımdır.

Əvvəllər qılınc-qılınca xaçlı səfərləri var idi. Müharibələr döyüş meydanında baş verib bitərdi. Bu gün isə bu səfərlər şəkil dəyişdirdi, daha hiyləgərcəsinə davam etdirilir.

Bu gün qlobal qüvvələr hakim kəsilən media gücünü işlədərək, yəni internet, televiziya, nəşriyyat, moda və reklamlar vasitəsilə sanki insanlarımızın ruhlarını əsir alır, duyğularına qətran qatır. Nəsillərimizin iç dünyasını boşaldaraq öz süfli duyğuları və batil fikirləri ilə doldurur. Onları, haradasa, uzaqdan idarə edilən pultlu robotlara çevirir.

Buna görə də, bu gün mədələr tox olsa da, ruhlar acdır; zehinlər dolu, lakin qəlblər boşdur... Ömrünün baharında olan neçə-neçə gəncimiz kirli medianın qulu-köləsi, qlobal istilaçıların könüllü əsiri halındadır.

Mövlana həzrətləri bu qəflət çaşqınlığını belə ifadə edir:

“Quzunun qurddan qaçmasına heyrət edilməz. Çünki qurd quzunun düşməni və ovçusudur. Əsl heyrət ediləcək şey: quzunun qurda aşiq olub könül verməsidir...”

Bosniyanın böyük mücahid və mütəfəkkir lideri Aliya İzzətbeqoviç də belə deyir:

“Müharibədə əsl məğlubiyyət döyüşdə uduzmaq deyil, düşmənə bənzəməkdir”.

Təəssüf ki, bu gün qurda sevdalanan quzular kimi, düşmənlərinə heyran olan, onların həyat tərzini təqlid etməyə çalışan, sanki cəlladına aşiq olan nəsillər yetişir.

Üstəlik, qlobal şəbəkələr bu vəziyyəti nəfsani bər-bəzəklə elə makiyajlayır ki, eynilə qarmağın ucundakı soxulcana aldanan balıqlar kimi, saf zehinlər də özlərinə diqtə edilən həyat tərzini “hürriyyət” zənn edir.

Bu məna qarışıqlığı içində özünü itirən itirdiyinin, yıxılan yıxıldığının fərqində deyil. Dərin bir qəflət çaşqınlığı içində səfalət bazarında səadət axtarır...

Bu gün fərd və cəmiyyət olaraq öz daxilimizdə əvvəla cavabını tapmalı olduğumuz ən mühüm sual: “nə qədər əsir, nə qədər azad” olduğumuzdur.

Mövlana həzrətləri “əsarət” və “hürriyyət” məfhumlarının həqiqi mənasını belə izah edir:

“Ağa öz nəfsinin əmiri olan, kölə isə əsiri olandır”.

Abdulqadir Gilani həzrətləri də bu xüsusda belə buyurur:

“Unutma ki, əgər sənin ipin dünyanın əlindədirsə, sən dünyanın qulusan. Əgər Əziz və Cəlil olan Allahın əlindədirsə, Allahın qulusan. Nəfsinin əlindədirsə, nəfsinin qulusan. Həva və həvəslərinin əlindədirsə, həva və həvəslərinin qulusan. İnsanların əlindədirsə, insanların qulusan...

Elə isə diqqət et:

Ümumiyyətlə, ipini kimə təslim etmisən?! İpin daha çox kimlərin əlindədir?!..”[1]

Hüdayi həzrətləri buyurur:

Kimi bulduğunu qapar,

Kimi doğru yoldan sapar,

Nəfsin həvasına tapar,

Necolar, bizim halımız?!.

Bu gün toplumlar, dilləri ilə təsdiq etməsələr də, hal və hərəkətləri ilə dünyaya, fanilərə, nəfsə və şeytana qul-kölə olan qafillərlə doludur.

Halbuki zərrə-zərrə hesabın veriləcəyi qiyamət günü Haqq-Təala soruşacaq:

“Ey Adəm oğulları! Mən sizə: “Şeytana ibadət etməyin! O, sizin açıq-aşkar düşməninizdir!” – deyə əmr etmədimmi? “Mənə ibadət edin, doğru yol budur!” – demədimmi?” (Yasin, 60-61)

Sami əfəndi həzrətləri bu ayeyi-kəriməni qeyd etdikdən sonra belə buyurur:

“Hər kəs Haqq-Təalanın qulu deyil, məxluqudur. Qul Haqq-Təalanın ilahi əmrlərini kamilən ifa edər, qadağalarından tamamən çəkinər. Əsl qul budur. Yoxsa ki, qəflət ilə vaxt keçirərək ibadət və itaətə əhəmiyyət verməyən kəslər qul ola bilməzlər.

Bəziləri də bəzək və zinətə, pula, mala meyil salar, pulun qulu olarlar”.[2]

Bunu heç bir zaman unutmaq olmaz ki, tövhid əqidəsinin ortaqlığa təhəmmülü yoxdur. Yəni Allah-Təala qulunun özündən başqasına qulluq etməsinə əsla razı olmaz. Halbuki insan oğlunun Rəbbini buraxaraq ən çox qulluq etdiyi batil ilah öz nəfsidir. Yəni Allahın əmrini ifa etməyə mane olan keyfi qərarlarıdır. İslamın hökmlərinə zidd olan “mənə görə”ləri və “məncə”ləridir. Qulluq vəzifələrini sırf Allahın əmri olduğu üçün deyil, fanilərin gözünə girmək və ya onların gözündən düşməmək kimi nəfsani gözləntilərlə bulanıq ifa etməsidir.

Buna görə də ayeyi-kərimədə buyurulur:

“(Ey Peyğəmbər!) Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan?” (əl-Furqan, 43)

Hədisi-şərifdə də:

“Yer üzündə sitayiş edilən saxta ilahlardan Allahın ən çox qəzəbləndiyi şey arxasınca düşülən nəfsani arzulardır”, - buyurulur. (Heysəmi, I, 188)

Deməli, Haqqa qulluğun qarşısındakı ən böyük əngəl insanın öz nəfsinə qul-kölə olmasıdır. Halbuki Zünnun Misri həzrətlərinin də buyurduğu kimi:

“Allaha dost, nəfsə düşmən olmaq gərəkdir; nəfsə dost, Allaha düşmən olmaq deyil!..”

Bu gün əsir azad etməyin əcrinə nail olmaq istəyən kəs əvvəla öz nəfsinin əsarətindən qurtulmalıdır. Sonra da özünü toplumdan məsul görərək nəfsə və şeytana əsir düşmüş, ağlını və qəlbini batil cərəyanlara qapdırmış, zəmanə şərlərinin mübtəlası və dünyanın qulu-köləsi olmuş kimsələri azad edə bilmək qayəsi ilə təbliğ və irşad xidmətlərinə səy göstərməlidir.

Digər tərəfdən, son dərəcə yüksək bir fəzilət olan kölə azad etmək bir insanı dünyəvi baxımdan rahatlığa qovuşdurmaqdır. Halbuki bir könülün batildən qurtulub iman və irfan ilə əhya olmasına, çirkin hal və davranışlardan qurtularaq təqva və kamala ərməsinə vəsilə olmaq onun əbədi həyatını xilas etmək deməkdir.

Qurani-Kərimdə bəyan edildiyi kimi, bir insanın maddi həyatını xilas etmək bütün insanlığı xilas etmək qədər böyük bir əcr qazandırırsa,[3] bir könülü əhya edərək onun əbədi qurtuluşuna vəsilə olmağa, Haqq-Təala, kim bilir necə böyük mükafatlar ehsan edəcəkdir...

Necə ki, Rəsulullah r əfəndimiz Həzrət Əlini t Xeybərə göndərərkən ona:

“Allaha and olsun ki, Haqq-Təalanın sənin vasitənlə bir tək nəfəri hidayətə çatdırması (ən dəyərli dünya neməti sayılan) qızıl dəvələrə sahib olmağından daha xeyirlidir”, - buyurmuşdur. (Buxari, Əshabun-Nəbi, 9; Cihad, 143)

Hüdayi həzrətləri buyurur:

Duna baxmaz himməti-bala olan,

Dini gözlər aqilu-dana olan,

Yarın amadır, bu gün ama olan,

Arif isən aç gözün mərdanə bax...

“Çalışqan və könül üfüqü uca olan kəs alçaq və dəyərsiz olana bel bağlamaz, əhəmiyyət verməz!

Ağıllı və alim olan kəs hər işində əvvəla dinini nəzərə alar, dinin əmrinə görə hərəkət edər.

Bu gün dünyada ilahi həqiqətlərə kor olan kəs sabah axirətdə də kor olaraq dirildilər.

Arif isən qəflət yuxusundan gözünü aç, hər şeyə mərdcə, yəni Allah adamına yaraşan bir nəzərlə bax!”

Bu imtahan aləmində əbədiyyət yolçusu olduğunun fərqində olan bir qul fani dünyaya könül qapdırmaz. Allahı istəyən kəs Onun istəmədiklərinə bağlanmaz. Həqiqi bir mömin hər işində Allahın rizasını güdər. Bu cahandakı ən mühüm, ən birinci, ən həyati vəzifəsinin Allahı razı salmaq olduğu şüuru ilə yaşayar.

İbn Abbas v Rəsulullah r əfəndimizin özünə bir dəfə bu tövsiyəni verdiyini nəql edir:

“Allahın buyruqlarını nəzərə al ki, Allah da səni nəzərində saxlayıb qorusun.

Hər işdə Allaha (onun rizasına) öncəlik versən, Allah daim önündə olar...” (Tirmizi, Qiyamət, 59)

Məhz iman fərasətinə sahib olan mömin də hər xüsusda dinini güdməlidir. Məsələn, həyat yoldaşını seçərkən dindar, əxlaqlı, təqva sahibi olana üstünlük verməlidir. Necə ki, Peyğəmbərimiz r belə buyurmuşdur:

“Qadın dörd xüsusiyyətinə görə nikahlanar: malı, gözəlliyi, əsil-nəcabəti və dindarlıqdakı kamalı. Siz dindar olanı seçin ki, əlləriniz xeyir görsün!..” (Buxari, Nikah, VI, 123; Müslim, Rada, 53)

Əlbəttə, bu hədisi-şərif eyni zamanda evləniləcək kişidə də nəzərə alınması lazım olan xüsusiyyətləri ehtiva edir.

Yenə Peyğəmbərimiz r dost seçimi barəsində də belə buyurmuşdur:

“İnsan dostunun dini üzrə olar. Buna görə də hər biriniz kiminlə dostluq etdiyinə diqqət etsin!” (Əbu Davud, Ədəb, 16/4833)

Mömin iş həyatında, alış-verişində, ticarət həyatında da dinin əmr və qadağalarını nəzərə almalıdır.

Necə ki, Həzrət Ömər t belə buyurmuşdur:

“Bizim bazarlarda dini (ticarətlə bağlı hökmləri) bilən adamlar satıcılıq etsin!”[4]

Yenə Həzrət Ömər t əshabi-kiramın şübhəli şeylər xüsusunda diqqətcil olmasını belə dilə gətirmişdir:

“Biz faizə düşmək qorxusu ilə on halaldan doqquzunu tərk etdik”.[5]

Həmçinin mömin, əgər ümmmətin məsuliyyətini boynuna götürmüş bir idarəçidirsə, dinin əmrlərini güdməli, haqq və ədalətdən əsla keçməməlidir.

Elə buna görə də Həzrət Ömər t:

“İdarəçi olmadan əvvəl dini elmləri öyrənin!” – buyurmuşdur.

Şayəd bir mömin, ata və ya anadırsa, o zaman övladlarının təhsil və tərbiyəsində dinin həssas hökmlərini nəzərə almalıdır. Onların dünyəvi gələcəyi üçün göstərdiyi səy və diqqətdən daha çoxunu əbədi gələcəkləri üçün göstərməlidir.

Xülasə, iman fərasətinə sahib olan bir mömin həyatının hər mərhələsində dininə öncəlik verməyi bacaran kimsədir. Belə bir həssasiyyəti olmayan, yəni həyatında dinin əmr və qadağalarına səhlənkar yanaşan kimsələri Hüdayi həzrətləri qəlb gözü kor olmuş adlandırır.

Ayeyi-kərimələrdə Haqq-Təala belə buyurur:

“Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik.

(Kor olaraq həşr olunan kəs) belə deyəcək: “Ey Rəbbim! Nə üçün məni kor olaraq həşr etdin? Halbuki mən (dünyada ikən) görürdüm”.

Allah deyəcək: “Elədir! Sənə ayələrimiz gəlmişdi, ancaq sən onları unutdun. Sən də bu gün eyni şəkildə unudulursan”. (Taha, 124-126)

Həqiqətən, Uca Allah göndərdiyi peyğəmbərlərlə, kitablarla, kainat kitabında sərgilədiyi kövni ayələrlə insan oğlunu daim Cənnətə dəvət edir. Məhz bu dəvətlərə qulaq tıxayan və onları görməzdən gələnlər qəlbləri ilahi həqiqətlərə qapalı olan bədbəxt kimsələrdir.

Hüdayi həzrətləri buyurur:

Dünyanı möhkəm tutarlar,

Dini yabana atarlar,

Cənnəti yoxa satarlar,

Necolar bizim halımız?..

Dünyəvi və nəfsani mənfəətlər uğrunda dinə, imana, əxlaqa səhlənkar yanaşmaq, fanilərə özünü bəyəndirmək üçün haqq və həqiqət yolundan sapmaq insanın axirətini acı bir əzab mərhələsinə çevirən böyük bir aldanışdır.

İnsanlıq tarixi kiçik bir dünyəvi mənfəət üçün haqq və həqiqətdən uzaqlaşaraq axirətini satan din tacirlərinə də şahid olmuşdur; bunun əksinə, canı bahasına iman və istiqamətini qoruyub Allaha sədaqət göstərən iman qəhrəmanlarına da...

Məsələn, bütpərəst bir qövmə qarşı tövhid mübarizəsi aparan Həzrət İbrahim u Allah üçün atəşə atılmağa razı oldu. Canından keçdi, canı himayə edildi. Malını comərdliklə sərf etdi, “Xəlil İbrahim bərəkəti”nə nail oldu. Oğlu İsmayılı Allah yolunda qurban etməyə razı oldu, övladına bədəl Cənnətdən bir qoç endirildi.

İsmayıl u da atası İbrahim u kimi Allahın əmrinə təslim olaraq canını fəda etməyə razı oldu, Haqq-Təala onu xilas edərək nəslindən Peyğəmbərimizi r göndərməklə müəzzəm bir şərəfə nail etdi. Hər ikisi də özlərini Allahın əmrini əda etməkdən yayındırmaq istəyən şeytanı daşladı, nəfsə və şeytana əsla boyun əymədi.

Həbibi-Nəccar zalımlar tərəfindən daşlanaraq can vermək bahasına tövhidi müdafiə edib təbliğə davam edərək şəhadət şərbətini içdi.

Fironun sehrbazları gördükləri möcüzə qarşısında imanla şərəflənərək canlarını və dünyalarını deyil, imanlarını və axirətlərini qurtarma əndişəsi ilə şəhid oldular.

Zalım Əshabi-Uxdud tərəfindən alov dolu xəndəklərə atılan möminlər də inanclarından vaz keçmədikləri üçün şəhadət şərbətini içdilər.

İlk İsəvilər aslanların qabağına atılaraq parçalanmaq bahasına imanlarını mühafizə etdilər.

Rəsulullah r əfəndimiz İslamı təbliğdən əl çəkməsi üçün məkkəli müşriklərin sərvət, şəhvət və şöhrət təklifləri ilə sınandı. Lakin Peyğəmbərimiz r:

“Vallahi, Allahın dinini təbliğ etməkdən əl çəkməyim üçün Günəşi sağ əlimə, Ayı da sol əlimə qoysalar, mən yenə də bu yoldan dönmərəm! Ya Allah-Təala onu bütün cahana yayar, vəzifəm bitər, ya da bu yolda ölüb gedərəm!” – buyurdu. (Bax. İbn Əsir, əl-Kamil, II, 64)

Xülasə, insanlıq tarixi boyunca İslam fədakarlıqlarla davam edərək bu günlərə gəldi. Biz də peyğəmbərlərin, övliyaların, saleh və sadiq möminlərin sərgilədiyi sarsılmaz sədaqət və fədakarlığın təfəkküründə dərinləşərək onların bu gözəl hallarından hissə almağa səy göstərməliyik. Çünki axirətdə onlarla birlikdə olmaq istəyiriksə, bu gün biz də onlar kimi imanda sədaqət göstərmək məcburiyyətindəyik.

Ayeyi-kərimədə buyurulduğu kimi:

“Allah (qiyamət günü) buyuracaqdır: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi bir gündür. Onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah onlardan, onlar da Allahdan razı qalmışlar. Böyük qurtuluş və uğur budur!” (əl-Maidə, 119)

Allah üçün canı bahasına istiqamətindən güzəştə getməyərək tarixin qızıl səhifələrinə adları yazılan iman qəhrəmanlarına qarşı, dünyəvi və nəfsani mənfəətlər qarşısında ağılları başdan gedən, iradələri çökən, ayaqları sürüşən bədbəxtlər isə tarixin tullantıları arasına atılaraq insanlığa ibrət dərsi olmuşlar.

Necə ki, əvvəllər əməlisaleh bir bəndə ikən, sərvətlə imtahan edildiyi zaman lovğalanıb azğınlaşan Qarun – Hüdayi həzrətlərinin təbiri ilə – dünyaya sarılaraq dinini kənara atan və Cənnəti boş-boşuna satan bədbəxtlər karvanına qoşuldu.

İsrail oğulları arasında alim və övliya kimi tanınan Bəlam bin Baura Allah-Təalanın ismi-əzəm öyrətdiyi, kəramət sahibi, saleh bir qul idi. Lakin sonradan həvasına – nəfsinin arzularına meyil etdi. Nəticədə o mənəvi halını itirdi, hətta imansız olaraq öldü.[6]

Eyni şəkildə Tövratdan xoşlarına gəlməyən hökmləri bilə-bilə gizlədərək həqiqəti örtən, bildikləri ilə əməl etməyən, dünyəvi mənfəətlərini itirməmək üçün təbliğə laqeyd yanaşan Bəni İsrail alimləri – Quran ifadəsi ilə –  kitab yüklü mərkəblər[7] səviyyəsinə düşdülər.

Romanın ağır təzyiqindən və zülmündən qurtulmaq və hökmdarlara özlərini qəbul etdirə bilmək üçün “Sezarın haqqı Sezara!” deyərək dinin dünya həyatına dair hökm qoymaq səlahiyyətini – haşa – Allahdan alaraq fanilərə verən, dinin ictimai həyatdakı qaydalarını ləğv edib onu məbədə həbs edən, öz nəfsani həyat tərzlərinə uyğunlaşdırmaq üçün İncili istədikləri kimi təhrif edən, tövhid əqidəsini dəyişərək təslisə, namazı ayinə, orucu pəhrizə, sünnəti vaftizə çevirən xristian din xadimləri də eyni həzin aqibətin yolçusu oldular.

Eynilə bu bədbəxtlər kimi bu günün tarixilikçiləri də Qurani-Kərimi və hədisi-şərifləri öz naqis ağıl və düşüncələrinə görə təhlil edərək dinlər tarixindəki təhrif fəaliyyətlərinin bugünkü təmsilçiləri olmağa çalışırlar.

Haqqında nass mövcud olan, yəni ayə və ya hədis ilə təsdiq olunmuş bir hökm barəsində hər hansı bir qiyas və ya mühakimə ilə fərqli bir ictihad edilməsi mümkün olmasa da, bu bədbəxtlər, sanki Allah ilə mübahisə aparırmış kimi, dində yenidənqurma etməyə çalışırlar.

Unutmaq olmaz ki, Allaha qarşı ilk dəfə mübahisəyə cürət göstərən iblisdir. İblis isə bu həyasızlığı nəticəsində ilahi hüzurdan  qovulub lənətə düçar olmuşdur.

Bu gün Quranın “miras hüququ” kimi bəzi əhkamını bəyənməyərək dəyişdirməyə təşəbbüs göstərənlər ortaya qoyduqları bu etiraz səbəbi ilə iblislə eyni aqibətin yolçusu olmaqdan ehtiyat etməlidirlər.

Bu tarixi həqiqət də çox ibrətlidir ki, əcdadımız Osmanlı Qurani-Kərimə can-könüldən ram olaraq onu məhəbbət və təslimiyyətlə rəhbər tutduqları zaman fəthlərdən fəthlərə yol aldılar. İslamı səmimiyyətlə yaşayıb yaşatdıqları zaman 400 çadırlıq bir əşirətdən, qısa zaman zərfində, 24 milyon km2, yəni bugünkü Türkiyənin 30 qatı böyüklüyündə nəhəng bir dövlət halına gəldilər.

Lakin “Lalə dövrü”ndə olduğu kimi, cihad ruhu zəifləyib dünyaya meyil və nəfsani zövqlərə düşkünlük başlayanda, Tənzimatda olduğu kimi, Qərbə ram olub Quran əhkamından güzəştə gediləndə müsəlmanların düşmənə qorxu salan ehtişam, vüqar və heybəti əridi, düşmənin cəsarəti artdı və nəticədə süqut qaçılmaz oldu.

Bu həzin mənzərə Rəsulullah r əfəndimizin bu xəbərdarlığını yada salır:

Bir dəfə Rəsulullah r:

-“Sizə hücum etmək üçün başqa qövmlərin eynilə süfrəyə axışan yırtıcılar kimi bir-birilərini çağıracaqları dövr yaxındır”, - buyurdu.

Oradakılardan biri:

-“O gün sayımız az olacağı üçün belə olacaq, ya Rəsulallah?” – deyə soruşdu.

Peyğəmbərimiz r:

-“Xeyr, əksinə, o gün sizin sayınız çox olacaq. Lakin siz bir selin gətirib yığdığı çör-çöp kimi, heç bir ağırlığı olmayan kimsələr halında olacaqsınız. Allah düşmənlərinizin qəlbindən sizə qarşı qorxu hissini alacaq və sizin qəlbinizə zəiflik salacaq!” – buyurdu.

-“Bu zəiflik nədir, ey Allahın Rəsulu?” – deyə soruşdular.

-“Dünya sevgisi və ölüm qorxusudur!” – buyurdu. (Əbu Davud, Məlahim, 5/4297)

Xülasə, əcdadımız Osmanlı İslamı və Quranı baş tacı etdiyi zaman, Ədəbali silsiləsindən, Ağşəmsəddinlərdən, Əbul-Vəfalardan, Hüdayilərdən, ümumiyyətlə, Haqq dostu alim və ariflərdən feyz və dua aldığı zaman izzət və şərəflə ucaldı. Bunun qarşısında; könüllərdə dünyaya meyil artdıqca, Qərb heyranlığının təsiri altında dinini tərəqqiyə əngəl kimi görən qafillər çoxaldıqca, qeyri-müsəlmanları razı salmaq üçün güzəştə getdikcə ilahi nüsrət və yardım qalxdı, Haqq-Təala nemətini geri aldı.

Nə həzindir ki, Osmanlının tarix səhnəsindən çəkilməsi ilə nəhəng İslam aləmi başsız qaldı. Bir aslan öldü, qalıqlarından 70 dənə dövlət quruldu. Bir aslan balası olaraq bu gün təkcə Türkiyəmiz qaldı. Türkiyəmizin yıxıldığı yerdən ayağa qalxması, ümməti-Muhammədə nümunə və lider olacaq şəkildə yenidən İslam, iman və gözəl əxlaq ilə əhya olması üçün qəlbi və feili duaları ehmal etməməliyik.

Haqq-Təala qarşılaşdığımız bütün imtahanlarda hiss və fikirlərimizi, hal və davranışlarımızı rizasına uyğunlaşdırsın. Hər bir halda Quran və Sünnə istiqamətində yaşayıb, müsəlmanlar kimi can verə bilməyi hər birimizə nəsib və müyəssər etsin.

Amin!..

 

 

                 Spot2:

İman fərasətinə sahib olan mömin hər xüsusda dinini güdməlidir. Məsələn:

- Həyat yoldaşını seçərkən dindar, əxlaqlı, təqva sahibi olana üstünlük verməlidir.

- İş həyatında, alış-verişində, ticarət həyatında da dinin əmr və qadağalarını nəzərə almalıdır.

- Əgər ümmmətin məsuliyyətini boynuna götürmüş bir idarəçidirsə, dinin əmrlərini güdməli, haqq və ədalətdən əsla keçməməlidir.

- Şayəd ata və ya anadırsa, övladlarının dünyəvi gələcəyi üçün göstərdiyi səy və diqqətdən daha çoxunu əbədi gələcəkləri üçün göstərməlidir.

 

 

[1] el-Fəthur-Rəbbani, sh. 354-355, “Uyanış” nəşriyyatı, İstanbul 1987.

[2] Mahmud Sami Ramazanoğlu, Musahabe c. 4-5-6 sh. 601, Erkam Yayınları, İstanbul, 2021.

[3] Bax. əl-Maidə, 32.

[4] Tirmizi, Vitr, 21/487.

[5] Əli əl-Müttəqi, IV, 187/10087.

[6] Bax. əl-Əraf, 175-176.

[7] Bax. əl-Cumua, 5.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz