Mübariz ƏLİOĞLU\ ALLAHA QUL, RƏSULUNA ÜMMƏT OLMA ŞƏRƏFİ

Çap

17.12.13 11:48 ərzində olan dəyişikliklər Yazan redaktor 17.12.13 11:39

Share

     Uca Allah Qurani-Kərimdə belə  buyurur: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır).

     Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!" (Ali-İmran, 96-97).

     Daha bir həcc mövsümü başa çatdı. Müsəlman aləmində Uca Allahın təqdiri ilə bu işə gücü yetənlər həcc ibadətini yerinə yetirdilər. Rəhmət və bərəkət əsintilərinin tüğyan etdiyi diyardan böyük duyğularla ayrıldılar. Bu ayrılışla, bu qayıdışla sayı artıq bir milyard beş yüz milyona çatan əqidə və din qardaşlarını, bacılarını və inancından asılı olmayaraq bütün insanları həcc əməlinin zahiri və batini həqiqəti ilə tanış etmək imkanını qazandılar. Eyni zamanda bu şərəfli missiyanı yerinə yetirən hər bir müsəlmanı düşündürməli olacaq sual da öz layiqli cavabını axtarmaqdadır. Həcc ibadəti Muhəmməd (s.ə.s) ümmətinə və ümumən insanlığa nəyi qazandırdı?

     Hz. Muhəmməd (s.ə.s) hədislərində: "Kim bu beytə (Kəbəyə) gəlib, pis söz söyləməz və günah işləməzsə, anasından doğulduğu gün kimi günahlardan arınmış olaraq geri dönəcək" (Müslim, Həcc, 438) və "Həcc ilə ümrənin arasını birləşdirin. Çünki onlar kasıblığı və günahları aparır. Körüyün dəmir, qızıl və gümüşdən pası apardığı kimi. Məbrur (qəbul edilmiş) bir həccin savabı mütləq cənnətdir" (Tirmizi, Həcc, 2)- deyə vurğulaması həcc ibadətinin insan taleyində oynadığı müstəsna rolunu daha qabarıq şəkildə göstərir. Bununla birlikdə, hələ sağlığında ikən həyata qabarıq şəkildə həcc ibadətində Allah Rəsulu Rəbbimizə olan qulluq mükəlləfiyyətini zədələyəcək və ümmətin bütövlüyünə xələl gətirəcək məqamları öz müraciətində dönə-dönə təkrar edərək bunun bütün müsəlmanların yaddaşlarında daima diri qalması üçün çalışmışdır. Bu nəbəvi tövsiyələr yalnız yerinə yetiriləcəyi təqdirdə müsəlman ümmətinin dağınıq və siyasi-iqtisadi həyata qarşı mövqeyini canlandıra və müsəlmanları dünyada söz sahibi edə bilər. Rəsulullah (s.ə.s) Ərəfatda yetişdirmiş olduğu səhabə nəslinə və ümumən də qiyamətə qədər gələcək ümmətinə yönələrək bunları söyləmişdir: "Qanlarınız, mallarınız bir-birinizə bu günümüzdəki hörmət kimi, bu ayınızdakı hörmət kimi, bu diyardakı hörmət kimi haramdır".

     İslam dövlətinin yerləşmiş olduğu coğrafi ərazilərdə- Liviyada, Misirdə, Suriyada, Livanda, İraqda, Əfqanıstanda, Pakistanda, Yəməndə, Afrikanın bir çox İslam dövlətlərində müsəlmanların iştirakı ilə yaşanan qanlı faciələrdə "Qanlarınız və mallarınız bir-birinizə haramdır" prinsipi kobudcasına pozulmaqdadır. Maraqlı qüvvələrin böyük iştaha ilə qızışdırdığı bu qarşıdurmalarda Rəsulullahın: "Məndən sonra bir-birinizin boynunu vuran kafirlərə bənzəməyin" (Buxari, Elm, 43) xəbərdarlığı mənliyimizi silkələyərək oyatmalıdır.

     Rəsulullah davam edir: "Cahiliyyədən qalma hər cür adət və mərasimlər ayağımın altındadır, qaldırılmışdır. Cahiliyyədən qalma qan davası da qaldırılmışdır".

     İnsaf naminə söyləyək, sünnətə görə 3 gündən artıq olmayan matəmləri ehtişamlı biri, üçü, yeddisi, cümə axşamları, qırxı, əlli ikisi, qara bayramı, ili və s. və i. olaraq Rəsulullahdan fərqli başımızın üstünə qaldıraraq ifrata varan bir eybəcərliklə keçirməyimizi hansı nəbəvi təlimat bizə diqtə etməkdədir? Bu lazımsız əməllərə xərclənən vəsaitləri İslam ümmətinin yaralı problemlərinin həllinə yönəltməyimiz nəinki dirilərə, eyni zamanda savabı bağışlayacağı təqdirdə ölülərə də xeyir verəcək bir bərəkət ola bilər. Rəsulullah davam edir: "Cahiliyyədən qalma riba (faiz) da qaldırılmışdır. İlk qaldırdığım riba Abbas bin Əbdülmüttəlibin ribasıdır. Onun hamısı qaldırılmışdır".

     Bu barədə Uca Allah Qurani-Kərimdə belə buyurur:

     "Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!" (Bəqərə, 275-276).

     Faizin nüfuz etmədiyi hər hansı bir sahənin qalmadığı indiki zamanda bu bəlanın həm müsəlman, həm də qeyri-müsəlmanlara verdiyi maddi və mənəvi zülm göz qabağındadır. Təbiidir ki, insanlıq aləmi ilahi xəbərdarlığın mənliyimizi silkələyəcək həyəcanverici təsiri altında bu bəladan qurtulmağın yollarını aramağa məhkumdur.

     Yuxarıda söylənənləri nəzərə alsaq, həcc ibadəti bizlərə nəyi verdi sualına belə cavab verə bilərik: "Əgər haqsız tökülən qanları aradan qaldıraraq müsəlmanın müsəlmana qanı, malı haramdır prinsipini ümmətin  ən ümdə prinsipinə çevirə bilsək, əgər mənəviyyatımızı məişətimizi sarmış olan cahiliyyə adətlərini tərk edə bilsək, əgər riba və ya günümüzdəki adı faiz olan rəzillikdən qurtula bilsək, insanların və məxluqatın haqlarını gözləyə bilsək, ən əsası Rəsulullahın bizə əmanət etdiyi Allahın kitabına və sünnəsinə əməli olaraq sarıla bilsək, həcc ibadətinin bizlərə vermək istədiyi Allaha həqiqi qul və Onun rəsulu Muhəmmədə (s.ə.s) ümmət olma şərəfini əldə edə bilərik. Qullarına mərhəməti sonsuz olan Allahın şanı necə də ucadır: "(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!" (Əraf, 158).

Tecox component by www.teglo.info