Fuad QULİYEV / BİR AYƏ

Çap

12.06.14 06:58 ərzində olan dəyişikliklər Yazan redaktor 12.06.14 06:50

Share


وَلِلّهِ يَسْجُدُ مَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلالُهُم بِالْغُدُوِّ وَالآصَال

“Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! Rad, 13/15

     Bu mübarək ayələr bütün kainatın Allah-Təalaya qulluq səcdəsi etdiyini bildirməklə yanaşı kainatın yaradıcısı ilə məxluqatı arasındakı böyük fərqliliklərə diqqət çəkərək bütün bəşəriyyəti, o Uca Yaradıcını təsdiq etməyə və onun “bir”liyini qəbul etməyə dəvət edir. Belə ki, bütün yaradılış əsərləri Allahın təkliyinə şahidlik edir. “Göylərdə və yerdə” mələk, insan, cin və s. adına kim varsa onlardan kölgəsi olanların da hər zaman “axşam və sabah” istər istəməz yəni bir qismi tam itaətlə öz istəyi ilə, bəziləri də istəməyərək məcburiyyət səbəbilə Yaradıcıya səcdə edər, onun üçün qulluq səcdəsinə qapanar, üzünü yerlərə sürtər. Bir mənada Yaradıcısına qarşı ehtiramla acizliyini etiraf edər. Həmçinin bütün mələklər və inanan, ibadət əhli olan insanlar da Haqq-Təalaya itaət içərisində səcdə edər, Onun ilahlığını daim zikr və dua ilə xatırlayaraq təzim edər. Ancaq inanmayan kafirlər və münafiqlər isə Allahın birliyini, ona səcdənin lüzumunu istəyərək təsdiq etməsələr belə bir məcburiyyət və yaxud göstəriş üçün və yaxud başlarına gələn bir müsibətdən xilas olmaq ümidiylə Allaha yalvararaq səcdəyə qapanarlar. Səmimiyyətdən uzaq və istəməyərək, qəlbən yaşamayaraq edilən ibadət və səcdələrin isə heç bir dəyər və mahiyyəti yoxdur Allah nəzdində. Əsl səcdə isə məhz onun qüdrətini idrak edərək, varlığına zərrə qədər də olsun şübhə gətirməyərək səmimiyyətlə daim qəlbində hiss edərək ediləndir. Kölgələrin səcdələri isə günəş şüalarının yansıması ilə meydana gələrək Yaradıcının qüdrət əlaməti kimi təzahür edir. Onlar da bir mənada özünə məxsus şəkildə Allaha səcdə halında bir görüntü meydana gətirərlər. Kölgə sahiblərinin səcdəyə qapanmaları, kölgələrin də bir səcdə vəziyyəti aldığını göstərir.

     Zaman ifadəsi olaraq ayədə keçən “ğuduvv” kəlməsi günün erkən saatı olan səhər vaxtından günortaya qədər olan zaman kəsiyidir. “Asal” isə ikindi vaxtı ilə günəşin qürubu arasındakı vaxtı ifadə edir. Hər iki vaxtdan məqsəd günün tamamıdır.

     * Bu ayə Qurani-Kərimdəki mövcud on dörd səcdə ayəsindən biridir. Oxunduğu və eşidildiyi zaman tilavət səcdəsi edilir (hənəfilərə görə vacib, digər məzhəblərdə isə sünnədir). Tilavət səcdəsi bu şəkildə edilir: Tilavət səcdəsinə niyyət edilərək əllər qaldırılmadan “Allahu Əkbər” deyilərək səcdəyə gedilir, “sübhanə rəbbiyəl-ə`la” üç dəfə deyildikdən sonra qalxaraq “səmi`na və əta`na rabbənə və ileykəl-masir” deyilir.

Tecox component by www.teglo.info