Dəyərlərimizdə həmrəylik
Xalqımız əsrlər boyu milli-mənəvi dəyərlərinə sadiqliyini göstərmiş, bu dəyərləri uzun illər yaşadaraq inkişaf etdirmişdir. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual məsələ olmuşdur. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında, gənclərin milli ruhda yetişməsində təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmlənməsində də xüsusi rolu var. Danılmaz faktdır ki, İslam dini milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biridir. Azərbaycan xalqı 70 il kommunist rejimdə ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, heç bir zaman öz dini dəyərlərini unutmayıb, onları gizli də olsa, yaşadıb. Düzdür, Sovet dövründən əvvəl Azərbaycanda çoxlu sayda məscid, mədrəsə fəaliyyət göstərirdisə, keçmiş SSRİ dövründə ölkədə cəmi 17 məscid qalmışdı. Lakin hazırda Azərbaycanda 2054 məscid mövcuddur.
Mən xatırlayıram, azyaşlı uşaq idik, Azərbaycan hələ Sovet İttifaqının tərkibində ikən kəndimizdə anamın da işlədiyi uşaq bağçasında ildə iki dəfə dini tədbir keçirilirdi. Biri Allah Rəsulunun (s.ə.s) Mövludu, digəri isə Məhərrəm ayında Kərbəla şəhidlərinin adına verilən İmam ehsanı. Rayondan din adamları gətirilir, kəndin bütün kişiləri axşam o tədbirə toplaşır, mövzuyla bağlı söhbət edilir, Quran oxunur, ehsan verilib birlikdə dua edilirdi. Bu kimi mənəvi dəyərlər biz kiçiklərin yaddaşına heç silinməyəcək şəkildə həkk olunurdu.
İslam dini eyni zamanda xalqımızın milli-mənəvi sərvətidir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, dini ibadətgahlarımızın və abidələrimizin bərpası, onların yenidən inşası istiqamətində də böyük işlər gördü. Bu illər ərzində yüzlərlə ibadətgah inşa edildi, bir çoxları yenidən bərpa olundu. Bir sözlə, dini dəyərlərimiz yenidən canlandı. Təsadüfi deyil ki, Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edir və bildirirdi ki, dinimiz xalqımızın milli-mənəvi sərvətidir: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz, təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.
Dövlətimizin mənəvi dəyərlərimizə verdiyi yüksək qiymət göz qabağındadır. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, bu fondun vasitəsi ilə din xadimlərinin məişətinin və rifahının yaxşılaşdırılması, ibadət yerlərinin bərpa edilməsi bütün bunlara əyani sübutdur. Son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb. Həmçinin dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.
Mənəvi dəyərlər fərdləri cəmiyyətdə daxilən rahat, vicdanən təmiz, Allahın qarşısında daşıdıqları hüquqlara əməl edən, həqiqətlə yaşayan, ancaq Allaha bəndəlik edən şəxsiyyətlərə çevirmək xüsusiyyətinə malikdir. Nəticədə fərdlər ali məqsədə can atır, ikinci dərəcəli məqsədlər naminə insanların və maddi vasitələrin köləsinə çevrilmir, bununla da daxilən rahatlıq tapır, ədalətli davranır, müdrik və bacarıqlı olduqlarını isbatlaya bilirlər. Mənəvi dəyərlər cəmiyyətin mədəni sferasından doğur, fərdlərin cəmiyyətə münasibətdə davranışlarını tənzimləyir. Mənəvi dəyərlərə riayət cəmiyyətdə sülhü bərqərar edir, onu güclü və bütöv hala gətirir. Dürüstlük, yaxşılıq, etibar, qardaşlıq, köməkləşmə, sədaqət, səbir, minnətdarlıq, həya, nəsihət, lütfkarlıq kimi əxlaqi dəyərlər fərdlərin və cəmiyyətin maraqlarını təmin edir, münasibətləri möhkəmləndirir, qarşılıqlı ehtirama əsaslanan əlaqələr yaradır. Mənəvi məziyyətlər ölkə vətəndaşları arasında sarsılmaz vəhdət, birlik-bərabərlik və həmrəylik kimi toplum üçün vacib olan amillər meydana gətirir.
Toplumun inkişafı və güclənməsi mənəvi dəyərlərindən qopmadığı zaman daha effektiv olur. Allah Rəsulu (s.ə.s) bu həqiqəti on dörd əsr bundan əvvəl belə ifadə etmişdi: “Kim bir qövmə, (başqa mədəniyyətin nümayəndələrinə) bənzəyərsə (geyim, adət-ənənə, bayramlar, təfəkkür və s.) o da onlardan olar”. (Əbu Davud, 4031; Əhməd ibn Hənbəl, Müsnəd, ll, 50, 92)
Xülasə, əgər bir xalq olaraq tarix səhnəsində varlığımızı qorumaq, ali dəyərlərə doğru yüksəlmək istəyiriksə, öz dini və milli kimliyimizi qorumalı və bu xüsusda həmrəy olmalıyıq.
ŞƏRHLƏR