Aqil ƏLİYEV / Ən böyük günahlardan biri YALAN

Çap

Yazan redaktor 08.09.14 06:50

Share

    Dinimiz insanın həm özünə, həm də cəmiyyətə zərəri toxunan hər cür söz və hərəkətləri qadağan edərək haram qəbul etmişdir. İslam dinin qadağan etdiyi pis davranışlardan biri də bu gün cəmiyyətin hər bir sahəsində müşahidə olunan yalandır.

    Yalan insanın həqiqəti gizlədib, bildiyinin əksinə danışmasıdır. Dini həssasiyyəti, ibadəti olmayan insanların yalan danışması, bəlkə də, normal qarşılana bilər, ancaq bir mömin heç vaxt yalan danışmaz. Sevimli Peyğəmbərimiz (s.ə.s) bir hədisində möminin yalan danışmayacağını belə izah etmişdir: “Səhabələr Peyğəmbərdən soruşdular: "Ey Allahın Rəsulu! Mömin qorxaq olarmı?” Peyğəmbərimiz:“Bəli!”- deyə buyurdu. “Bəs,  xəsis olarmı?” - deyə soruşdular, yenə Peyğəmbərimiz: “Bəli!” - deyə buyurdu. Yenə səhabələr: “bəs, yalan danışarmı?”- deyə soruşdular. Bu dəfə Peyğəmbərimiz: “Xeyir! Əsla yalan danışmaz"- deyə buyurdu” (Muvatta, Kəlam, 19).

    Əslində yuxarıda sadalanan mənfi xüsusiyyətlərin heç biri əsl mömində olmamalıdır, ancaq, ola bilər ki, bu mənfi hallardan biri onda olsun, lakin yalan danışması heç bir şəkildə qəbul olunmur. Çünki yalan özü ilə yanaşı, cəmiyyəti də fəsada aparan amillərdəndir. Yenə Sevimli Peyğəmbərimiz (s.ə.s) başqa bir hədisində yalan danışmağın bir insana nə qədər zərərli olduğunu belə izah etmişdir: “Bir bəndə yalan danışmağa davam etsə və yalan danışmaq niyyətini daşısa, elə bir an gələr ki, qəlbində öncə qara bir nöqtə meydana gələr. Sonra bu nöqtə böyüyər və qəlbini tamamilə qapqara bir hala gətirər. Axırda Allahın dərgahında “yalançılar”  siyasıhına yazılar" (Muvatta, Kəlam, 18).

    Başqa bir hədisdə isə yalan danışmaq haqqında etiqadi cəhətdən vurğulanmışdır. Yəni yalan insanı həqiqi möminlikdən çıxarıb, Allah qorusun, münafiqlik (ikiüzlülük) kimi ən bədbəxt bir qrupa da daxil edə bilər. Rəsulullah (s.ə.s) belə buyurur:“Dörd xüsus vardır ki, bunlar kimdə olarsa, o insan münafiq olar. Kimdə bu xüsuslardan biri olarsa, onu tərk edənə qədər o insanda münafiqlikdən bir sifət olmuş olar. Bu xüsuslar bunlardır; Ona bir şey əmanət edilərsə, ona xəyanət edər. Danışanda mütləq yalan danışar. Söz verəndə sözündə durmaz. Düşmənlikdə də həddi aşıb haqsızlıq edər” (Buxari, İman, 24).

    Yenə yalan danışmaq mömini Allahın dərgahında yalançılardan və cəhənnəm əhlindən yazılmasına qədər aparıb çıxardır. Rəsulullah (s.ə.s) bu haqda belə buyurur: “Şübhəsiz, sözdə və işdə düzlük insanı xeyrə və üstün dəyərlərə aparır. Yaxşılıq da cənnətə aparır. İnsan düz danışa-danışa Allahın dərgahında siddiq (doğruçulardan) yazılar. Yalançılıq günaha və yoldan çıxmağa aparar. Bu da insanı cəhənnəmə aparar. İnsan yalan danışmağı özünə vərdiş halına gətirərsə, Allahın dərgahında kəzzab (yalançı) yazılar” (Buxari, Ədəb, 69).

    Malik b. Dinar düzgünlüklə yalanı belə müqayisə edir: “Düz ilə yalan insanın qəlbində döyüşən iki düşməndir. Biri diğərini qovub çıxarıncaya qədər döyüş davam edər. Düzgünlük qəlbdə öncə cılız bir xurma fidanı kimi bitər. Təzə-təzə çıxanda kiçik yarpaq böyüklüyündə olar. Uşaq toxunmaqla qırılar, heyvanlar yesə kökündən çıxar. Amma sulandıqca böyüyər qol budaq atar. Bir də görərsən ki, sap-sağlam və köklü bir ağac halına gəlib. Sığınılacak bir kölgəsi, yeyiləcək bir meyvəsi olar. Düzgünlük belədir. Qəlbdə əvvəlcə zəif olaraq başlayar. O qəlbin sahibi ona baxıb qoruduqca Allah da onu artırar. O, qoruduqca Allah artırar. Nəhayət, Allah onu bərəkətləndirər, beləcə, düzgün insanın sözü, günahkarlara belə dərman olar”.

    Allaha şükürlər olsun ki, biz Hz. Muhammədin (s.ə.s) ümmətiyik. Bizə Onun yolundan getmək yaraşır. Bizə Peyğəmbərimizin (s.ə.s) nümunəvi əxlaqından öyüd-nəsihətlər almaq, eyni zamanda, övladlarımıza, tələbələrimizə də aşılamaq yaraşır. Bizə yalan danışmaq yaraşmaz. Bizə yalan yerə şahidlik etmək əsla yaraşmaz. Müsəlman Rəbbinin onu hər zaman və hər yerdə gördüyünü bildiyi, eyni zamanda hesaba çəkəcəyinə iman gətirdiyi halda, necə yalan danışa bilər? Həm müsəlman, həm yalan bunlar heç vaxt bir yerdə ola bilməz.

Tecox component by www.teglo.info