ÇOXLUQDAKI GÜCSÜZLÜK Ringelmann effekti

ÇOXLUQDAKI GÜCSÜZLÜK Ringelmann effekti

Siz heç həyatınızda çox olanın gücsüz olduğunu görmüsünüzmü? Az olub çox olanlara qalib gələnləri necə? İnsanlar çoxluq içərisində öz güclərini niyə maksimum şəkildə göstərə bilmir? Az olduqları zaman isə təsəvvür edilməyəcək dərəcədə güclü olduqları ortaya çıxır? Bu vəziyyət hər birimizin öz həyatımızda qarşılaşdığı, ancaq adını qoya bilmədiyimiz psixoloji bir həqiqətdirmi? Yoxsa çoxluqdakı gücsüzlük və ya azlıqdakı gücdürmü?

Bəzi oyunlar var ki, onlar komanda şəklində oynanır. Həmin oyunda hər bir fərdin üzərinə bir vəzifə düşür. Hər kəs öz vəzifəsini layiqincə yerinə yetirdiyi zaman nəticə uğurlu, sadəcə bir nəfər belə bir az tənbəllik edib vəzifəsini yerinə yetirmədiyi zaman isə nəticə uğursuz olur. Yəni burada hər kəsin öz üzərinə düşən işi görməsi mütləqdir. Əks təqdirdə komanda yoldaşlarının da yükünü yüklənən digər oyunçular daha çox yorulduğu üçün yaxşı oyun nümayiş etdirə bilməz və nəticə uğursuz olar. 

Bu fenomen yaşadığımız həyatın digər sahələrində də belədir. İnsanların kollektiv olaraq icra etdiyi bütün işlərdə bu fakt öz reallığını qoruyub saxlayır. Bununla birlikdə biz hər zaman elə hesab edirik ki, görüləcək bir işi nə qədər çox adamla birlikdə görsək, nəticə bir o qədər yaxşı olacaq. Ancaq bu heç də belə deyil. Sayın çoxalması nəticənin uğurlu olmasını göstərmir. Çünki bu vəziyyətdə insanlar Ringelmann effekti deyilən psixoloji bir effektlə qarşı-qarşıya qalırlar. Bu məqaləmizdə Ringelmann effektinin həyatımızdakı yeri haqqında bəhs edəcəyik.

Bu psixoloji fenomenə görə, işçi qrupundakı iştirakçıların sayı artdıqca həmin qrupdakı hər bir fərdin məhsuldarlığı azalır. Ringelmann effektinə misal olaraq, çox vaxt iki qrupun qarşı-qarşıya dayanıb ipi öz tərəflərinə dartmaları nümunəsi istifadə olunur. Tapşırıqda daha çox insan iştirak etdikcə, onların ortalama performansı azalır və hər bir iştirakçı öz səylərinin əhəmiyyətli olmadığını hiss etməyə başlayır. Belə ki, ipi tutan ilk iki nəfər bütün gücü ilə ipi dartdığı halda, hər bir əlavə adam gəldikcə onların səyi və hətta diqqəti daha da azalır. Başqa sözlə, qrupdakı fərdlərin sayı artdıqca məhsuldarlığın da artacağına inanan qrup liderləri əslində yanılırlar. Qrupa hər yeni şəxs əlavə olunduqca qrupun effektivliyi azalır. İnsanlar çox vaxt qrupdakı performanslarının diqqətdən kənarda qalacağını düşünürlər və buna görə də tam performanslarını vermək əvəzinə yalnız o anda öz üzərinə düşəni edirlər. Bu əsnada insanlar inanırlar ki, heç kim fərqinə varmazsa, əlavə səy göstərməyin mənası yoxdur.

Bu fenomeni ilk dəfə 1913-cü ildə fransız mühəndis Maksimilien Ringelmann kəşf etmişdir. Onun təcrübəsində əvvəlcə 20 şagirdə 5 metrlik ip verilir və hər tərəfdə bir nəfər olmaqla həmin ipi qarşılıqlı çəkmək tapşırılır. Qarşılıqlı iki nəfər ipi çəkdiyi zaman çəkilən ipə gücölçən bərkidilir. Daha sonra şagirdlər 2 və ya 3 nəfərlik qruplar halında eyni ipi çəkməyə başlayır və yenidən ölçü götürülür. Bu zaman maraqlı nəticələr ortaya çıxır. İki nəfər ipin ucundan çəkdiyi zaman, iki subyektin tətbiq etdiyi orta qüvvə təkbaşına çəkdiklərinin 93%-nə bərabər olur. Bu göstərici 3 nəfərdə 85%-ə, 4 nəfərdə isə 77%-ə enir. Ringelmann effekti insanların sayı artdıqca daha qabarıq şəkildə özünü büruzə verir və 8 nəfərlik qrupda şəxsi performansda 50% itki ortaya çıxır.

 Beləliklə, hər kəs öz potensialının yalnız yarısını istifadə edir və tənbəllik halqası getdikcə güclənir. İşçi qrupundakı insanlar “onsuz da digərləri bu işi görür və ya görəcək” düşüncəsinə qapılaraq performansının çox az bir qismini sərgiləyir. Bu zaman kollektivdə işin gedişatından narahat olaraq daha çox çalışan fərdlərin üzərinə həddindən artıq yük düşür. Nəticədə ağır yükü yüklənən fərdlər bir müddətdən sonra öz motivasiyalarını itirir və “onsuz da az çalışanlar da həyatlarını normal davam etdirə bilir” deyib onlar da çalışmamağa başlayır. Burada itirən isə işin sahibi, müəssisə rəhbəri olur.

Son olaraq onu deyə bilərik ki, çoxluq güclülük əlaməti kimi görünsə də, insanlarda məsuliyyət duyğusuna mənfi təsir göstərir. Kollektiv içərisində çox insan öz məsuliyyətini başqasının üzərinə atır. Odur ki, az olsa da, məsuliyyətli və öz işini layiqincə bilən insanların kollektiv işin nəticəsinə daha müsbət təsir etdiyini unutmayın! Hər bir işdə keyfiyyətsiz çoxluqdan çox, keyfiyyətli azlığa əhəmiyyət verin!

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz