Eldar KƏRİMOV/ POZULAN SÜKUT

Çap

28.04.14 08:57 ərzində olan dəyişikliklər Yazan redaktor 28.04.14 08:53

Share

     Səssizlik ən gözəl musiqidir...

   Bu dünyada hər şey öz hikmətini sükutunda gizlədir. Pozulan sükutlarla yox olur mənaların dərinliyi.  Sən yox idin, ananın bətnində öz sükutunla saxlayırdın səndə var olanları. Daha sonra dünyaya gəldin, aldığın ilk nəfəsdəki qışqırığınla kim olduğunu göstərdin səni səbirsizliklə gözləyənlərə. Sən sakit olduğun zaman sevildin, sükutunu pozduğun zamansa töhmətlərə məruz qaldın.

   Elə uşaqlıqdan öyrənməliydin sükutun qədir-qiymətini. Amma hər işdə olduğu kimi bu işdə də gecikdin. Lazım olmayan yerlərdə belə sükutunu pozdun. Səni ilk kəliməndən tanıdılar, dəyərini bildilər. Bəlkə də sükutunla nümayiş etdirməliydin dəyərini. Elə sükut etməliydin ki, orda sözə ehtiyac qalmamalıydı. Hər kəliməndə bir səhv tapıb onu sənin üzünə vurmamalıydılar. Bütün bəlaların ağızdan gəldiyini lap əvvəldən bilməliydin. Bütün bunlar olmadı. Heç olmasa ziyanın yarısından dönmək xeyirdir deyib bu hikmətlər haqqında düşünməliydin.

   Bəli, həyat davam edir. Susqunluq, təlaş bir-birini əvəz edir. Bəzən insan çaşqınlıqla izləyir bu oyunu. Ləpələrdəki pıçıltı tək, bizi öz ağuşuna alır həyat. Dəniz, ləpələr, və insan ruhu. Ləpələrdə qoyduğumuz hisslərimiz bəzən bizim kim olduğumuzu ifadə edir. Demədiyimiz, söyləmədiyimiz nəğmə tək səslənər, ləpələrin dilindən.

   Susarsan, dinləyərsən. Ləpələrin bir biri ilə ötüşməsi sənə həyatını göstərər. Ruhunu təslim edərsən. Uzaqlardakı arzuların göz önündə canlanar. Ruhun uçar xəyallar aləminə. Özünü təslim edərsən susqun və coşqun dalğalara. Əslində heçnə anlamarsan. Ruhun sakitləşər, gözlərini yumub özünü dalğalara təslim etmək istərsən. Ən yaxşı o səni anlar sanarsan.

   Bəzən gördüyün işlər istəmədiyin kimi gedər. Bunun nəticəsində də düşünmədən ağzından çıxardığın sözlərlə saysız-hesabsız ürəklər qırıldı. Sənin bu sözlərinin qarşısında sükuta bürünənlər onlara lazım olan savablara nail oldular. Yenə sükutunu pozmaqla itirən sən sükuta sahib olmaqla qazanan başqaları oldu. Heç fərqinə varmadığın zamanlarda valideynlərinə qaytardığın cavabları sonradan öz övladlarından alaraq dərin bir xəncər yarası kimi hiss etdin ürəyinin başında. Özünü güclü görüb, özündən zəiflərin üzərinə səsini yüksəltdiyin zamanlar da oldu. Onların mənliyini, qürurunu ayaqlar altına altdın.  Sükutunu pozmaqla sükuta bürünənlərin qəlbinə toxundun.

   Məktəbdə, bağçada səs salıb, boşboğazlıq etdiyinə görə dəfərlərlə töhmət aldın. Bəlkə də çoxlarının arxasından danışıb onlarla insanın dəyərini düşürmüsən başqalarının yanında. Sən həmişə boş qab kimi çox səs çıxardın. Dolu qab olmadın ki, səsin az səda versin. Öz səsini boğub saxlaya bilmədin. Bilənlərin danışmadığını, danışanların bilmədiyini heç düşünmədin.

   Sənin bu dünyada ən böyük səhvin öz sükutunu pozmağın oldu. Ondan sonra sənin bütün qiymətin yoxa çıxdı. Sənə hər şey verildi amma sən heç nəyin qədrini bilmədin. Sağlıq verildi, sənin sağlığına zərər verən qidalarla bəsləyib məhv etdin. Gənclik verildi, vaxtını boş işlərlə keçirib qocalığında ahuzar etdin. Var-dövlət verildi, onları cəhənnəmi qazandıracaq haramların işlənməsinə xərclədin. Cənnəti qazanmağın açarı olan namaz sənə pulsuz təqdim olunsa da yanaşmadın o xeyirli əmələ. Sənə verilənlərin qiymətini verildiyi zaman deyil onları itirdiyin zaman bildin. Verilən nemətlərin qədrini bilmədiyin üçün də bir-bir alındı əlindən.

   Heç bir zaman torpağın altındakı bir təkliyin səni səbirsizliklə gözlədiyini düşünmədin. Bir gün əməllərinlə baş-başa qalacağını ağlından belə keçirmədin. Elə bildin ki, bu dünyada sənə can deyənlər sən öləndə də sənin yanında olacaqlar. Elə olmadı tam əksinə üzərinə torpaq atmaqda yarışdılar bir-birilərilə. Mollanın son sözüylə tərk etdilər məzarının üzərini. Sükuta bürünmüş daşların arasında sən də öz səsizliyini axtarmağa başladın. Dünyada olarkən bu sükuta bürünmüş qəbir daşlarının hayqırışını duyub anlamazdın, amma indi özün sükutunla səs salmaq istəyirdin məzarını ziyarət edənlərin qulaqlarına. Nə yazıq ki, onlar da sənin kimi analamırdılar bu ibrət dərsini. Onlar hardan bilərdilər ki, hər sükuta bürünmüş bir daş parçası belə bizə nəisə demək, nəinsə həqiqətini bizə açmaq istəyir.

    Sən nə qədər də öz sükutunu qoruyub saxlaya bilməsən də bir gün İlahi hikmətlə sükuta bürünəcəksən. Qara torpağın  altında danışmaq istəsən də alınmayacaq. Onda yeni bir həyat başlayacaq, kimlərsə üçün sakit və sükuta bürünmüş cənnət həyatı, kimlərsə üçünsə səsli-sədalı alovlara qərq olan cəhənnəm.

   Bu da sözün özü:

   Yoxdursa əgər qəlbində zərrə qədər haqqa iman,

   O zaman öl yerə gir, sənə verilən haqdan utan....

 

 

Tecox component by www.teglo.info