Redaktordan

Əziz Oxucu!

Artıq gündüz və gecələri bərəkətli, ilahi təcəllilərlə dolu olan Ramazan ayı qapımızdadır. Həzrət Peyğəmbərin buyurduğu kimi “mübarək bir ayın kölgəsi üzərimizə düşməkdədir”. Rəbbimiz hər il biz bəndələrinə günahlardan təmizlənmək, xeyir və fəzilətli əməllərlə bəzənmək üçün xüsusi rəhmət mövsümü olan üç ayları və Ramazani-Şərifi bəxş edir. Elə isə biz də Onun ikramı olan bu mübarək zamanları layiqincə yaşamalıyıq. Jurnalımızın bu sayını Ramazani-Şərifə həsr edərək qarşılamaq üzrə olduğumuz oruc ayını necə razı salacağımızı, orucun bizdən nə istədiyini bir daha xatırlatmaq istədik.

Əlbəttə ki, Ramazani-Şərif hər şeydən əvvəl bir həyat tərzi öyrədir bizə. Məhz bu haqda eyniadlı məqalədə yazmağa çalışdıq. Allah bizi Ramazana qovuşdurdu, bəs biz ona hazırıqmı? Bu sualın cavabını “Ramazana hazırsanmı?” adlı məqalədə tapacaqsınız. Bir başqa yazarımız bu ayı vəsf edərkən “Rəbbə ram olmaqdır Ramazan” deyərək onun Uca Rəbbimizə təslimiyyət ayı olduğunu xatırladır. Bəs “Quranın endiyi ay”ı necə yaşayacağıq? Əlbəttə ki, bunun üçün “Rəsulullahın orucu”nu oxumalıyıq. Ramazani-Şərif iqlimi bir ay boyunca bütün evlərə, yaşadığımız hər yerə rəhmət saçır. Çalışmalıyıq ki, ondan nəsibini almayan qalmasın. Ailələrdə böyüyən azyaşlı uşaqların belə ondan faydalanacağı çox şey var. Ramazan və uşaq mövzusunda “Uşaqların Ramazanı” sevərək oxuyacağınız yazılardandır. Gündüzünü orucla keçirdiyimiz bir ayın gecələrini necə əhya edəcəyimizi də “Əhya gecələri”ndə oxuyacaqsınız. Ramazan bizə bir həyat tərzi öyrədir dedik. Onun öyrətdiyi həyat tərzi kimi örnək alır? Bu sualın cavabını isə “Sünnə həyat tərzimizdir” adlı məqalədə tapacaq, oxuduqca da bir daha “Rəsulullah olmadan Quran anlaşılmaz” deyəcəksiniz. Şükürlər olsun ki, belə gözəl günləri əmin-amanlıq içərisində keçirəcəyimiz azad yurdumuz, Vətənimiz var. Bu yurdu bizə miras qoyanları da unutmamalı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizi daim yad etməliyik. Elə bu məqsədlə jurnalımızın buaykı buraxılışında qəhrəman şəhidimiz Mübariz İbrahimovun atasından, el ağsaqqalımız Ağakərim dayıdan reportaj aldıq. Onu da siz dəyərli oxucularımızla paylaşırıq. Möhtərəm könül insanı Osman Nuri Topbaşın qələmindən qəlblərimizə yayılan “Haqq dostlarından hikmətlər” seriyası bu ay da Yunus Əmrənin dərin məna ümmanından seçmələrlə könüllərinizi oxşayacaq.

Sağollaşmadan jurnalımızın mart sayısının siz dəyərli oxucularımıza çatdırılmasında poçt xidmətindən qaynaqlanan müəyyən gecikmələrin olduğunu qeyd edərək bir daha üzrxahlıq edir, bu kimi nöqsanlarla üzləşdiyinizdə redaksiyamıza bildirmənizi rica edirik.

Ramazani-Şərifiniz mübarək olsun!